AZ

Azərbaycanda gömrükdə YENİ DÖVR - Malların dəyəri manatla bəyan ediləcək

Azərbaycanda malların gömrük dəyərinin milli valyuta (manat) ilə bəyan edilməsi nəzərdə tutulur. Bu, “Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb. Sənəd Milli Məclisin mayın 1-də keçiriləcək növbəti plenar iclasının gündəliyinə daxil edilib. Bundan başqa, qanun layihəsinə əsasən, gömrük borcunun bir qisminin ödənildiyi hallarda təminatın mütənasib olaraq azadılması imkanının təmin edilməsi planlaşdırılır.

Gömrük dəyərinin milli valyuta ilə bəyan edilməsi idxal və ixrac əməliyyatlarına necə təsir göstərəcək? Yeni qaydalar qiymətlər necə təsir edəcək və idxal olunan məhsulların maya dəyərinə necə təsir edə bilər?

akif-nesirli.jpeg

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Musavat.com-a deyib ki, gömrük dəyərinin manatla bəyan edilməsi tələbi bir sıra praktiki nəticələr doğura bilər: “İdxal və ixrac əməliyyatları baxımından bu dəyişiklik şəffaflığı artıra bilər, çünki gömrük orqanları dəyərləri birbaşa milli valyutada görəcək və konvertasiya prosesindən irəli gələn anlaşılmazlıqlar azalacaq. Eyni zamanda, valyuta məzənnəsindən asılılıq daha aydın şəkildə görünəcək - manatın xarici valyutalara nisbətən dəyişməsi birbaşa bəyan olunan gömrük dəyərinə əks olunacaq”.

Qiymətlərə təsirinə gəlincə isə iqtisadçı deyib ki, mənzərə ikili xarakter daşıyır: “Bir tərəfdən, əgər məzənnə sabit qalırsa, bu dəyişiklik qiymətlərə birbaşa əhəmiyyətli təsir göstərməyəcək - çünki hesablama yalnız ifadə formasını dəyişir, əsas iqtisadi məzmunu yox. Digər tərəfdən, manat zəiflədiyi hallarda idxalçılar daha yüksək manat ifadəsində gömrük dəyəri bəyan edəcəklər, bu da gömrük rüsumlarının artmasına, nəticədə isə son istehlakçı qiymətlərinin yüksəlməsinə gətirib çıxara bilər.

İdxal olunan məhsulların maya dəyəri baxımından isə bu qaydanın özlüyündə maya dəyərini dəyişdirməyəcəyini qeyd etmək lazımdır. Lakin gömrük rüsumları manat üzərindən dəqiq hesablandığı üçün valyuta riski daha görünən hala gələcək. İdxalçılar öz qiymət siyasətlərini bu faktora uyğunlaşdırmağa məcbur olacaqlar, xüsusilə də kontrakt məzənnəsi ilə faktiki ödəniş məzənnəsi arasında fərq yarandığı hallarda.

Ümumiyyətlə, bu islahat texniki xarakter daşısa da, valyuta sabitliyinin əhəmiyyətini daha da artırır, çünki məzənnə dəyişkənliyi indi birbaşa gömrük hesablamalarında öz izini qoyacaq”.

Afaq Mirayiq,
Musavat.com

Seçilən
31
musavat.com

1Mənbələr