Hörmüz boğazında davam edən münaqişə qlobal enerji çatışmazlığını daha da artırır. Aprelin əvvəlində ABŞ Energetika Nazirliyi neftin qiymətinin müvəqqəti olaraq barrel üçün 115 dollara qədər artacağını proqnozlaşdırmışdı. İndi isə analitiklər qiymətin barel üçün 160 dollara qədər artacağını proqnozlaşdırırlar.
Əgər Hörmüz boğazında gəmiçilik may ayının əvvəlində tam bərpa olunarsa, Brent markalı xam neftin qiyməti, çox güman ki, barel üçün təxminən 100 dollar səviyyəsində qalacaq. Hörmüz boğazında gəmiçilikdə yaranan fasilə iyulun əvvəlinə qədər davam edərsə, Brent markalı xam neftin qiymətinin barel üçün 160 dollara qədər yüksəlməsi riski var. Bu proqnoz “Bloomberg” agentliyininxammal bölməsinin analitikləri tərəfindən dərc edilib. ABŞ Energetika Nazirliyinin proqnozuna görə, İran münaqişəsinin qaynar mərhələsi apreldə başa çatarsa və Hörmüz boğazından ticarət axını tədricən bərpa olunarsa, Brent markalı xam neftin spot qiyməti 2026-cı ilin ikinci rübündə barel üçün 115 dollara çatacaq. ABŞ rəsmiləri o dövrdəki hesablamalarında İraq, Səudiyyə Ərəbistanı, Küveyt, BƏƏ, Qətər və Bəhreynin mart ayında hasilatı gündə təxminən 7,5 milyon barel azaltdığını güman edirdilər. Aprel ayında neft hasilatının azalması, ehtimal ki, gündə 9,1 milyon barelə qədər artacaq. Bu ssenariyə əsasən, neft hasilatının ümumi azalması may ayında gündə 6,7 milyon barelə qədər azala bilər. Bu halda, müharibədən əvvəlki qlobal neft hasilatı səviyyələrinə qayıtmaq 2026-cı ilin sonuna qədər mümkün olacaq. Bu arada, ABŞ prezidenti Donald Tramp İranla müharibədəki uğursuzluqlarını etiraf etməkdən imtina edir. O, Tehranın son sülh təkliflərindən narazı olduğunu iddia edir. Lakin neft qiymətlərinin yeni bir artım perspektivi Vaşinqtonu danışıqları davam etdirməyə sövq edir. İran da öz növbəsində hərbi əməliyyatların yenidən başlaması halında zədələnə biləcək neft və qaz hasilatı obyektlərinin siyahısını dərc edib. Tehran BƏƏ, Səudiyyə Ərəbistanı və Küveytdəki neft və qaz infrastrukturlarının adlarını açıqlayıb və onların dağıdılması qlobal neft qiymətlərinin daha da artmasına səbəb ola bilər. Buna görə də, İranda hərbi eskalasiya ssenarisi tamamilə mümkündür. Lakin yenidən hücumlar baş verməsə belə, neft çatışmazlığından tez bir zamanda qurtuluş gözlənilmir. Hətta sülh dövründə belə, ABŞ Energetika Nazirliyinin rəsmiləri gələcək təchizat fasilələri ilə bağlı qeyri-müəyyənlik səbəbindən neft qiymətlərinin yüksək qalacağını gözləyirlər. Brent markalı xam neftin qiyməti yalnız 2026-cı ilin dördüncü rübündə barrel üçün 90 dollardan aşağı düşə bilər. ABŞ rəsmilərinin fikrincə, növbəti ildə, 2027-ci ildə isə orta illik qiymət barrel üçün 76 dollar ətrafında olacaq. Bu arada, “Bloomberg”in hazırkı baza proqnozu Hörmüz boğazından gəmi daşımalarının iyul ayında deyil, may ayının əvvəlində bərpa olunacağını ehtimal edir. Bu optimist ssenariyə əsasən, 2026-cı ildə qlobal neft bazarının həddindən artıq təklifi proqnozu 2,23 milyon bareldən 0,96 milyon barelə endirilib.
Amma o da məlumdur ki, ABŞ prezidenti Donald Tramp İranın Hörmüz boğazının açılmasını nəzərdə tutan, lakin nüvə proqramı məsələsini gələcək danışıqlara saxlayan son təklifini qəbul etməyəcək. Bu barədə "The New York Times" qəzeti Ağ Evin Vəziyyət Otağındakı müzakirələrlə tanış olan bir çox mənbəyə istinadən məlumat yayıb. Onların sözlərinə görə, Tramp müşavirlərinə İranın Hörmüz boğazının açılması və müharibəyə son qoyulması ilə bağlı son təklifindən məmnun olmadığını bildirib. Bundan əlavə, Ağ Evdəki görüşdə Tehranı danışıqlarda əhəmiyyətli güzəştlərə getməyə məcbur etmək üçün ABŞ-ın hansı əlavə hərbi əməliyyatlarının zəruri olacağı müzakirə olunub. Mənbələr bildirib ki, zənginləşdirilmiş uran məsələsi həll olunmadan Hörmüz boğazının açılması ABŞ-ı danışıqlarda əsas təsir gücündən məhrum edə bilər. Lakin İran gəmiçiliyinin blokadasının davam etdirilməsi enerji qiymətlərinin artımını uzadacaq və bu da ABŞ-da benzin qiymətlərinin kəskin şəkildə artmasına səbəb olub.
Tahir TAĞIYEV