AZ

Azərbaycan nümayəndə heyəti Daşkənddə zəlzələ qurbanlarının anım günü ilə bağlı tədbirdə iştirak edib  

Özbəkistanın təşəbbüsü ilə BMT Baş Assambleyası tərəfindən ötən il qəbul olunmuş qətnaməyə əsasən aprelin 29-u Zəlzələ Qurbanlarının Beynəlxalq Anım Günü kimi qeyd edilir. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyəti aprelin 29-da bu məqsədlə Özbəkistanda keçirilən beynəlxalq tədbirdə iştirak edib.

AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyəti əvvəlcə, Daşkənd şəhərində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edib.

Daşkənddə Zəlzələ Qurbanlarının Beynəlxalq Anım Gününə həsr olunmuş tədbirin əsas məqsədi təcrübə mübadiləsi üçün mühüm beynəlxalq platformaya çevrilərək, ikitərəfli və çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsi, qlobal səviyyədə zəlzələlərə hazırlığın və dayanıqlığın artırılması üzrə effektiv strategiyaların müzakirəsi olub.

Müxtəlif ölkələrdən və beynəlxalq təşkilatlardan olan nümayəndə heyətlərinin, eləcə də tanınmış alim və mütəxəssislərin iştirak etdiyi tədbirdə zəlzələ ilə əlaqəli fəlakət riskini azaltmaq məqsədilə dövlətlərin malik olduqları imkanların səfərbər edilməsi, seysmik təhlükəsizlik sahəsində beynəlxalq səviyyədə tanınan alimlər, tədqiqatçılar və mütəxəssislər arasında davamlı dialoq mexanizminin yaradılmasının əhəmiyyəti qeyd olunub, bu istiqamətdə qarşılıqlı təcrübə mübadiləsinin, o cümlədən müasir texniki nailiyyətlər və rəqəmsallaşmanın tətbiqi ilə birgə elmi tədqiqatların aparılması və nəticələrinin qlobal miqyasda reallaşdırılması kimi məsələlər müzakirə olunub.

Beynəlxalq tədbir çərçivəsində iştirakçılar 1966-cı ildə Daşkənddə baş vermiş dağıdıcı zəlzələnin qurbanlarının xatirəsinə ucaldılmış “Cəsarət” abidəsini ziyarət ediblər.

Tədbir çərçivəsində K.Heydərov Özbəkistanın fövqəladə hallar naziri Azizbek İkramovla görüşüb.

Səfər müddətində nümayəndə heyətinə göstərilən diqqətə və qonaqpərvərliyə görə təşəkkür edən nazir K.Heydərov yüksək səviyyədə təşkil olunan beynəlxalq tədbirin əhəmiyyətini vurğulayıb. Azərbaycan-Özbəkistan münasibətlərinin iki ölkə liderlərinin müdrik uzaqgörənliyə və qarşılıqlı etimada söykənən səyləri sayəsində son illər strateji tərəfdaşlıq səviyyəsində sürətlə inkişaf etdiyini xatırladan nazir bu çərçivədə fövqəladə halların idarə edilməsinə məsul qurumlar arasında əlaqələrin daha da genişləndirilməsi üçün geniş imkanların mövcud olduğunu qeyd edib.

K.Heydərov Azərbaycan və Özbəkistan Fövqəladə Hallar Nazirlikləri arasında 2026-2027-ci illər üzrə birgə fəaliyyət Planının hazırda fəal icra mərhələsində olduğunu, nəzərdə tutulan tədbirlərin uğurla yerinə yetirildiyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Seçilən
61
2
azerbaijan-news.az

10Mənbələr