AZ

Gömrük Məcəlləsində yeniliklər: rəqəmsallaşma və ticarətin asanlaşdırılması gündəmdə

Bakı, 29 aprel, AZƏRTAC

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.

AZƏRTAC xəbər verir ki, qanun layihəsi gömrük qanunvericiliyinin tətbiqi praktikasında ortaya çıxan məsələlərin tənzimlənməsi, gömrük fəaliyyətinin müasir dövrün tələbləri və qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi, bu sahədə rəqəmsal həllərin tətbiqi, xarici ticarətin asanlaşdırılması, xarici ticarət fəaliyyəti iştirakçılarının hüquqlarının və maraqlarının qorunması məqsədilə, eləcə də məcəllənin qəbulundan keçən müddət ərzində dünya iqtisadiyyatında baş verən dəyişikliklərin və inkişafın milli qanunvericilıikdə əks etdirilməsi zərurəti nəzərə alınmaqla hazırlanıb.

Qanun layihəsi üzrə dəyişiklik və əlavələr gömrük qanunvericiliyinin əksər norma və müddəalarını (tənzimləmə sahəsini) əhatə edir. Layihənin geniş tənzimləmə predmetini nəzərə alaraq, onların bəziləri aşağıdakı tezislər şəklində təqdim olunur:

- Bir sıra yeni anlayışların müəyyən edilməsi, bəzi anlayışların isə yeni məzmunda müəyyən edilməsi. Bu məqsədlə qanun layihəsinin 1-ci, 2.1-ci və 2.2-ci maddələri yeni redaksiyada verilir. Bu tətbiq zamanı normaların düzgün təfsirinə xidmət edirsə, digər tərəfdən məcəllənin mətnində istifadə olunan yeni anlayışlardan irəli gəlir;

- Qüvvədə olan digər qanunvericilik aktlarının tələblərinin məcəllənin mətnində nəzərə alınması. Bununla da “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun, “Lisenziyalar və icazələr haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “Fərdi məlumatlar haqqında” , “İnzibati icraat haqqında”, “Avtomobil nəqliyyatı haqqında”, “Qida təhlükəsizliyi haqqında” qanunların və digər qanunların müddəaları ilə məcəllənin mətninin uzalaşdırılması və həmin qanunların tələblərinin gömrük fəaliyyətində nəzərə alınması təmin ediləcəkdir;

- Gömrük orqanlarının strukturuna dair müddəaların təkmilləşdirilməsi, gömrük orqanları üçün bir sıra vəzifələrin və hüquqların müəyyən edilməsi. Belə ki, gömrük orqanlarına xarici ticarət iştirakçısı gömrük borcunu ödəmədikdə, gömrük borcunun ödənilməsini təmin etmək üsulu kimi xarici ticarət iştirakçısı olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ verilir, eləcə də bu əsaslar aradan qalxdıqda həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək hüququ verilir;

- Hazırda digər dövlətlərin gömrük xidmətləri ilə malların idxalı və ixracı sahəsində məlumatların mübadiləsi nəzərdə tutulursa, bu mübadilənin malların tranzitinə də şamil edilməsi. Bu ölkəmizin ərazisindən yüklərin tranzit daşınmasının sürətlənməsinə xidmət edəcək;

- Səyyar gömrük auditinin nəticələri haqqında aktlar və müvafiq qərar barədə 3 iş günü ərzində barəsində gömrük auditi aparılan şəxsə məlumatın təqdim edilməsi. Bu vəzifənin müəyyən olunması gömrük orqanlarının inzibati icraat çərçivəsində hərəkətlərinin qanuni və əsaslı aparılmasında məsuliyyətinin artmasına, şəxslərin həmin hərəkətlərə qarşı mümkün hüquqi müdafiə vasitələrindən istifadəsinə imkanları artırır;

- Gömrük təmsilçiliyinin yenidən instututlaşdırılması, o cümlədən təmsilçilik imkanlarının liberallaşdırılması. Bu çərçivədə “gömrük brokeri” anlayışı “dolayı gömrük təmsilçiliyi” ilə əvəz edilir.

Müxbir - Tərgül Babayeva
Fotoqraf - Aydın Məmmədov
Seçilən
33
azertag.az

1Mənbələr