AZ

Əraqçi Hindistan, Polşa və Keniyanın XİN rəhbərləri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

İranın xarici işlər naziri Abbas Əraqçi Hindistan, Polşa və Keniyadan olan həmkarları ilə telefonla danışıb, Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

Moderator.az xəbər verir ki, A. Əraqçi bu barədə özünün "Telegram" kanalında məlumat yayıb.

Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar ilə söhbət zamanı Əraqçi atəşkəslə bağlı son hadisələr, ikitərəfli münasibətlər, eləcə də regional və beynəlxalq prosesləri müzakirə edib.

Digər telefon danışığında İranın XİN rəhbəri polşalı həmkarı Radoslav Sikorskiyə Yaxın Şərqdəki vəziyyət və ABŞ ilə aparılan danışıqlar barədə məlumat verib.

Keniyanın xarici işlər naziri Musalia Mudavadi də iranlı həmkarı ilə regional vəziyyət barədə fikir mübadiləsi aparıb, həmçinin ikitərəfli münasibətləri müzakirə edib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.

Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparmağa çalışıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.

ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının blokadasını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.

Seçilən
49
2
moderator.az

3Mənbələr