AZ

ABŞ İran hədəflərinə zərbə üçün ilk dəfə hipersəs raketlərdən istifadə edə bilər

Vaşinqton Yaxın Şərqdə “Dark Eagle” sistemlərinin yerləşdirməyi nəzərdən keçirir...

Poliqon Bloomberg Agentliyinə istinadən xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Pentaqona Yaxın Şərq regionunda “Dark Eagle” tipli hipersəs raketlərinin yerləşdirilməsi ilə bağlı müraciət ünvanlayıb. Məlumata görə, bu addım İranın ballistik raket infrastrukturuna qarşı mümkün zərbələrin planlaşdırılması çərçivəsində gündəmə gəlib.

Məlumatda qeyd olunur ki, ABŞ hərbi rəhbərliyi bu raketlərin İranın ölkə daxilində daha dərin ərazilərə köçürdüyü raket buraxılış qurğularını hədəfə almaq üçün istifadə edilə biləcəyini hesab edir. Mövcud “Precision Strike Missile” sistemlərinin təxminən 480 kilometrdən uzaq məsafədə effektiv olmadığı bildirilir. “Dark Eagle” sisteminin isə müxtəlif mənbələrə görə 2700 kilometrdən 3500 kilometrə qədər məsafəni vura bildiyi iddia edilir.

Bildirilir ki, “Dark Eagle” kompleksi hələlik rəsmi olaraq ABŞ Silahlı Qüvvələrinin silahlanmasına qəbul edilməyib və sınaq mərhələsindədir. Hazırda ABŞ ordusunun bu tip raketlərdən məhdud sayda, təxminən səkkiz ədədə sahib olduğu və hər birinin dəyərinin 15 milyon dollar civarında olduğu qeyd edilir.

Eyni zamanda, ABŞ prezidenti Donald Tramp 21 aprel axşamı İranla atəşkəs rejimini qeyri-müəyyən müddətə uzatdığını açıqlayıb. O, qərarı İran rəhbərliyində müşahidə edilən daxili fikir ayrılıqları ilə izah edib. İran tərəfi isə ABŞ ilə danışıqlara yalnız ölkənin dəniz limanlarına tətbiq olunan blokada aradan qaldırıldıqdan sonra başlaya biləcəyini bəyan edir. Analitiklər hesab edirlər ki, tərəflər mövcud gərginlik fonunda hərbi imkanlarını gücləndirmək üçün fasilədən istifadə edirlər.

Poliqon.info

Seçilən
25
30
poliqon.info

10Mənbələr