
Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində yerləşən 3 nömrəli Şəhər Xəstəxanası boşaldılır.
AFN.az Trend-ə istinadən xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Elnur Hidayətoğlu məlumat verib.
Onun sözlərinə görə, xəstəxananın boşaldılmasının səbəbi binanın qəzalı vəziyyətdə olmasıdır: "1916-cı ildə inşa olunmuş tarixi tikilinin bir sıra konstruktiv elementlərində uzunmüddətli istismar nəticəsində aşınma halları müşahidə olunub. Bu səbəbdən də binada fəaliyyət göstərən xəstəxananın mərhələli şəkildə köçürülməsinə başlanılıb".
Vətəndaşların ilkin tibbi xidmətə olan ehtiyacının operativ qarşılanması məqsədilə xəstəxananın həyətindəki ayrıca binada yerləşən Poliklinika şöbəsi və laborator xidmətlər əvvəlki qaydada fəaliyyətini davam etdirəcək.
TƏBİB rəsmisi qeyd edib ki, bu tədbirlər səhiyyə infrastrukturunun yenilənməsi və vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədinə xidmət edir.