AZ

Prezidentin görüşləri niyə məhz Qəbələdə keçirildi? -AÇIQLAMA

"Prezident İlham Əliyev son 1 həftə ərzində Ukrayna Prezidenti və Çexiyanın Baş naziri ilə özəl görüşlər keçirdi. Keçirilən görüşlərin hə ikisi də Qəbələdə təşkil olundu. Bunu təsadüf kimi də qiymətləndirmək olar, lakin burada müəyyən praktik əsasların da olduğu görünür".

Bunu Redaktor.az-a açıqlamasında politoloq İlqar Vəlizadə dövlət başçısının son qəbullarını Qəbələdə keçirməsindən danışarkən bildirdi.

Onun sözlərinə görə, xüsusilə Ukrayna Prezidenti Volodimir Zelenski ilə bağlı məqam diqqət çəkir:

"Zelenski təxminən 9 il əvvəl Azərbaycana səfəri zamanı məhz Qəbələdə olub və ölkədən çox müsbət təəssüratlarla ayrılıb. Qəbələdə keçirdiyi görüşlər, səfər çərçivəsində Azərbaycanın təamları və adət-ənənələri ilə tanış olması onda xüsusi emosiyalar yaradıb. Hətta o, bu təəssüratlarını sonradan sosial şəbəkələrində də bölüşüb, şəkillər paylaşıb və statuslar yazıb. Bu gün isə Zelenskinin gərgin iş rejimi fonunda səfərin məhz Qəbələdə təşkil olunması Azərbaycan tərəfinin xoş niyyətinin göstəricisi kimi qiymətləndirilə bilər. Yəni Azərbaycan bir daha göstərməyə çalışır ki, Azərbaycan-Ukrayna münasibətləri təkcə siyasi və iqtisadi maraqlara deyil, eyni zamanda emosional bağlara da əsaslanır. Çox güman ki, rəsmi proqramdan sonra Zelenski bir müddət Qəbələdə qalaraq əvvəlki səfərindən qalan xatirələri yenidən canlandırıb və bu da onun Azərbaycanla bağlı müsbət təəssüratlarını daha da gücləndirib".

Politoloqun sözlərinə görə, bu cür məqamlar təbii ki, Azərbaycan-Ukrayna münasibətlərinə də müsbət təsir göstərir:

"Çünki liderlər arasında formalaşan şəxsi və emosional münasibətlər beynəlxalq əlaqələrdə mühüm rol oynayır. Çexiyanın Baş nazirinin Qəbələdə keçirdiyi görüşlərə gəldikdə isə, düşünürəm ki, Qəbələ ümumiyyətlə Azərbaycanın ən gözəl guşələrindən biridir. Təkcə Bakıda deyil, belə bölgələrdə görüşlərin təşkili münasibətlərin daha səmimi mühitdə qurulmasına şərait yaradır. Qəbələdə dəfələrlə irimiqyaslı sammitlər keçirilib, yüksək səviyyəli ikitərəfli görüşlər baş tutub. Bu baxımdan, məkan həm siyasi hadisələrin, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün əlverişli hesab olunur".

Müsahibimiz əlavə etdi ki, Qəbələdə bütün zəruri infrastruktur mövcuddur.

"Beynəlxalq hava limanı fəaliyyət göstərir ki, bu da qonaqların birbaşa Qəbələyə gəlməsinə imkan yaradır. Eyni zamanda müasir yollar, yüksək səviyyəli hotellər və əlverişli şərait mövcuddur. Üstəlik, Qəbələnin təbii gözəlliyi və ekoloji mühiti də bu məkana əlavə üstünlüklər qazandırır. Bütün bunlar Qəbələni mühüm siyasi və beynəlxalq tədbirlərin keçirilməsi üçün uyğun bir məkana çevirib. Digər vacib məqam isə Qəbələnin tarixi əhəmiyyətidir. Qəbələ qədim Qafqaz Albaniyasının paytaxtı olub. Bu baxımdan, burada həm siyasi, həm geosiyasi, həm də tarixi ənənələrin mövcudluğundan danışmaq mümkündür. Bu amil də Qəbələnin simvolik əhəmiyyətini artırır.

Əlbəttə, Azərbaycanın paytaxtı Bakı şəhəridir və bütün inzibati orqanlar burada fəaliyyət göstərir. Eyni zamanda mədəni paytaxtımız Şuşa şəhəridir. Lakin tarixi baxımdan Qəbələ də ölkənin önəmli mərkəzlərindən biri kimi çıxış edir. Bu tarixi və simvolik status bu gün də müxtəlif tədbirlərin məhz burada keçirilməsi ilə özünü göstərir", - deyə İ.Vəlizadə yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Seçilən
24
1
redaktor.az

2Mənbələr