AZ

"Süni intellekt vasitəsilə saxta mətnlər, şəkillər və videolar yaratmaq daha asan olub" - Elmira Mehdiyeva

Müasir dövrdə texnologiyanın sürətli inkişafı insan həyatının bütün sahələrinə öz təsirini göstərir. Xüsusilə rəqəmsal yeniliklər gündəlik fəaliyyətlərimizi asanlaşdırmaqla yanaşı, düşüncə tərzimizi və qərarvermə prosesimizi də dəyişir. Bu dəyişikliklər fonunda yeni texnoloji anlayışlar meydana çıxır və qısa müddətdə cəmiyyətin ayrılmaz hissəsinə çevrilir. Belə yeniliklərdən biri də son illərdə geniş müzakirə olunan və müxtəlif sahələrdə tətbiq edilən süni intellektdir.

Mövzu ilə bağlı "Yeni Fikir" JHİB-nin sədri Elmira Mehdiyeva QHT.az-a açıqlama verib.

E.Mehdiyevanın sözlərinə görə, süni intellektin inkişafı mərhələli şəkildə baş verərək ideyadan real tətbiqə keçib: "Süni intellekt  həyatımıza tədricən və müxtəlif mərhələlərlə daxil olub. Bu proses əsasən texnologiyanın inkişafı ilə əlaqəli olub. Əvvəlcə ideya ortaya atıldı, sonar isə tətbiq başladı".

Elmira Mehdiyeva bildirib ki, ilkin dövrlərdə süni intellekt texniki məhdudiyyətlər səbəbindən yalnız sadə funksiyaları yerinə yetirə bilirdi: "20-ci əsrin ortalarında alimlər ilk süni intellekt ideyalarını irəli sürdülər. Lakin o dövrdə kompüterlərin gücü məhdud olduğuna görə süni intellekt  yalnız sadə məsələlərin həllində istifadə olunurdu".

Sədr vurğulayıb ki, texnologiyanın inkişafı və internetin yayılması süni intellektin sürətli tərəqqisinə səbəb olub: "Sonrakı illərdə kompüterlərin sürəti və yaddaş imkanları artdıqca, süni intellekt daha geniş sahələrdə tətbiq olunmağa başladı. Xüsusilə 2000-ci illərdən sonra internetin yayılması və böyük həcmli məlumatların toplanması süni intellektin inkişafını sürətləndirdi. Qısaca desək, süni intellekt əvvəlcə elmi tədqiqat sahəsi kimi yaranıb, sonra texnologiyanın inkişafı ilə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib".

Elmira Mehdiyeva qeyd edib ki, süni intellektin populyarlığı onun məlumat emalı və geniş tətbiq imkanları ilə bağlıdır: "Süni intellektin bu qədər populyar olmasının bir neçə əsas səbəbi var. Süni intellekt böyük həcmli məlumatları emal edə bilir. Bu qabiliyyət onun əsas üstünlüklərindən biridir. İnternet, sensorlar, mobil cihazlar və digər mənbələrdən böyük miqdarda məlumat yığılır.  Süni intellekt alqoritmləri bu məlumatları sürətli şəkildə təhlil edir. Sosial şəbəkələrdə,  tibb sahəsində, maliyyə sahəsində ondan istifadə olunur. Tətbiqlərinin çoxalması da onun gündəlik həyatda populyarlığını artırıb. Məsələn, səsli köməkçilər, avtomatik tərcümə və çatbotlar artıq insanların həyatının bir hissəsinə çevrilib. Süni intellekt media və sosial şəbəkələrə də təsir edir. Süni intellektlə bağlı xəbərlər, yeni tətbiqlər və bəzən də şişirdilmiş gözləntilər insanların diqqətini çəkir".

Sədr əlavə edib ki, süni intellektin inkişafı ilə yanaşı müəyyən risklər və mənfi təsirlər də mövcuddur: "Süni intellektin populyarlığının mənfi tərəfləri də var və bunları nəzərə almaq vacibdir. Əvvəla, onun iş yerlərinə təsiri müzakirə olunur. Bəzi sahələrdə süni intellekt insan əməyini əvəz edə bilər və bu da işsizliyin artması deməkdir. Digər bir məsələ məxfilik və məlumat təhlükəsizliyidir. Həmçinin, yanlış və ya qərəzli qərarlar problemi də var".

Elmira Mehdiyeva diqqətə çatdırıb ki, süni intellektin sui-istifadəsi informasiya təhlükəsizliyi baxımından ciddi problemlər yaradır: "Süni intellekt vasitəsilə saxta mətnlər, şəkillər və videolar (deepfake) yaratmaq daha asan olub, bu da insanların doğru ilə yanlışı ayırmasını çətinləşdirir".

Sədr yekun olaraq bildirib ki, bu risklərin qarşısını almaq üçün maarifləndirmə və düzgün istifadə vacibdir: "Süni intellektlə bağlı mənfi tərəflərin qarşısını almaq üçün müxtəlif tədbirlərin görülməsi vacibdir. Bu tədbirlərdən ən vacibi təhsil və maarifləndirmədir. İnsanlara süni intellektin imkanları və riskləri haqqında məlumat verilməlidir ki, onlar texnologiyadan daha düzgün istifadə edə bilsinlər".

Fatimə Nəbiyeva

Seçilən
74
qht.az

1Mənbələr