AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yollarının (AZAL) təşəbbüsü ilə 25 və 29 aprel 2026-cı il tarixlərində Milli Aviasiya Akademiyasının (MAA) məzunlarından ibarət ümumilikdə 36 nəfərlik heyət ixtisasartırma təlim proqramında iştirak etmək məqsədilə İspaniyanın Lleida şəhərinə yola salınıb. Proqramın məqsədi gənc məzunların peşə hazırlığının gücləndirilməsi və onların beynəlxalq standartlara uyğun ikinci pilot kimi yetişdirilməsidir.
AZAL-dan Azpost.info-ya verilən məlumata görə, məzunlar Baltik Aviasiya Akademiyasının (“Baltic Aviation Academy”) Lleida şəhərində fəaliyyət göstərən təlim mərkəzində 18 aylıq nəzəri və praktiki hazırlıq proqramına cəlb olunacaqlar. Proqramı uğurla başa vuran gənc pilotlar Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (“EASA”) tərəfindən verilən beynəlxalq sertifikat əldə edəcəklər.
Baltik Aviasiya Akademiyası Avropanın aparıcı aviasiya təlim mərkəzlərindən biri kimi pilot hazırlığı sahəsində beynəlxalq səviyyədə tanınır. Müasir tədris metodologiyası, qabaqcıl simulyator texnologiyaları və təcrübəli beynəlxalq təlimçi heyəti ilə seçilən akademiyada təhsil alan məzunlar dünyanın müxtəlif nüfuzlu aviaşirkətlərində pilot kimi fəaliyyət göstərirlər. Təlim iştirakçıları “EASA”nın standartlarına uyğun nəzəri və praktiki biliklər əldə edərək beynəlxalq aviasiya bazarının tələblərinə cavab verən yüksəkixtisaslı mütəxəssislər kimi formalaşırlar.