Çərşənbə günü səhər saatlarında Çanaqqala (Dardanel) boğazında gəmilərin hərəkəti hər iki istiqamətdə tam dayandırılıb. Buna səbəb Rusiyadan Türkiyənin Kocaeli limanına doğru hərəkət edən Barbados bayraqlı “Zephyr Prosper” neft tankerində yaranmış texniki nasazlıq olub.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Sahil Mühafizəsi Xidməti tərəfindən məlumat yayılıb.
“Rusiyadan Kocaeli istiqamətində üzən 274 metr uzunluğundakı “Zephyr Prosper” neft tankerinin mühərrikində Kilitbahir kəndi yaxınlığında problem yaranıb. Hazırda üç buksir gəmisi tankerin təhlükəsizliyini təmin etmək üçün yardıma cəlb edilib. Təhlükəsizlik tədbirləri çərçivəsində boğazdan gəmilərin keçidi hər iki istiqamət üzrə müvəqqəti olaraq məhdudlaşdırılıb”.
Məlumata əsasən, sözügedən “Zephyr Prosper” tankeri 2004-cü ildə istifadəyə verilib. Gəminin ümumi uzunluğu 274.2 metr, eni 48 metr, dedveyti isə 150 min ton təşkil edir.
Xatırladaq ki, Türkiyənin Dardanel (Çanaqqala) boğazı Egey dənizini Mərmərə dənizinə, Bosfor boğazı vasitəsilə isə Qara dənizə bağlayan mühüm dəniz yoludur.