AZ

İnternet insanları PSİXİ xəstəyə çevirib İDDİASI – İki BAXIŞ

ABŞ Prezidenti Donald Tramp müasir texnologiyaların və internetin insan psixologiyasına və cəmiyyətə təsiri barədə maraqlı fikirlər səsləndirib. O, internetin insanları radikallaşdırdığını və onları “psixi xəstə” vəziyyətinə saldığını bəyan edib.

Trampın sözlərinə görə, bəşəriyyət internetlə birlikdə əvvəlki dövrlərlə müqayisədə tamamilə fərqli bir dünyada yaşayır. O qeyd edib ki, əvvəllər də dünya təhlükəli olub, lakin indiki dövrdə internet bəzi insanları hər şeydən daha çox radikallaşdırmaq gücünə malikdir. Prezident eyni zamanda, texnologiyanın müsbət tərəflərinə də toxunaraq, interneti “fenomenal və möhtəşəm bir vasitə” adlandırıb. Həmçinin, vurğulayıb ki, güclü liderlik və Süni İntellekt (Sİ) sahəsindəki üstünlüklə bu texnologiya əla bir imkana çevrilə bilər, lakin buna baxmayaraq, problemlər yenə də qaçılmaz olacaq. "Bu, tamamilə başqa bir epoxa, fərqli bir zamandır”, - ABŞ lideri əlavə edib.

Hazırda ABŞ administrasiyasının internet təhlükəsizliyi və psixi sağlamlıqla bağlı yeni tənzimləmələr hazırladığı bildirilir.

“Peşəkar

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Musavat.com-a açıqlamasında bildirib ki, insanların internet dünyasındakı sərbəstliyini məhdudlaşdırmaq çətin prosesdir, amma mümkünsüz deyil: “Hər hansı qadağalar qanunla tənzimlənirsə, bu, mədəniyyəti formalaşdıracaq. İnterneti yaradan və inkişaf etdirən insanlar istifadəçilərin də onlar qədər ağıllı olduqlarını düşündülər. İnsanların psixoloji immuniteti yaranmadı, yəni bu proses inkişaf etmədi.

Artıq informasiya insanları idarə edir. Psixoloji immuniteti olmayan və ya aşağı olan insanlarda “psixoz” halı qaçılmazdır. İnternet dünyasında insanlar real həyatdan qopdular. Bu da onları cinayət təfəkkürünə sürükləyir. Müşahidə zamanı aydın olur ki, radikal və ekstremist fikirlər internet vasitəsilə daha çox insanları öz təsiri altına salır. ABŞ Prezidenti Donald Tramp haqlıdır. Elmdən uzaq olan, amma elm adı altında fəaliyyət göstərən “ekspertlərlə” bağlı hüquqi və sərt qaydalar tətbiq edilməlidir. Məktəblərdə uşaqlara rəqəmsal dünya ilə bağlı dərslər tədris olmalıdır. Hüquqi və psixoloji dərslər keçirilməlidir. Dövlət və özəl müəssisələrin əməkdaşları arasında da hüquqi və psixoloji maarifləndirmə işləri aparılmalıdır.

İnternet dünyasında şantaj, manipulyasiya, cinsi qısnama və intihara təhrik kimi cinayətlər artmaqda davam edir. Kibertəhlükəsizlik həm də kiber sağlam düşüncə deməkdir. İstər virtual, istərsə də real həyatda insanların cinayətkar düşüncə və davranışlarına qarşı qanunlar sərt olmalıdır”.

Nigar Həsənli,
Musavat.com

Seçilən
43
musavat.com

1Mənbələr