ain.az bildirir, Azertag portalına istinadən.
London, 29 aprel, AZƏRTAC
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyada təhsil alan azərbaycanlı gənclərdən biri də Azadə İmranzadədir. O, hazırda Londonda yerləşən nüfuzlu ali təhsil ocaqlarından biri olan London Universitet Kollecində (UCL) biznes analitikası üzrə magistratura təhsili alır.
AZƏRTAC-a müsahibəsində Azadə İmranzadə bildirib ki, bundan əvvəl Azərbaycanda “Azercell” və “SOCAR Downstream” kimi iri şirkətlərdə insan resursları sahəsində müxtəlif vəzifələrdə çalışıb. Onun sözlərinə görə, data analitikasına marağı bir neçə ildir formalaşıb və bu istiqamətdə karyera keçidini daha sürətli həyata keçirmək üçün həm nəzəri, həm də praktiki baxımdan güclü proqramları araşdıraraq UCL-də biznes analitikası ixtisasını seçib.
-Bu ixtisası necə seçdiniz?
-Mən 2022-ci ildən bəri data analitik, daha sonra isə data elmi üzrə mütəxəssis olmaq istəyirdim, lakin Azərbaycandakı təhsilim həm bakalavriat, həm də magistratura üzrə idarəetmə ilə bağlı idi. Təcrübəmi və öncəki təhsilimi nəzərə alaraq seçə biləcəyim ixtisaslara nəzər yetirdim və biznes analitikası mənim üçün elə “nöqtə atışı” idi, çünki bu təhsil mənə artıq data elmi üzrə lazım olan bilik və bacarıqları təmin edirdi.
-UCL-də təhsil təcrübəniz barədə danışardınız.
-Mənim təhsil aldığım ixtisas olduqca çətin, həm də çox maraqlı ixtisasdır. Bizə professorlarımız yalnız data analitik olmaq üçün lazım olan nəzəriyyəni deyil, həmçinin süni intellektin incəliklərini, onu necə bizə faydalı şəkildə istifadə edə biləcəyimizi və nələrə diqqət etməli olduğumuzu bildirir. Professor və tədris heyəti ümumilikdə daima dəstək verir və motivə edir, lakin ən böyük yük hər zaman ən sonda tələbələrin üzərinə düşür.
-Londonda tələbə həyatı sizin üçün necə keçir? Bu şəhər sizə hansı imkanları təqdim etdi?
-London insanın qarşısına bir çox fürsətlər çıxara biləcək, müxtəlif mədəniyyətləri və fəaliyyətləri təcrübə etmək imkanı verəcək bir şəhərdir. Müxtəlif millətlərdən dostlar tapmaq, mətbəxləri dadmaq, idman və digər tədbirlərdə iştirak etmək kimi fərqli imkanlardan yararlanmaq fürsəti əldə etdim. Ən maraqlı tərəflərdən biri isə Londondan uzaqlaşmadan təbiətdən zövq almaq imkanı idi.
-Siz “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində təhsil alırsınız. Proqram çərçivəsində təhsil almaq sizə hansı imkanları yaratdı? Xaricdə təhsil sizə şəxsi və peşəkar baxımdan hansı bacarıqları qazandırdı?
-Mən 7 illik bir iş həyatından sonra yenidən tələbə olmaq imkanını əldə etdim və bunu dünyanın “Top 10” universitetlərindən birində yaşayıram. Bu təhsil sayəsində illərdir arzuladığım karyera hədəfinə doğru artıq daha özgüvənli və rahat irəliləmə imkanı əldə edirəm. Həmçinin qeyd etdiyim kimi, Londonda bu təhsili almaq mənə müxtəlif millətlərlə ünsiyyətdə olmağı, bir komandada çalışmağı, təcrübələr qazanmağı, beynəlxalq müəssisələrin çalışma prinsipləri ilə yaxından tanış olmaq imkanını yaratdı.
-Təhsil müddətində qarşılaşdığınız çətinliklər nələr idi və onları necə aradan qaldırdınız?
-Mənim magistratura təhsilim zamanı qarşılaşdığım ən böyük çətinlik ixtisasımın olduqca texniki və kompleks ixtisas olması idi. Təhsil müddətində demək olar ki, bütün vaxtımız təhsillə bağlı məsələlərə gedir və iş-həyat balansı olmurdu. Daha çox düzgün vaxt planlaması, fiziki fəaliyyətlərə və idmana davam etmə və ən əsası qrup yoldaşlarımla birgə vaxt keçirərək bunun təsirlərini azalda bildim.
-Gələcək karyera planlarınız nələrdir? Özünüzü hansı sahədə və ya hansı vəzifədə görürsünüz?
-Mən data elmi, süni intellekt və ya maşın öyrənilməsi istiqamətlərində çalışmağı düşünürəm. Bu, həm özəl, həm də dövlət sektorunda olduqca önəmli sahədir. Daha çox təhsil zamanı öyrəndiklərimi tətbiq edib daha da inkişaf etmək istəyirəm.
- Dövlət proqramı ilə xaricdə təhsil almaq istəyən gənclərə hansı tövsiyələri verərdiniz?
- Ən vacib tövsiyəm ixtisas seçimini dərindən araşdırmalarıdır. Seçim etməzdən əvvəl həmin universitetin heyəti və ya məzunları ilə əlaqə saxlayıb birbaşa təcrübələrini öyrənmək çox faydalıdır. Unutmayın ki, eyni ixtisas müxtəlif universitetlərdə fərqli metodlarla tədris olunur və proqramlar arasında ciddi fərqlər ola bilər.
Bundan əlavə, yaşayacaqları şəhər və ölkənin onların xarakterinə uyğunluğu da mühümdür. İnsan özünü harada xoşbəxt və hüzurlu hiss edəcəyini öncədən analiz etməlidir. Xüsusilə sosial aktiv gənclərə tövsiyə edirəm ki, getməzdən öncə orada yeni əlaqələr (networking) qursunlar; bu, adaptasiya prosesində onlara böyük dəstək olacaq.
- Təhsilinizi başa vurduqdan sonra Azərbaycanda fəaliyyət göstərmək planlarınız varmı? Ölkəmizə hansı töhfələri verməyi düşünürsünüz?
- Bəli, əsas hədəfim qazandığım bilikləri ölkəmizdə tətbiq etməkdir. Mənim fəaliyyət sahəm müəssisələr üçün gələcəyi proqnozlaşdırmaq, anomaliyaları aşkar etmək və dataya əsaslanan qərarvermə prosesini dəstəkləmək üzərində qurulub.
Hesab edirəm ki, bu yanaşmalar düzgün tətbiq olunarsa, ölkə iqtisadiyyatının müxtəlif prioritet istiqamətlərində ciddi optimallaşdırma aparmaq, trendləri düzgün oxumaq və proqnozlaşdırma vasitəsilə daha effektiv planlama qurmaq mümkündür. Məqsədim bu innovativ həllərlə dövlət və özəl sektorun inkişafına töhfə verməkdir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.