Bakı, 29 aprel, AZƏRTAC
Süni intellekt (AI) texnologiyalarının elmi tədqiqatlarda qlobal səviyyədə geniş istifadəsi fonunda beynəlxalq elmi mühitdə etik çərçivələrin, şəffaflıq prinsiplərinin və nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi məsələsi getdikcə daha çox aktuallaşır.
UNEC Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Nərgiz Hacıyeva AZƏRTAC-a açıqlamasında bu məsələnin beynəlxalq səviyyədə də diqqət mərkəzində olduğunu qeyd edib. Onun sözlərinə görə, müxtəlif tədqiqatlar alimlərin süni intellektə münasibətinin ikili xarakter daşıdığını göstərir: “Məsələn, “Elsevier”in 2024-cü il üzrə tədqiqatçı sorğusuna əsasən, alimlərin təxminən 60 faizi süni intellekti elmi fəaliyyət üçün faydalı hesab edir, lakin eyni zamanda, onların əhəmiyyətli hissəsi etik risklərdən narahatlığını ifadə edir. “Nature” jurnalında dərc olunan sorğular isə tədqiqatçıların təxminən 30 faizinin artıq AI alətlərindən müəyyən dərəcədə istifadə etdiyini göstərir.
Bununla yanaşı, praktikada süni intellektin düzgün istifadə olunmaması ilə bağlı nümunələr də qeydə alınır. “Elsevier” bazasında yayımlanan bəzi elmi məqalələrdə AI tərəfindən yaradılmış və redaktə olunmamış ifadələrin – məsələn, “Certainly, here is a possible introduction for your topic” kimi cümlələrin mətnlərdə qalması halları aşkarlanıb. Bu isə bəzi müəlliflərin süni intellektdən istifadə etdikdən sonra akademik yoxlama aparmadığını göstərir”.
N.Hacıyeva qeyd edib ki, mövzu ilə bağlı “Elsevier”in rəsmi etik çərçivəsi də mövcuddur. Qurumun yanaşmasına görə, generativ süni intellekt tədqiqatçılara ədəbiyyatın sistemləşdirilməsində, ideyaların formalaşdırılmasında və mətnin təkmilləşdirilməsində köməkçi vasitə kimi çıxış edə bilər. Lakin bu texnologiyalar heç bir halda insanın tənqidi düşüncəsini və elmi qiymətləndirmə bacarığını əvəz etməməlidir.
Eyni zamanda, müəlliflər AI tərəfindən yaradılan bütün məzmunu yoxlamalı, onun doğruluğunu və mənbələrinin etibarlılığını təsdiqləməlidirlər. Süni intellektdən istifadə isə elmi məqalələrdə açıq şəkildə qeyd olunmalı və şəffaflıq prinsipi qorunmalıdır. “Elsevier”, həmçinin müəllif hüquqları, məlumatların məxfiliyi və etik standartlara riayət edilməsini əsas tələb kimi irəli sürür.