AZ

Revanşistlər yenə də nağıllar uydururlar

Baş nazir Nikol Paşinyan bu günlərdə erməni cəmiyyətini hələ çox kövrək olan barış mühitini qorumağa səsləyib. Bildirib ki, rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası ən vacib missiyasını yerinə yetirib, Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub və ölkəsi dinc inkişaf dövrünə qədəm qoyub. Bununla da o, hazırda yaranmış tarixi şansı əldən vermək fikrində olmadığını nümayiş etdirib. Amma Ermənistandakı müəyyən qüvvələr, xüsusilə revanşistlər, o cümlədən Erməni Apostol Kilsəsi regionda etimad mühitinin formalaşmasını istəmir, düşmənçilik psixologiyasının qorunub saxlanmasına çalışırlar. Hətta onlar məqsədlərinə nail olmaq üçün sülhlə bağlı saxta hekayələr, nağıllar, informasiyalar uydururlar. Daha doğrusu, mayın 8-nə planlaşdırılan mitiqnqə hazırlaşan rusiyalı oliqarx, “Güclü Ermənistan” Partiyasının sədri Samvel Karapetyan indi də “Sünikin itirilməsi” və “türkləşmə təhlükəsi” barədə danışımaqdadır. Şübhəsiz, bütün bunlar iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkiləri ilə əlaqədardır. Belə ki, o bu nağıllarla daha çox seçicini öz ətrafında toplamağa səy göstərir.

Yeri gəlmişkən qeyd edək ki, ermənilərin Sünik adlandırdıqları ərazi Zəngəzur mahalıdır ki, indiki Ermənistanın Qafan, Gorus, Qarakilsə, Mehri rayonlarını əhatə edir. “Sünik” sözünün mənası da türkdilli tayfanın adı ilə bağlıdır. Bu, o Zəngəzurdur ki, tarixin bütün dövrlərində Azərbaycana məxsus olub. Onun əhalisi isə bütünlüklə türkdilli olub. Hətta 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Zəngəzur Azərbaycanın tərkib hissəsi sayılıb.

Əslində isə Azərbaycanın Zəngəzur iddiası yoxdur. İrəli sürdüyü Zəngəzur dəhlizi təşəbbüsü də hər hansı ölkəyə, o cümlədən Ermənistana qarşı yönəlməyib. Məqsəd Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri ilə dünya ölkələri üçün əlavə imkanlar yaratmaqdır. Buna görə isə Karapetyanın əndişələnməsinə dəyməz. Artıq Azərbaycanın əsas hissəsi və Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin edəcək, eyni zamanda, ölkəmiz üzərindən keçən beynəlxalq nəqliyyat və tranzit marşrutlarının şaxələndirilməsinə xidmət göstərəcək Zəngəzur dəhlizinin əsası qoyulub ki, bu da təkcə bölgəyə deyil, ümumilikdə dünyaya yeni inkişaf perspektivləri vəd edir. Hətta həmin dəhlizin açılması Ermənistana da böyük xeyir gətirəcək. Yaxın gələcəkdə Orta Dəhlizin mühüm seqmentinə çevriləcək Zəngəzur dəhlizi Azərbaycanın geosiyasi mövqeyinin daha da möhkəmlənməsinə xidmət etməklə yanaşı, region dövlətlərinin gəlirlərinin artmasına da imkan yaradacaq.

Xatırladaq ki, Zəngəzur dəhlizi konsepsiyası İkinci Qarabağ müharibəsindən, daha doğrusu, Ermənistan üçün kapitulyasiya aktı sayılan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan sonra aktuallıq qazanıb. Həmin razılaşmanın 9-cu bəndində regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması nəzərdə tutulurdu. Ermənistan uzun müddət dəhlizin reallaşmaması üçün min hoqqadan çıxıb. Amma ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderlərinin avqustun 8-də Ağ Evdə “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini paraflaması Zəngəzur dəhlizi məsələsini yenidən aktuallaşdırıb.

Onu da qeyd edək ki, bugünə kimi Prezident İlham Əliyev qarşıya qoyduğu bütün məqsədlərinə çatıb. Məhz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 2020-ci ildə torpaqlarımızın böyük hissəsi azad olundu. 2023-cü ildə keçirilən lokal antiterror əməliyyatı ilə Azərbaycan suverenliyini tam bərpa etdi. Bunlarla müqayisədə Zəngəzur dəhlizinin reallaşdırılması çox da çətin məsələ deyil. Yeri gəlmişkən, bu məsələdə ABŞ da Azərbaycanın yanındadır. Zəngəzur dəhlizinin “Tramp yolu” adlandırılması da təsadüfi saymaq doğru olmaz. 

Ermənistan parlamenti sədrinin müavini Ruben Rubinyan deyib ki, onlar, yəni revanşistlər sərhəd qarşıdurması qurbanları üzərindən siyasi dividendlər toplaya və onların qanını siyasi kapitala çevirə bilmirlər, bu da səbəbsiz deyil: “Çünki təxminən 2 il 2 aydır sərhəddə itki, qarşıdurma yoxdur. Həmçinin bizim hələ də blokadada olduğumuzu deyə bilmirlər. Çünki Azərbaycanın ərazisi ilə dəmir yolu vasitəsilə Ermənistana mallar idxal olunur. Buna görə də uydurma nağıllar qurmağa məcburdurlar”.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Seçilən
33
ikisahil.az

1Mənbələr