Xəbər verdiyimiz kimi, Gömrükdən keçdiyi gündən 6 (altı) ay müddətində rəsmiləşdirilməmiş mallar və nəqliyyat vasitələri dövlət mülkiyyətinə keçiriləcək. Bu, Milli Məclisin mayın 1-də keçiriləcək plenar iclasının gündəliyində yer alan Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Bu dəyişikliyin sahibkarlara necə təsir göstərəcəyi isə müzakirə mövzusudur.
Pravda.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, Gömrük Məcəlləsinə fundamental dəyişikliklərin edilməsi nəzərdə tutulub.

Onun sözlərinə görə, dəyişikliklərdən biri də 6 ay ərzində ölkəyə gətirilən mallar rəsmiləşmədiyi və ya rəsmiləşdirilməsi başa çatmadığı halda dövlət mülkiyyətinə keçməsidir və bura mallar və nəqliyyat vasitələri, o cümlədən avtomobillər daxildir: “Söhbət təbii ki, utilizasiyadan deyil, həmin vəsaitin dövlət mülkiyyətinə keçməsindən gedir. Sahibkara 6 ay müddətində rəsmiləşdirmə ilə bağlı vaxt müəyyənləşdirilir. Adətən sahibkarlar öz məhsullarını ölkəyə gətirəndə daha qısa zamanda rəsmiləşdirməyə çalışırlar, çünki həmin məhsulları satmaq məqsədilə gətirdikləri üçün daha qısa zaman müddətində rəsmiləşdirmənin aparılması və bazara çıxarılmasına çalışırlar. Amma bəzi hallarda fərqli səbəblərdən sahibkarlar tərəfindən mallar rəsmiləşdirilmir. Bu halda isə təbii ki, rəsmiləşdirilməyən malların, eləcə də avtomobillərin satılması mümkün deyil, çünki onlar rəsmiləşdirildikdən sonra satışa, bazara çıxarıla bilərlər. Ona görə də bu o sahibkarların fəaliyyətinə təsir göstərəcək ki, həmin sahibkarlar tərəfindən gətirilən malların və ya avtomobillərin rəsmiləşdirilməsi həyata keçirilmir. Hökumət, eləcə də dövlət gömrük komitəsi rəsmiləşdirməkdə maraqlıdır. Çünki rəsmiləşdirmə dövlət büdcəsinə vəsaitin ödənilməsi və gətirilən maldan və avtomobil nəqliyyatından istifadə deməkdir. Əgər sahibkar fərqli səbəblərdən rəsmiləşdirməni həyata keçirmirsə o halda təbii ki, dövlət mülkiyyətinə keçir və dövlət əmlakı kimi də dövlət tərəfindən idarə olunur”.
Şəhanə Quliyeva