AZ

Metropoliten yeni metro stansiyası layihəsini tənqid edənlərə cavab verdi: Mümkündür!

AzVision.az xəbər verir ki, Sahib Məmmədov sosial şəbəkədə paylaşım edərək Mərkəzi Parkın altında yerləşəcək və “Nizami” stansiyasına qoşulmanı təmin edəcək stansiyanın uğursuz olacağını deyib.

“Bu sadəcə ağılsızlıqdır. “28 May - Nizami” xətti onsuz da kesson üsulu ilə tikilib. Tikiləndən sonra xəttin biri çöküb və sonradan 6 ay ərzində bərkidilib. Həmin ərazi yeraltı suların aktiv zonasıdır. Son dərəcə böyük xərc tələb edən səmərəsiz və təhlükə yarada bilən layihədir. Ərazinin hidrogeoloji şəraiti belə layihələrin icrasına imkan vermir”, - deyə S.Məmmədov fikirlərini əsaslandırmağa çalışıb.

S. Məmmədovun fikrincə,yeraltı suların hərəkət istiqamətinin və dinamikasının dəyişməsi uzunmüddətli planda Bakı şəhərində binaların çökməsinə, yeraltı boşluqların çoxalmasına gətirəcək.

Mühəndis və tədqiqatçı Azər Axundov isə layihənin təhlükəli olması fikrinin əsassız olduğunu deyib.O qeyd edib ki, layihə hazırlanarkən araşdırma aparılıb, müvafiq nümunələr götürülüb və mümkün risklər nəzərə alınıb:

"50 il əvvəlki dövr deyil. Texnologiya inkişaf edib, istənilən şəraitə uyğun xüsusi materiallar istifadə etməklə xüsusi metodlarla tikmək olar. Bunların hamısı nəzərə alınır. Köhnə yanaşma ilə davam etmək olmaz. Yeni stansiyaları layihələndirən Türkiyənin “Yüksel Proje” şirkətidir ki, İstanbulda, metro tikintisində böyük təcrübəsi var. Əlbəttə ki yeni stansiyalar digər metro stansiyalarından fərqli üsullarla tikiləcək. Niyə mümkün olmasın ki?!."

Bakı Metropolitenindən mövzu ilə bağlı bildirilib ki, ərazidə tunel və stansiya qazıntısının təhlükəsiz aparılması mümkündür: “2025-2030-cu illəri əhatə edən Dövlət Proqramında Bakı Metropoliteninin inşası nəzərdə tutulan 10 stansiyasından 6-sı Bənövşəyi xətdə yerləşəcək və Yaşıl xəttin “Nizami” stansiyasına keçid inşa ediləcək. Əsas məqsəd şəhərin şimal istiqamətindən başlanan metro xəttinin mərkəzdən keçməklə paytaxtın şərqinə doğru uzadılmasıdır.

Metro prinsiplərində xətlərdən bir-birinə keçidlər sərnişin axınının tənzimlənməsi, insanlara daha çeşidli, uyğun və rahat nəqliyyat şəraitinin yaradılması, nəqliyyat inteqrasiyasının optimallaşdırılması və genişləndirilməsinə imkan verir. Bundan savayı, bu keçid “Nizami” stansiyasında dərin özüllü stansiyalar üçün mühüm əhəmiyyət kəsb edən ikinci çıxışı da təmin edəcək.

“Nizami - 28 May” mənzilinin 50 ilə yaxın istismar dövründəki təcrübəsi, təsirləri və texnoloji amillər xüsusi öyrənilib. Həmçinin bununla əlaqədar dünya tunelqazma praktikası və müasir texnologiyaları, istifadə olunan qazma və inşaat üsulları, istismar təcrübələri əsaslı şəkildə araşdırılaraq təhlilləri aparılıb, tətbiqi inşaat işlərinin təhlükəsiz aparılmasının mümkünlüyünü təsbit edilib”.

AzVision.az

Seçilən
38
6
azvision.az

7Mənbələr