AZ

Düşmənçilik səhifəsini bağlamaq

Erməni iqtidarının yeni seçki narrativi və...

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, yeni müharibənin qarşısını almaq naminə ölkəsi hərbi cinayətlər ətrafında Azərbaycanla sonsuz qarşılıqlı ittiham mübadiləsindən imtina etməlidir. Baş nazir onu da deyib ki, təmsil olunduğu komanda iyunun 7-nə planlaşdırılan parlament seçkiləri ərəfəsində yeni siyasi diskurs formalaşdırmaq niyyətindədir. Məqsəd dövləti illərdir davam edən düşmənçilik dövründən çıxarmaqdır. Bəri başdan deyək ki, son zamanlar söylədiyi bir çox fikirlər kimi, Paşinyanın bu fikri də məqbul qiymətləndirilə bilər.

Baş nazir mövqeyini jurnalistlərin ona ünvanladıqları və Ermənistanın suveren ərazilərində törədilmiş cinayətlərə görə Azərbaycan hərbçilərinin məsuliyyətə cəlb olunmalarına dair sualı cavablandırarkən açıqlayıb. Onun sözlərinə görə, hərbi əsirlərin güllələnməsi və işgəncə faktları danılmaz olsa da, qarşılıqlı ittihamlara fokuslanmaq vəziyyəti çıxılmaz edir, ümumən, bu müzakirənin davamı növbəti silahlı toqquşmanı qaçılmaza çevirir.

Qeyd edək ki, Azərbaycanın Ermənistanın suveren ərazilərinə qəsbi ritorikası 2022-ci ilin sentyabrında meydana çıxdı. Çünki həmin vaxt şərti sərhəddə eskalasiya mühiti formalaşmışdı. Ermənistan silahlı qüvvələri təxribat törətmiş, Azərbaycan Ordusu belə halların qarşısını almaq üçün atəş nöqtələrini susdurmaq məqsədli hərəkətə keçmişdi. Yəni Ordumuzun addımı təhlükəsizliyi təmin etmək məramı daşımışdı. Başqa düşüncəyə yer yoxdur. Fikrimizi əsaslandırmaq üçün bir məqama diqqət yetirək.

Məsələn, bu gün biz Qubadlıdan Laçına doğru hərəkət edərkən, çox yaxınlıqda Ermənistan bayraqlarının dalğalandığını görürük. O bayraqlar ki, erməni silahlı qüvvələrinin, yaxud sərhəd qoşunlarının postlarının damlarından asılıb. O postlarda ki, əhəmiyyətli dərəcədə hündürdədirlər və oradan asanlıqla Azərbaycan tərəfdə hərəkət edən minik avtomobillərini və mülki şəxsləri atəşə tutmaq mümkündür. Amma belə hal yaşanmır, üstəlik ölkəmizə məxsus şirkətlər və onların işçiləri və texnikaları ərazidə yol infrastukturu inşa edirlər. Sual olunur: nəyə görə Azərbaycan Ordusu hərəkətə keçib həmin yüksəklikləri ələ keçirmir? Məgər Ordumuz bunu bacarmaz? Əlbəttə ki, bacarar. Sadəcə, həmin nöqtələr təhlükə törətmirlər.

Amma təkcə 2022-ci ildə deyil, ümumən, 2020-2024-cü illərdə bu baxımdan vəziyyət sabit deyildi. Üstəlik, 2023-cü ilədək Azərbaycan torpaqlarında qondarma “Dağlıq Qarabağ respublikası” adlı separatçı qurum fəaliyyət göstərib. O qurum ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiası məntiqinə köklənmişdi. Belə olan halda, hazırda hansısa hay tör-töküntüsünün “Azərbaycan Ordusunun hərbi cinayətlərindən” söz açması gülüncdür. Bu, həm də ona görə gülüncdür ki, 1988-ci ildən sonra Azərbaycan ərazilərində işğal gerçəkləşdirən, işğal gedişində çeşidli hərbi cinayətlər törədən Ermənistan olub. O cinayətlər ki, miqyası sırf hərbi qarşıdurma gedişində beş-altı erməninin canına qəsb edilməsindən daha böyükdür.

Paşinyan bildirdiklərimizin fərqindədir. Əlbəttə, anlayırıq ki, o, həqiqətləri çılpaqlığı ilə deyə bilməz. Məsələn, deyə bilməz ki, heç nə durduğu yerdə baş vermir və zamanında münaqişəni başlayan azərbaycanlılar yox, ermənilər olub. Əslində isə Paşinyan dolayısıyla reallığı vurğulayır və erməni cəmiyyətini münaqişənin tarixçəsinə daha geniş prizmadan diqqət yetirməyə çağırır. O, ölkəsindəki bəzi yanaşmalara nəzərən xalqa obrazlı şəkildə tövsiyə də ünvanlayır. Yəni təxminən belə bir tövsiyə: “Kitabın yalnız sərfəli hissəsini deyil, bütün səhifələrini oxumaq lazımdır”.

N.Paşinyan jurnalistlərin döyüşlər zamanı tərəflərin qəddarlığının, guya, müqayisəolunmazlığı barədə qeydinə cavab olaraq da fikrindən daşınmır. O bildirir ki, ittihamlar hər iki tərəfdən səslənir və gələcək nəsillərin rifahı naminə bu qapalı dövrəni qırmaq lazımdır. Ən başlıcası, Nikol vətəndaşları bəzi beynəlxalq aktorların vətənpərvər çıxışlarına həddindən artıq emosional reaksiya verməməyə çağırır. Görəsən, söhbət hansı beynəlxalq aktorlardan, onların hansı çıxışlarından gedir? Hesab edirik ki, bu məsələ ətrafında düşünməyə dəyər.

Bəli, beynəlxalq dairələr həmişə erməniləri azərbaycanlılara qarşı qızışdırmaq yolu tutublar. Yada salaq ki, haqqında söz açdığımız sərhəd eskalasiyası zamanı Fransa başda olmaqla, Avropanın bir sıra ölkələri “qorxmaz, mərd erməni xalqının mübarizəsi” kimi pafoslu fikirlər yayırdılar. Onlar 44 günlük müharibə zamanı da eyni tərzdə təbliğat aparırdılar. Həmin vaxt bir anlıq elə təəssürat yaranırdı ki, işğalçı Azərbaycan, işğala məruz qalan Ermənistandır...

Əlqərəz, tarix boyu imperialist güclərin haylar barədə hekayələr və miflər uydurduqlarının, onları döyüşkən xalq kimi təqdim etdiklərinin şahidi olmuşuq. Nəyə görə? Çünki ermənilərin qonşuları ilə nifaq şəraitində ömür sürmələri belələrinin Cənubi Qafqazdakı maraq və mənafeləri baxımından vacib idi. Eləcə də qondarma “erməni soyqırımı” həmin nifaq ritorikası naminə qisas və intiqam seqmenti formalaşdırmışdı.

Bu gün də oxşar vəziyyət müşahidə olunmaqdadır, eyni cəhdlər göstərilməkdədir. Amma hazırda Baş nazir N.Paşinyan və onun hakim komandasının şəxsində Ermənistan dövləti hay cəmiyyətini reallıqdan kənar ucuz populizmə uymamağa səsləyir. Bu, son dərəcə müsbət haldır. Paşinyanın onu da bildirir ki, münaqişənin başa çatdırılmasına yönəlmiş yeni narrativin formalaşdırılması seçkilərə qədərki təxminən bir yarım ay ərzində rəhbərlik etdiyi hakimiyyətin əsas strateji vəzifəsi olacaq.

Bir Azərbaycan atalar sözündə deyilir ki, avazın yaxşı gəlir, oxuduğun Quran olsa. Yekunda onu da bildirək ki, Paşinyan başda olmaqla, Ermənistanın hakimiyyət düşərgəsi təmsilçilərinin son aylarda səsləndirdikləri fikirlər bütövlükdə Cənubi Qafqazda sülh ritorikası baxımından müsbət əhəmiyyətə malikdir. Ümumən, Paşinyanın “Vətəndaş sazişi” partiyasını müstəqillik illəri Ermənistanında qonşularla barışa köklənmiş seçki strategiyasını əsas götürən ilk və yeganə siyasi qurum olaraq qiymətləndirmək mümkündür. Mühüm məqam sözügedən partiyanın iyunun 7-də keçiriləcək parlament seçkilərində qalib gəlməsi, ölkədəki revanşist və şovinistləri tarixin arxivinə göndərməsidir. Bunun üçün isə bütövlükdə hay cəmiyyətinin iradəsi və qətiyyətli davranması mütləqdir. Hesab edirik ki, erməni xalqı Paşinyan komandasını seçki qalibi etsə, Baş nazirə sərsəm suallar verən və revanşistlərin buyruq qulu olan jurnalistlərin sayı da azalacaq.

Ə.RÜSTƏMOV
XQ

Seçilən
50
1
xalqqazeti.az

2Mənbələr