AZ

Yaz aylarında allergiya necə yaranır?

Yaz allergiyası immun sisteminin əslində zərərsiz sayılan maddələrə həddindən artıq reaksiya verməsi nəticəsində yaranan vəziyyətdir. 

Bu zaman orqanizm normalda təhlükə yaratmayan tozcuqları “düşmən” kimi qəbul edir və onlara qarşı müdafiə reaksiyası göstərir.

“Cebheinfo.az” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva bildirib.

Onun sözlərinə görə, yaz aylarında havadakı dəyişikliklər və tozcuqların artması allergik şikayətlərin daha da güclənməsinə səbəb olur:

“Azərbaycanda xüsusilə mart–aprel aylarında qovaq, çinar və fındıq ağaclarının tozcuqları havada daha çox olur. May və iyun aylarında isə çəmən və müxtəlif ot tozcuqları ilə bağlı allergik hallar artır.

Allergiya müxtəlif əlamətlərlə özünü göstərə bilər. Ən çox rast gəlinən şikayətlərə burun axıntısı, burunda qaşınma və tutulma hissi, gözlərdə qaşınma və sulanma, eləcə də qulaqlarda dolğunluq hissi daxildir. Bəzi hallarda isə proses tənəffüs sisteminə qədər təsir edə bilir”. 

Mütəxəssis qeyd edir ki, vəziyyət ağırlaşdıqda nəfəs almaqda çətinlik, sinədə sıxılma, gecə saatlarında fitverici nəfəsalma və xırıltılı tənəffüs müşahidə oluna bilər. Bu isə bronxların da prosesə qoşulduğunu göstərir.

Seçilən
61
cebheinfo.az

1Mənbələr