"Əsas risk qrupundan danışdığımız zaman ailə anamnezinə diqqət yetirməliyik. Ailə anamnezində əgər valideynlərdən anada və ya atada allergiya varsa, bu zaman risk 20-30 faiz artmış olur. Yox, əgər hər iki valideyn allergiyadan əziyyət çəkirsə, bu zaman risk 50-60 faizdir. Amma bu, heç zaman mütləq allergiya olacaq demək deyil. Lakin bu şəxslər daha meyilli hesab olunur və risk daşıyırlar".
Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva bildirdi.
Həkimin sözlərinə görə, yalnız genetik faktora deyil, doğuşdan uşaqlıq dövrünə, xüsusən erkən uşaqlıq dövrünə də diqqət yetirilməlidir:
"Atopik dermatit, ekzema, dəri töküntüləri, səpkilər yaşayan şəxslər həyatlarının gələcək dövrlərində allergiya şikayətləri və digər allergik xəstəliklərlə qarşılaşa bilirlər. Xüsusən buna biz atopik yürüş deyirik, yəni allergiyanın bir mərhələdən digər mərhələyə keçməsi nəzərdə tutulur. Belə ki, bu şəxslərdə gələcəkdə allergik rinit və ya astma ilə qarşılaşa bilərik. Bir də xüsusi steril şəraitdə yaşayan insanlar allergiyaya daha meyilli olurlar. Məsələn, uşaqlıq dövründən ətraf aləmlə çox əlaqəsi olmayan, steril şəraitdə böyüdülən şəxslər. Çünki immunitet sistemimizin də bir məşq etməyə ehtiyacı var. Biz uşaqlıq dövründən müəyyən qədər allergenlərlə qarşılaşmalıyıq və bu sayədə immun sistemimizin yaddaşı formalaşmalıdır. Əgər biz kifayət qədər qarşılaşmırıqsa, immun sistem kifayət qədər məşq etmirsə, bu zaman əslində allergen olmayan adi tozcuqlara və ya zərərsiz maddələrə qarşı çarpaz reaksiya nəticəsində allergiya fonu yarana bilir. Bu şəxslər risk daşıyırlar".
NURİYYƏ