AZ

Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq voleybol turnirləri Azərbaycanın idman nüfuzunun möhkəmlənməsinəmühüm töhfə verir - Şəfəq Kərimova

Azərbaycan Voleybol Federasiyası olaraq bildiririk ki, ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq voleybol turnirləri Azərbaycanın idman nüfuzunun möhkəmlənməsində və voleybolun ölkə daxilində daha geniş yayılmasında mühüm rol oynayır.

Bunu Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinin rəhbəri Şəfəq Kərimova “İki sahil” qəzetinə müsahibəsində vurğulayıb.

O, diqqətə çatdırıb ki, belə yarışların təşkili ilk növbədə Azərbaycanın beynəlxalq idman ictimaiyyətində etibarlı tərəfdaş və yüksək təşkilatçılıq təcrübəsinə malik ölkə kimi tanınmasına xidmət edir. Eyni zamanda, dünya səviyyəli komandaların ölkəmizdə çıxış etməsi idman infrastrukturunun inkişafını və müasir standartlara uyğunluğunu bir daha nümayiş etdirir.

Həmsöhbətim əlavə edib ki, beynəlxalq turnirlər voleybolun kütləviliyinin artmasına ciddi təsir göstərir. Yarışların geniş ictimaiyyətə təqdim olunması, media vasitəsilə yayımlanması və canlı izlənilməsi uşaqlar və gənclər arasında bu idman növünə marağı artırır, yeni idmançıların yetişməsinə stimul verir.Eyni zamanda, yerli idmançıların güclü rəqiblərlə qarşılaşması onların təcrübə və bacarıqlarının yüksəlməsinə şərait yaradır ki, bu da milli və klub komandalarının ümumi səviyyəsinin artmasına töhfə verir.
Federasiya nümayəndəsi əlavə edib ki,  2026-cı ilin avqust ayında Azərbaycanda qadınlar arasında keçiriləcək Avropa çempionatının C qrup oyunları təşkil olunacaq. Bu mühüm yarışın ölkəmizdə keçirilməsi həm Azərbaycanın idman nüfuzunun daha da yüksəlməsinə, həm də voleybolun inkişafına əlavə təkan verəcək.

Ümumilikdə, beynəlxalq voleybol turnirlərinin Azərbaycanda keçirilməsi həm ölkəmizin idman nüfuzunun güclənməsinə, həm də voleybolun inkişafına və geniş kütlə arasında populyarlaşmasına xidmət edən strateji əhəmiyyətli amildir.

Yaqut Ağaşahqızı, “İki sahil”

Seçilən
49
ikisahil.az

1Mənbələr