AZ

“Buna emosional olaraq hazır deyilik”

ain.az bildirir, Axsham.az portalına istinadən.

Aktyor Taleh Yüzbəyov bloger xanımı Xatirə Yüzbəyovanın övladları ilə bağlı çıxışına münasibət bildirib.

Axşam.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb:

“Bir valideyn kimi əvvəl bunu qəbul etmək çətindir. İstəyirsən övladın hamı kimi olsun. Amma zamanla başa düşürsən ki, onlar bizim qoyduğumuz qaydalara deyil, biz onların qoyduğu qaydalara tabe olmalıyıq. Onları fərqli edən də budur, dünyaya öz baxışları var.

Xatirə güclü qadındır. Qəbul edə bildiyi, bu haqda danışmağa başladığı və fərqindəlik yaratmaq istədiyi üçün güclüdür. Mən çəkilişdə və işdə olanda bütün yük onun üzərində olur. Uşaqların üzərində onun əziyyəti məndən daha çoxdur. Mən bu haqda heç vaxt danışmamışam. Necə danışmaq lazım olduğunu bilmədiyimə görə danışmamışam. Xatirə bunu bacardı. Ona görə də güclüdür.

Dünəndən bizə xeyli sayda dəstək mesajları gəlir. Bəzi şirkət və qurumlar autizmlə bağlı tədbirlərə də dəvət edirlər. Buna görə sizə təşəkkür edirəm. Bilirəm, bunu siz də fərqindəlik yaratmaq üçün edirsiniz. Amma biz buna emosional olaraq tam hazır deyilik. Bu haqda danışmaq güc və böyük məsuliyyət tələb edir. Biz də əlimizdən gələni, bacardığımız qədər edəcəyik. Xahiş edirəm, bunu anlayışla qarşılayasınız.

İnsanların autizm spektri olan uşaqlara və valideynlərinə çox vaxt yazığı gəlir. Bu, çox insani hissdir. Bəzən insanlar autist uşaqların səsindən və hərəkətlərindən narahat olub narazılıq da edirlər. Onları da başa düşmək olar. Elə bilirlər ki, uşaqlar sadəcə nadinclik edirlər. Bu istiqamətdə maarifləndirmə olsa, əminəm ki, onlar da anlayışla qarşılayarlar. Əsas olan da budur, anlamaq və qəbul etmək. Valideynləri kimi cəmiyyət də o xüsusi uşaqları anlasa və qəbul etsə, ictimaiyyət həmin uşaqlar üçün daha təhlükəsiz və doğma yerə çevrilər. O uşaqların hamımız tərəfindən olduqları kimi qəbul olunmağa ehtiyacı var”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
65
axsam.az

1Mənbələr