AZ

“Bir millət, iki dövlət”dən “bir ordu, iki dövlət”ə: Türk dünyasının hərbi strategiyası

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Prezident İlham Əliyev ötən il Ermənistanın dövlət büdcəsində hərbi xərclərə 20 faizdən də artıq pay ayırması ilə bağlı ciddi mesajlar vermişdi. Artıq aydın idi ki, Ermənistan silahlanma yarışına qoşulub, müxtəlif dövlətlərə üz tutaraq həm maliyyə, həm də hərbi dəstək axtarır. Avropanın bəzi dairələri də bu prosesə müəyyən stimul verir, maliyyə ayırır, Ermənistan isə müxtəlif ölkələrlə müqavilələr bağlayaraq silahlanmanı sürətləndirirdi”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan ehtiyyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov bildirib ki, xüsusilə o dövrdə Ermənistanda revanşist fikirlərin güclənməsi, bəzi Avropa ölkələrinin – o cümlədən Fransanın bu proseslərə dolayısı ilə dəstək verməsi vəziyyəti daha da həssas edirdi. Bütün bunlar faktiki olaraq Azərbaycana qarşı yönəlmiş siyasətin tərkib hissəsi kimi görünürdü. Prezident İlham Əliyev də həmin vaxt vurğulamışdı ki, əslində bu vəsaitlərin böyük hissəsini sosial rifaha yönəltmək daha məqsədəuyğun olardı. Amma mövcud vəziyyət buna imkan vermirdi. Azərbaycan məcburiyyət qarşısında qalaraq müdafiə və təhlükəsizlik sahəsinə ayrılan vəsaiti artırdı. Bu qərar hansısa istəkdən deyil, yaranmış geosiyasi reallıqlardan doğurdu. Çünki qarşı tərəf hələ də silahlanma kursunu davam etdirir və sülhə real addımlar atmırdı. Bununla belə, sonrakı mərhələdə sülh müqaviləsi istiqamətində müəyyən irəliləyişlər müşahidə olundu və proseslər tədricən fərqli istiqamətə yönəldi.

Şair Ramaldanov

“Bu gün artıq dünya başqa mərhələdədir. Dövlətlərin bir qismi öz təhlükəsizliyini təmin etmək üçün silahlanır və bunu müəyyən mənada təhlükəsizlik zəmanəti kimi qiymətləndirmək olar. Amma elə ölkələr də var ki, silahlanmanı təcavüz alətinə çevirir. Məhz bu məqam silahlanmanın təhlükəli tərəfini ortaya qoyur və yeni müharibələrə zəmin yaradır.

Bugünkü reallıq ondan ibarətdir ki, qlobal proseslər silahlanmanı zərurətə çevirir. Nə qədər çətin və arzuolunmaz olsa da, təhlükəsizlik məsələsi birinci plana keçir. Təhlükəsizliyini təmin edə bilən dövlət öz müstəqilliyini də qorumağı bacarır. Bu baxımdan Azərbaycan öz siyasətində balansı qorumağa çalışır”-deyə polkovnik bildirib.

Vətən müharibəsi zamanı Türkiyə və Pakistan kimi dost ölkələrin mənəvi və siyasi dəstəyi Azərbaycanın mövqeyini beynəlxalq müstəvidə gücləndirdi, təzyiqləri minimuma endirdi. Azərbaycan isə öz haqq işini həm ordusunun gücü, həm də xalqın birliyi hesabına təmin etdi və qələbə qazandı.

Şair Ramaldanov qeyd edib ki, bu gün həmin siyasət davam etdirilir. Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi artıq münasibətləri yeni mərhələyə daşıyıb. Ordu quruculuğu sahəsində əməkdaşlıq daha da dərinləşir, birgə təlimlər intensiv xarakter alır. Bu münasibətlər artıq “bir millət, iki dövlət” prinsipindən hərbi müstəvidə “bir ordu, iki dövlət” anlayışına doğru inkişaf edir.

Polkovnik qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, Türk dünyası ilə səmimi və etibarlı əməkdaşlıq bu gün daha böyük əhəmiyyət daşıyır. 2026-cı ilin Türk dövlətlərinin birgə hərbi təlimlər ili kimi təklif edilməsi də bu strategiyanın davamıdır. Bütün bunlar gələcək risklərin qarşısını almaq, təhlükəsizliyi daha dayanıqlı etmək məqsədi daşıyır.

“Sonda isə reallıq dəyişmir: bu gün dünyada “sülh istəyirsənsə, müharibəyə hazır ol” prinsipi yenidən aktuallaşıb. Təəssüf doğursa da, bu, mövcud geosiyasi mühitin diktə etdiyi həqiqətdir. Güclü ordu, güclü dövlət deməkdir. Öz müstəqilliyini və suverenliyini qorumaq istəyən ölkə üçün isə bu, sadəcə seçim deyil — zərurətdir”-deyə Şair Ramaldanov vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
54
icma.az

1Mənbələr