Dövlət Sərhəd Xidmətinin “Şəmkir” sərhəd dəstəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) nümayəndələri ilə şəxsi heyətin görüşü təşkil olunub.
Bu barədə Publika.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Görüşün keçirilməsində əsas məqsəd hərbi qulluqçular arasında hüquqi maarifləndirmə işinin gücləndirilməsi, onların hüquq və vəzifələri barədə məlumatlılığın artırılması olub.
Çıxışlarda belə görüşlərin şəxsi heyətin hüquqi biliklərinin inkişafında mühüm rol oynadığı, dövlət tərəfindən insan hüquqlarının qorunmasına xüsusi önəm verildiyi xüsusi vurğulanıb.
Ombudsman Aparatının nümayəndələri şəxsi heyətə qurumun fəaliyyəti, əsas funksiyaları və vətəndaş müraciətlərinə baxılması mexanizmləri barədə ətraflı məlumat verib, Ombudsman institutunun ölkədə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mühüm rol oynadığını, eyni zamanda hərbi qulluqçuların hüquqlarının təmin olunması məsələlərini daim diqqət mərkəzində saxladığını qeyd ediblər.