AZ

Aprel: neysandan leysana, bərəkətdən fəlakətə

Dövlət təbii fəlakətlərdən ziyan çəkən vətəndaşlarının yanında olduğunu növbəti dəfə sübut etdi

Xalq təqvimində aprel  iqlim dəyişmələrinə görə ən təzadlı ay hesab olunur. Müxtəlif illərdə fərqli olsa da, demək olar ki, bu ayda hər gün təbiət dəyişməsi baş verir. Kənddə yaşayanlar yaxşı bilirlər: bir neçə saatlıq aprel yağışı günəşin işığı ilə birləşərək, torpağı, çiçəyi, hətta  həyatın ritmini  belə dəyişdirir. Bu da göstərir ki, aprel yalnız günlərlə deyil,  saatlarla da ölçülə biləcək bir möcüzədir. 

Apreldə yağan yağışa xalq arasında "neysan",  ya da  "abi-neysan"  deyirlər. Bəzi tədqiqatçılar bunu leysanla eyniləşdirirlər. Halbuki leysan gur, fasiləsiz və bəzən dağıdıcı, neysan isə məhz apreldə yağan incə yağışdır. Bu yağış bitkilərin boy atmasında, əkin sahələrinin canlanmasında əvəzsiz rol oynayır. Xalq yaddaşında abi-neysan həmişə sevinclə, bərəkətlə assosiasiya olunub. Amma bu il təbiət qapıları erkən döydü: yağışlar martdan başladı və özü ilə Azərbaycana yazın tələsən nəfəsini, torpağın qışdan sonra ilk oyanışını səs-küylə, fəlakətlə gətirdi. Yağışlar  bu dəfə adi yağış deyildi. Xalqın "abi-neysan" adlandırdığı o mübarək yaz yağışları  sanki öz adını  dəyişib "leysan" qoymuşdu - daha gur, daha inadlı, daha coşqun yağırdı. Və beləliklə, yaz öz gəlişini bir az tələsik, bir az coşqun, amma həmişəki kimi möhtəşəm şəkildə deyil, əksinə, sərt bir üslubla, gücünü gizlətmədən, kəndin və  şəhərin ritmini pozaraq elan etdi. 

Belə sərtliyin ən aydın hiss olunduğu məkanlardan biri də Bakı oldu. Sel yağışları paytaxtın küçələrinə elə bir sürətlə doldu ki, şəhərin gündəlik ahəngi bir anda dəyişdi. Drenajların gücü bu coşqun axına tab gətirmədi,  kanalizasiyalar daşdı, yollarda dərin  gölməçələr yarandı, az qala həyat dayandı. Güclü yağışlar səbəbindən bir sıra ərazilərdə küçə və prospektlər su altında qaldı, nəqliyyatın hərəkətində ciddi çətinliklər yarandı. Bir çox yaşayış binasının zirzəmiləri və həyətləri su ilə doldu, sakinlərin gündəlik həyatında ciddi narahatlıqlar müşahidə olundu. Yağış həyat verən bir nemət olduğu halda bu dəfə onun dağıdıcı  gücü Bakının zəif nöqtələrini üzə çıxardı. 

Yaranmış bu çətin vəziyyət təkcə təbiət hadisəsinin gücünü deyil, həm də onunla mübarizədə operativliyin və çevik idarəetmənin çox vacib olduğunu  ortaya qoydu. Məhz bu məqamda əlaqədar  dövlət qurumları vəziyyətə dərhal reaksiya verərək, şəhər üzrə yaranmış problemlərin aradan qaldırılması və əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində təxirəsalınmaz tədbirlərə başladılar. Fövqəladə xidmətlər gücləndirilmiş rejimdə çalışdı, su basmış ərazilərdə operativ müdaxilələr həyata keçirildi, infrastrukturun bərpası və normal həyat axınının təmin olunması üçün ardıcıl işlər görüldü.

Bu məqamda  proseslərin mahiyyətini və görülən işlərin əhəmiyyətini daha aydın ifadə etmək üçün Prezident İlham Əliyevin hələ yanvarın 12-də "Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı"na həsr olunan müşavirədə söylədiklərinə nəzər yetirək: "Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır. Düzdür, bu, təkcə Bakıda, Azərbaycanda deyil. Biz televiziya verilişlərində dünyanın istənilən yerində bunu görürük. Hətta ən inkişaf etmiş hər ölkənin şəhərlərində də daşqınlar adi hal alıb. Heç bir şəhərin infrastrukturu imkan vermir ki, əgər şiddətli leysan yağışları bir neçə gün davam etsə, bunu idarə etmək mümkün olsun. Ancaq buna baxmayaraq, bizim də bu sahədə zəif yerlərimiz kifayət qədər çoxdur. Ona görə yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi də qurulacaq və bunun çox böyük faydası olacaq".

Bu fikirlər bir daha göstərir ki, dövlət başçısı şəhər infrastrukturunun təkmilləşdirilməsini və təbiət hadisələrinin doğurduğu fəsadların minimuma endirilməsini daim diqqət mərkəzində saxlayır. Amma  Prezident İlham Əliyevin bu istiqamətdə qayğısı təkcə səsləndirilən fikirlərlə məhdudlaşmır.  Onun  bu günlərdə "Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında"  imzaladığı  sərəncam dövlətin bu sahəyə sistemli və ardıcıl yanaşmasını təsdiqləyir. Sənəd ona dəlalət edir  ki, Prezident İlham Əliyev tərəfindən təbii fəlakətlərin fəsadlarının azaldılması, şəhər infrastrukturunun dayanıqlılığının gücləndirilməsi və əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində kompleks və davamlı dövlət siyasəti ardıcıl şəkildə həyata keçirilir.

Sərəncama əsasən, 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün ümumilikdə 85 milyon 869 min 260 manat ayrılıb. Bu vəsait sel və daşqınlardan zərər çəkmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə yönəldiləcək. Buraya vətəndaşların evlərinin təmiri və yenidən tikintisi, yol, elektrik və su təchizatı kimi infrastrukturun bərpası, həmçinin kompensasiya ödənişləri daxildir. Görüləcək tədbirlər əhalinin sosial rifahının və normal həyat şəraitinin bərpasına xidmət edir. 

Qeyd edək ki, beynəlxalq təcrübə ilə müqayisədə Azərbaycanda bu cür hallara reaksiyanın operativliyi xüsusi diqqət çəkir. Bir çox ölkədə yardım və bərpa prosesləri uzun vaxt apardığı halda Prezident İlham Əliyevin   birbaşa sərəncamı ilə vəsait dərhal ayrılır və işlər çevik şəkildə icra olunur. Unutmaq olmaz ki,  ayrılan vəsait həm də gələcək risklərin azaldılmasına yönəldiləcək. İstinad divarlarının tikintisi, drenaj və suötürücü sistemlərin təkmilləşdirilməsi kimi tədbirlər ölkənin infrastruktur dayanıqlılığını gücləndirərək iqlim dəyişiklikləri fonunda baş verə biləcək oxşar hadisələrin təsirini minimuma endirməyə xidmət edəcək.

Həmin vəsait çərçivəsində Fövqəladə Hallar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və "Azərişıq" ASC tərəfindən həyata keçiriləcək tədbirlər həm paytaxtda, həm də regionlarda infrastrukturun bərpasına və gücləndirilməsinə  müsbət təsir göstərəcək. Görülən işlər nəticəsində Bakı şəhərində və ölkənin müxtəlif bölgələrində su təsərrüfatı və yol infrastrukturunun təkmilləşdirilməsi, sel və daşqın risklərinin azaldılması istiqamətində əhəmiyyətli irəliləyişlərin əldə olunacağı gözlənilir.

Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Seçilən
3
1
azerbaijan-news.az

2Mənbələr