
ABŞ Dövlət Departamenti ölkənin 250 illik yubileyi üçün Prezident Donald Trampın şəklinin yer alacağı məhdud sayda xatirə pasportları hazırladığını elan edib.
Yeniavaz.com “Associated Press” (AP) agentliyinə istinadla xəbər verir ki, Tramp bu sənəddə yer alan ilk fəaliyyətdə olan Amerika lideri olacaq.
Xüsusi pasportun konsepsiyası bir neçə ay müzakirə olunub və nəhayət aprel ayının 27-si təsdiq edilib.
Çap tirajı 25 000-30 000 nüsxə arasında olacaq. Xatirə pasportlarını 4 iyuldan etibarən Vaşinqtonun pasport ofisinə şəxsən müraciət edənlər əldə edə biləcək. Standart pasport istəyənlər onlayn və ya digər ofislərdə müraciət edə biləcəklər.
Dövlət Departamentinin mətbuat katibi Tommi Piqott seriyanın bütün standart təhlükəsizlik xüsusiyyətlərini qoruyub saxlayacağını, həmçinin onun xüsusi dizayna malik olacağını bildirib. Xatirə pasportunun içərisində prezidentin qızıl imza üzərində şəkli, üz qabığında isə ölkənin adı və böyük qızılı şriftlə "Pasport" sözü olacaq. Arxa tərəfində isə qızılı laminatlı və 250 rəqəmli Amerika bayrağının təsviri olacaq.