AZ

Almaniyada Rusiya casusları yaxlanıb Ukraynaya yardım, dəmir yolları hədəfdə olub

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

Almaniyada Rusiya xüsusi xidmət orqanlarının xeyrinə casusluqda şübhəli bilinən Qazaxıstan vətəndaşı həbs edilib. Onun adı tam açıqlanmasa da, sənədlərdə “Sergey K.” kimi qeyd olunur.

Almaniya Baş Prokurorluğunun məlumatına görə, şübhəli Federal Cinayət Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məhkəmənin onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərarı bu gün - 29 apreldə veriləcək.

İstintaq materiallarına əsasən, Sergey K.-nın ən azı 2025-ci ilin may ayından etibarən Rusiya xüsusi xidmət orqanları ilə əlaqə saxladığı və onlara məlumat ötürdüyü iddia olunur. Bu məlumatların Almaniyanın Ukraynaya hərbi yardımı və ölkənin müdafiə sənayesinin vəziyyəti ilə bağlı olduğu bildirilir. Xüsusilə dron və robot texnologiyaları istehsal edən şirkətlər maraq dairəsində olub.

Prokurorluq həmçinin iddia edir ki, şübhəli Almaniyanın avtomobil yollarında hərbi kolonları, o cümlədən NATO ölkələrinə məxsus konvoyları və Berlində dövlət binalarını fotoşəkil çəkib. Bundan başqa, onun “Almaniyada diversiya üçün potensial hədəfləri müəyyənləşdirdiyi və əlavə şəxslərin şəbəkəyə cəlb edilməsini təklif etdiyi” qeyd olunur.

Hadisə ilə bağlı çərşənbə axşamı şübhəlinin mənzilində və istintaqa cəlb olunmayan daha bir şəxsin evində axtarış aparılıb. Axtarışların nəticələri barədə məlumat verilmir.

Eyni zamanda Almaniya hüquq-mühafizə orqanları başqa bir casusluq işi üzrə də araşdırma aparır. Şimali Reyn-Vestfaliya ərazisində 43 yaşlı Litva vətəndaşının evində axtarışlar keçirilib. Onun diversiya məqsədli casusluqda şübhəli bilindiyi bildirilir.

Məlumata görə, istintaqa səbəb 2025-ci ilin sentyabrında Minden şəhəri yaxınlığında gizli kameranın aşkar olunması olub. Həmin cihaz dəmir yolu infrastrukturunun yaxınlığında quraşdırılıb və hərbi daşımalar da daxil olmaqla qatar hərəkətini izləyə bilib. Ərazidə Almaniya–Britaniya mühəndis batalyonunun bazası yerləşir və bu dəmir yolu qovşağı NATO-nun şərq cinahının gücləndirilməsi çərçivəsində hərbi texnikanın daşınmasında istifadə olunur.

Təhlükəsizlik xidmətləri istisna etmir ki, bu fəaliyyətlərin arxasında Rusiya xüsusi xidmət orqanları dayana bilər.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
58
azpolitika.info

1Mənbələr