AZ

Qadınlar metro tunelinə enir: Amma əmək bazarına qalxa bilmir

“Qadınların müxtəlif sahələrdə, o cümlədən ənənəvi olaraq çətin hesab edilən istiqamətlərdə – metro tunelləri və ağır sənaye sahələrində çalışması onların hüququdur”. 

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda keçirilən Sahibkarlıq Günündə deyib. Onun sözlərinə görə, sahibkarlar sosial məsuliyyəti artırmalı, qadınlar üçün şərait genişləndirilməlidır: 

"Sahibkarlar iş yerlərində çalışanların, xüsusilə qadınların rahat və təhlükəsiz fəaliyyətini təmin etməlidir. Əgər qadınların əmək bazarında iştirakını artırmaq istəyiriksə, müəssisələrdə uşaq baxımı xidmətləri, səhiyyə imkanları, iş və ailə öhdəliklərini uzlaşdırmağa şərait yaradan mühit formalaşdırılmalıdır". 

Qadınların ağır sənayedə işləməsi qanunla təmin olunsa da, real praktikada hansı maneələr qalır?

Mövzu ilə bağlı “Cebheinfo.az” – a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bildirib ki, problem təkcə sosial deyil, həm də struktur xarakterlidir: 

“Cəmiyyətdə “ağır işlər kişilər üçündür” kimi köklənmiş gender stereotipləri hüquqi bərabərliyin yalnız normativ səviyyədə qalmasına, faktiki bərabərliyin isə tam təmin olunmamasına səbəb olur. 

Bu yanaşma qadınların əmək bazarında iştirakını məhdudlaşdıraraq onların müəyyən sahələrə, xüsusilə texniki və ağır sənaye sektorlarına çıxışını qeyri-rəsmi şəkildə daraldır. Nəticədə, qanunvericilikdə bərabər hüquqlar tanınsa da, sosial gözləntilər və institusional yanaşmalar bu hüquqların praktik reallaşmasına maneə yaradır”. 

O qeyd edib ki, qadınların metro tunelləri və ağır sənayedə işləməsi qanunla mümkün olsa da, real praktikada bir sıra struktur və sosial maneələr qalmaqdadır: 

“Bu maneələrə işəgötürənlərin gizli ayrı-seçkilik meyilləri, təhlükəsizlik və əmək şəraitinin gender baxımından uyğunlaşdırılmaması, peşə hazırlığı və ixtisaslaşma imkanlarının məhdudluğu, həmçinin həm ailədə, həm də kollektivlərdə mövcud olan stereotiplərə köklənən münasibətlər daxildir. 

Eyni zamanda, qadınların bu sahələrdə təmsilçiliyinin az olması rol model çatışmazlığı yaradır və bu da onların həmin peşələrə yönəlməsini zəiflədir. Ona görə də təkcə hüquq yox, həm də mexanizmlərlə yanaşı, sterotipləri ilk növbədə aradan qaldırmaq yönündə işlər güclənməlidir”.

Seçilən
29
1
cebheinfo.az

2Mənbələr