AZ

“Ölkə başçısı sel və daşqınların fəsadlarının aradan qaldırılması üçün vəsait ayırdı” -DEPUTAT DANIŞDI

“Sel və daşqınlar nəticəsində həm Bakı şəhərində, həm də regionlarda vətəndaşlara və infrastruktur obyektlərinə ciddi ziyan dəymişdir. Bu ziyanın aradan qaldırılması məqsədilə İlham Əliyev tərəfindən müvafiq sərəncam imzalanmış və ümumilikdə 85,8 milyon manat vəsait ayrılmışdır”. Bu sözləri SİA-ya açıqlamasında Millət Vəkili Aydın Hüseynov bildirib.

Onun sözlərinə görə, ayrılan vəsait Bakı Şəhər İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə, Azəravtoyol, Azərişıq və Azərsu kimi qurumlara yönəldilmişdir:

”Bu vəsait hesabına yaranmış problemlərin qısa müddətdə aradan qaldırılması və vətəndaşlara dəymiş ziyanın ödənilməsi nəzərdə tutulur.

Bu kimi addımlar dövlətin vətəndaşın yanında olduğunu bir daha nümayiş etdirir. Prezident tərəfindən həyata keçirilən sosial siyasət və operativ qərarlar vətəndaşların çətin vəziyyətlərdə tək qalmamasını təmin edir. Bu da cəmiyyətlə dövlət arasında qarşılıqlı etimadı möhkəmləndirir və milli birliyi gücləndirir.

Qeyd etmək lazımdır ki, dövlət büdcəsində sosial sahəyə xüsusi önəm verilir. Ümumi xərclərin 40 faizdən çoxunun sosial tədbirlərə ayrılması əhalinin rifahının yüksəldilməsinə yönəlmiş siyasətin bariz nümunəsidir. Minimum əməkhaqqının, pensiyaların artırılması, ünvanlı sosial yardım proqramlarının genişləndirilməsi bu siyasətin əsas istiqamətlərindəndir.

Bununla yanaşı, fövqəladə hallarda dövlətin operativ müdaxiləsi ,istər pandemiya dövründə, istər təbii fəlakətlər zamanı, vətəndaşlarda güclü inam formalaşdırır. Bu proseslərdə Mehriban Əliyevanın da aktiv iştirakı xüsusi qeyd olunmalıdır.

Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri də dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Artıq 80 mindən çox vətəndaş doğma yurdlarına qayıdaraq orada yaşayır, çalışır və təhsil alır. Bu isə uzunmüddətli və məqsədyönlü siyasətin uğurlu nəticəsidir.

Həyata keçirilən bütün bu tədbirlər Azərbaycanın dövlət siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını bir daha təsdiqləyir”.

Müəllif: Günay Hacıyeva
Seçilən
27
sia.az

1Mənbələr