Azərbaycanda xarici diplomatların şəxsi baqajına tətbiq edilən gömrük güzəştlərinin bir hissəsinin ləğvi təklif olunur. Bu dəyişiklik Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan Gömrük Məcəlləsinə düzəlişlərdə əksini tapıb.
Layihəyə əsasən, xarici dövlətlərin diplomatik nümayəndəlik rəhbərləri, diplomatik heyətin üzvləri və onların ailə üzvlərinin şəxsi baqajlarının gömrük baxışından azad olunması ilə bağlı mövcud norma ləğv edilir.
Eyni zamanda sənəddə qeyd olunur ki, diplomatik nümayəndəliklərin inzibati-texniki və xidmətçi heyəti, eləcə də onların ailə üzvləri (Azərbaycan vətəndaşı olmadıqda və ölkədə daimi yaşamırsa) şəxsi istifadə üçün malları gömrük ödənişlərindən azad şəkildə ölkəyə gətirə biləcəklər.
Dəyişikliklərə görə, bu kateqoriyaya aid şəxslər üçün gömrük güzəştləri yalnız qarşılıqlılıq prinsipi əsasında tətbiq olunacaq və güzəştlərin həcmi konkret qaydalarla müəyyən ediləcək.
Hazırkı qanunvericiliyə əsasən, diplomatların böyük hissəsi şəxsi əşyalarını gömrük rüsumu və baxış prosedurundan azad şəkildə ölkəyə gətirə bilirdi. Təklif olunan dəyişikliklər bu sahədə nəzarətin gücləndirilməsinə və beynəlxalq praktikaya uyğunlaşdırılmasına yönəlib.
Gülnar Nazimqızı