AZ

Ronaldu karyerasında 970-ci qolunu vurub

Portuqaliyalı hücumçunun qolu “Əl-Nəsr”ə “Əl-Əhli” üzərində qələbə qazandırıb...

Poliqon xəbər verir ki, Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı çempionatında “Əl-Nəsr”in “Əl-Əhli” üzərində qələbəsində əsas rol oynayıb.

Səudiyyə Ərəbistanı çempionatının 30-cu turu çərçivəsində keçirilən görüş Ər-Riyaddakı “Əl-Əvvəl Park” stadionunda baş tutub. Qarşılaşma “Əl-Nəsr”in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hesabı 76-cı dəqiqədə Joau Feliksin ötürməsindən sonra Kriştianu Ronaldu açıb. Oyunun 90-cı dəqiqəsində isə Kinqsli Koman komandasının ikinci qolunu vurub. Bu epizodda məhsuldar ötürməni Ayman Yəhya edib.

Bu qələbədən sonra “Əl-Nəsr” 30 oyundan sonra 78 xalla Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində liderliyini qoruyub. “Əl-Əhli” 66 xalla üçüncü yerdə qərarlaşıb. İkinci pillədə isə 70 xalla “Əl-Hilal” yer alır.

Ronaldu üçün bu qol karyerasında 970-ci qol olub.

Qeyd edək ki, fevral ayında Ronaldu klub rəhbərliyindən narazı olduğu üçün “Əl-Nəsr”in oyunlarını boykot etmişdi. Futbolçu Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondunun klubu idarə etmə formasından narazı idi. Mətbuatın məlumatına görə, Ronaldu fondun “Əl-Hilal” kimi digər nəzarətində olan klublarla müqayisədə “Əl-Nəsr”ə daha az diqqət və resurs ayırdığını düşünürdü. Daha sonra futbolçu yenidən komandanın heyətinə qayıdıb.

Poliqon.info

Seçilən
76
poliqon.info

1Mənbələr