Türkiyə lideri xatırladıb ki, 1915-ci ildə Çanaqqala döyüşündə Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrdən olan insanlar Osmanlı ordusunun sıralarında çiyin-çiyinə döyüşüblər. Prezident Ərdoğan vurğulayıb: “Türkiyə yeni təhlükəsizlik paradiqmasına can atır və kürdlər, ərəblər, türkmənlər və ya farslar arasında heç bir fərq qoymur”.

Ərdoğan bildirib ki, regionun keçdiyi həssas mərhələdə etnik, məzhəb və dünyagörüşü fərqlərini kənara qoyaraq birlik və qardaşlığın qorunması vacibdir. O vurğulayıb ki, bölgədə müxtəlif planlar həyata keçirmək istəyən qüvvələrin təsiri altına düşmək həm tarixə, həm də gələcəyə xəyanət olar. Ərdoğan qeyd edib ki, Türkiyə cəmiyyətini parçalamaq mümkün deyil və ölkə artıq köhnə siyasi mühitdən uzaqlaşıb. Onun sözlərinə görə, hökumət gərginlik və qütbləşmə siyasətindən uzaq durur, təhdid və şantaj yolu ilə heç kimin susdurulmasına imkan verilməyəcək. Türkiyə Prezidenti həmçinin bildirib ki, ölkədə çoxsəsli siyasi mühit formalaşıb və bu proses geri dönməyəcək. O əlavə edib ki, CHP daxilindəki daxili çəkişmələr onları maraqlandırmır və yaxın vaxtlarda “Türkiyə Yüzili” proqramı çərçivəsində investisiyalara yönəlmiş yeni təşəbbüslər parlamentə təqdim olunacaq.
S.Həsənova
AzVision.az