AZ

Çin kritik minerallara nəzarəti gücləndirir: Həddən artıq hasilata görə cəzalar gəlir

Çin hökuməti nadir torpaq metallarının kvotalardan kənar və ya qanunsuz hasilatına görə şirkətlərin cəzalandırılacağını açıqlayıb. 

Ölkə.az Valyuta.az-a istinadən xəbər verir ki, "Bloomberg"in məlumatına görə, kritik xammal istehsalçıları həm yüksək maliyyə nəticələri, həm də yeni hökumət planları fonunda 8–10% aralığında artım göstəriblər.

Nəşr yazır ki, sektorun gəlirliliyinin artması əsasən ilin ilk aylarında əsas nadir torpaq elementlərinin qiymətlərinin yüksəlməsi ilə bağlıdır. Maqnit istehsalında əsas komponent olan neodim-praseodim oksidinin qiyməti fevral ayında 2022-ci ildən bəri ən yüksək səviyyəyə çataraq kiloqramı 150 dolları ötüb.

Çin nadir torpaq metallar bazarında əsas oyunçuya çevrilib və ötən il ABŞ ilə ticarət gərginliyi fonunda ciddi dəyişikliklərlə üzləşib. Həm yerli, həm də xarici şirkətlər Pekinin sərtləşdirilmiş ixrac nəzarəti və tənzimləmə tədbirlərinə uyğunlaşmağa məcbur olublar.

28 aprel tarixində Çin hökuməti icazəsiz istehsala qarşı tədbirlərin geniş siyahısını açıqlayıb. Bu addım Pekinin strateji əhəmiyyətli bu sahə üzərində “tam nəzarət” siyasətini daha da gücləndirmək cəhdi kimi qiymətləndirilir. Qanun pozuntularına kvotaların aşılması, lisenziyasız hasilat və emal, həmçinin yoxlamalara maneçilik törədilməsi daxildir.

Kvotaların 10%-dən az aşılması qanunsuz gəlirin beşqatına qədər cərimə ilə nəticələnə bilər. Kvotanın 30%-dən çox aşılması isə 10 qat cərimə və fəaliyyətin dayandırılması ilə nəticələnəcək. Dövlət izləmə sisteminə məlumatların daxil edilməməsi 200 min yuan (29 256 dollar) cərimə ilə, pozuntu aradan qaldırılmadıqda isə 1 milyon yuana qədər cərimə ilə nəticələnə bilər.

Yeni cəza tədbirləri ötən ilin avqustunda qəbul edilmiş qaydalara əsaslanır. Bu qaydalar daxili təchizat zəncirinin monitorinqini gücləndirərək şirkətlərdən istehsal, satış və satınalma barədə aylıq hesabat tələb edir.

Çinin bu sahədə üstünlüyü ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpin arasında gələn ay gözlənilən sammit öncəsi mühüm siyasi rıçaq kimi qiymətləndirilir. “Bloomberg”in məlumatına görə, ABŞ iqtisadiyyatının təxminən 1,4 trilyon dolları bu minerallardan istifadə edən sahələrlə bağlıdır.

Çinin nadir torpaq metallarındakı üstünlüyü təkcə ABŞ deyil, digər böyük dövlətlər tərəfindən də narahatlıqla qarşılanır. Məsələn, Hindistan bu sahədə istehsalın inkişafı üçün 4,6 milyard dollarlıq investisiya proqramını təsdiqləyib.

Seçilən
40
1
olke.az

2Mənbələr