
İngiltərədə 1 yanvar 2009-cu il tarixindən sonra doğulan şəxslərə siqaret satışını qadağan edən hüquqi tənzimləmə rəsmən qüvvəyə minib.
AFN.az xəbər verir ki, İngiltərə Səhiyyə Nazirliyindən verilən açıqlamada "Siqaret və Elektron Siqaret Qanun Layihəsi" kimi tanınan sənədin Kral III Çarlz tərəfindən təsdiqlənərək qanuniləşdiyi və ölkənin "tüstüsüz nəsil" hədəfinə doğru tarixi bir addım atıldığı bildirilib.
Açıqlamada yeni qaydaya əsasən, 2009-cu il və ondan sonrakı illərdə doğulanlara tütün məmulatlarının satışının qadağan ediləcəyi, bununla da gənc nəslin siqaretin zərərli təsirlərindən qorunmasının hədəfləndiyi qeyd olunub.
Vurğulanıb ki, qanun siqaret asılılığı dövrəsini qırmağa və xalq sağlamlığını mühafizə etməyə xidmət edir. Bundan əlavə, hökumətin siqareti tərgitmək istəyən milyonlarla böyük şəxsə dəstək olmaq üçün rekord həcmdə vəsait ayırdığı, yeni tənzimləmənin uşaqları həm ənənəvi siqaretlərin, həm də elektron siqaretlərin zərərlərindən qorumağı məqsəd qoyduğu diqqətə çatdırılıb.
İngiltərənin Səhiyyə naziri Ves Stritinq bu addımı ölkə sağlamlığı üçün bir dönüş nöqtəsi adlandıraraq, qanunun gələcək nəsillər üçün tütün asılılığını bitirərək xəstəlikləri hələ başlamadan önləməyə yönəlmiş son illərin ən iddialı addımı olduğunu vurğulayıb.
Nazir qeyd edib ki, siqaret uzun illərdir can itkilərinə yol açır, bərabərsizliyi artırır və səhiyyə sistemi üzərində qarşısı alına bilən ağır yük yaradır.
Uşaqların olduğu nəqliyyat vasitələrində nikotinsiz elektron siqaret istifadəsini belə qadağan edəcək yeni qaydalara əsasən, uşaq parkları və xəstəxanaların qarşısında da siqaret çəkmək mümkün olmayacaq.
Hazırda siqareti tərgitmə müalicəsi alanların nikotinsiz elektron siqaret istifadə edə bildiyi xəstəxana bağçaları da qadağa dairəsinə daxil edilib.
Siqaret çəkməyin sərbəst olacağı yerlər isə yalnız restoran və barların açıq sahələri ilə çimərliklər kimi ərazilər olacaq.
"Siqaretsiz nəsil" planı çərçivəsində tütünün zərərləri ilə bağlı maarifləndirmə artırılacaq, həmçinin nikotin məhsullarının reklamı və qablaşdırılması ilə bağlı ciddi məhdudiyyətlər tətbiq olunacaq.