AZ

Bricit Makron BİRİNCİ XANIM olmağın çətinliyindən danışdı

Fransanın birinci xanımı Bricit Makron ictimai rolunun onun həyatına təsirindən danışıb.

Bizim.Media xəbər verir ki, 73 yaşlı Bricit Makron “La Tribune Dimanche” qəzetinə müsahibəsində son illərdə daha kədərli və dünyaya qarşı daha kinayəli olduğunu bildirib.

Onun sözlərinə görə, Fransa siyasətinin zirvəsində yer almaq ona “dünyanın qaranlıq tərəfi, axmaqlıq və qəddarlıq”la üzləşməyə məcbur edib.

“Əvvəllər normal həyatım var idi: uşaqlarım, işim, hər kəs kimi eniş-yoxuşlarım. Burada isə bu 10 il çox sürətlə keçdi. Bu illər inanılmaz dərəcədə intensiv idi”, - deyə Bricit Makron bildirib.

Keçmiş müəllimə olan birinci xanım ictimai rolunun həyatını ciddi şəkildə dəyişdiyini etiraf edib:

“Bəzən mavi səmanı görmək mənə çətin olur. Əvvəllər məndə olmayan pessimizm anlarım olur”.

Emmanuel Makronun iki prezidentlik müddəti ərzində Bricit Makron internetdə sərt hücumlara və sui-qəsd nəzəriyyələrinə məruz qalıb. Bu isə uzunmüddətli məhkəmə proseslərinə səbəb olub.
 

Bu ilin əvvəlində 10 nəfər Bricit Makrona qarşı kibertəqibdə təqsirli bilinib. Onlar onun cinsi mənsubiyyəti və seksual həyatı, eləcə də həyat yoldaşı ilə aralarındakı 24 yaş fərqi barədə yalan iddialar yaymaqda ittiham olunublar.


Makron cütlüyü həmçinin ABŞ-lı sağçı fəal Kendis Ouensə qarşı böhtan iddiası qaldırıb. Ouens Bricit Makronun guya kişi kimi doğulduğu barədə əsassız iddialar yaymışdı.

Ailənin vəkili daha əvvəl bildirib ki, bu cür ittihamlar Makron ailəsi üçün “son dərəcə ağrılı” olub və Bricit Makron öz nüfuzunu çox açıq şəkildə müdafiə edib.

Bütün qalmaqallara baxmayaraq, Bricit Makron son illərdə sosial layihələrdə fəal iştirak edir. O, əlilliyi olan şəxslərə dəstək verir, həssas vəziyyətdə olan uşaqların hüquqlarını müdafiə edir və məktəb bullinqinə qarşı çıxış edir.

Bizim.Media

Seçilən
78
1
bizim.media

2Mənbələr