Məhz buna görə də mən bu şərəfli və məsuliyyətli yolu seçdim...
Müəllim – insanın yaddaşında silinməz iz qoyan, zaman keçsə də unudulmayan müqəddəs bir addır. O, hər bir şagirdin həyat yolunda görünməz, amma dərin izlər buraxan bir rəhbər, bir işıqdır. Müəllimlik isə sadəcə bir peşə deyil – zamanın içindən keçərək gələcəyə uzanan müqəddəs bir körpüdür. Bu körpünün hər daşında bir insan taleyi, hər addımında bir ümid işığı yaşayır. Müəllim sinfə daxil olduğu an sanki qaranlıq bir otağa günəş doğur. Onun səsi bilik, baxışı isə inam bəxş edir. O, yalnız dərs demir – o, ruhlara toxunur, düşüncələrə istiqamət verir, həyatlara yön verir. Bəzən bir şagird üçün müəllim sadəcə dərs deyən biri deyil; o, yol göstərən işıq, çətin anlarda dayaq, uğura aparan ilk addımın müəllifidir.
Bəli, müəllim olmaq çətindir. Amma bu çətinliyin içində böyük bir ucalıq və müqəddəslik var. Çünki müəllim cəmiyyətin görünməyən memarıdır – o, insan yetişdirir, insan isə dünyanı dəyişir. Məhz buna görə də həqiqi müəllimlər heç vaxt unudulmur; onlar şagirdlərinin yaddaşında yaşayır, onların uğurlarında davam edir və hər zaman ehtiramla xatırlanırlar.
Müəllim qəlbi səbrin, fədakarlığın və sevginin ən saf mənbəyidir. O, bəzən yorğun gözlərinin arxasında gizlətdiyi ümidlərlə sabaha güvən qurur, bəzən də bir şagirdin uğurunda öz həyatının ən böyük sevincini tapır. Onun üçün ən qiymətli mükafat nə alqışdır, nə də diplom – illər sonra “mənə yol göstərən müəllimim olub” deyən bir insanın varlığıdır. Çünki bir şagirdin səmimi təşəkkürü müəllimin qazandığı ən böyük sərvətdir, onun xatirələrdə yaşamasıdır.

Belə müəllimlərdən biri də 287 nömrəli Zəkalar liseyinin ingilis dili müəllimi, Əməkdar müəllim Fatimə Süleymanovadır. O, yalnız fənnini tədris edən deyil, eyni zamanda, şagirdlərinin qəlbində iz qoyan, onların gələcəyinə işıq saçan dəyərli bir pedaqoqdur. Onun dərsləri biliklə yanaşı inam aşılayır, sözləri isə şagirdlərinin yaddaşında uzun illər yaşayır. O, şagirdlərinin xatirəsində hörmət, sevgi və minnətdarlıqla qalan müəllimlərdəndəndir.
- İlk olaraq, sizi daha yaxından tanıyaq. Özünüzü necə təqdim edərdiniz və ingilis dili müəllimi kimi bu günə qədər qazandığınız uğurları necə dəyərləndirirsiniz?
- Fatimə Süleymanova Hüseynbala qızı, praktik ingilis dili müəllimiyəm. “Praktik” sözünün arxasında çox geniş və zəngin bir pedaqoji fəaliyyət dayanır. İngilis dili müəllimi kimi fəaliyyətimə uşaq bağçasında başlamışam, daha sonra orta məktəbdə, ardınca isə universitetdə – Bakı Dövlət Universitetində və Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarında davam etdirmişəm.
Demək olar ki, Britaniya Şurasının Azərbaycan müəllimləri üçün həyata keçirdiyi bir çox layihələrin iştirakçısı olmuşam. Bunlara “XXI əsr müəllimi”, “Fun English”, SABAH qrupları və digər mühüm proqramlar daxildir. Paralel olaraq, təlimçi-metodist və Dövlət İmtahan Mərkəzinin eksperti kimi də fəaliyyət göstərmişəm və bu gün də bu sahədə işimi davam etdirirəm.
Təlimçi kimi Azərbaycanın bir çox rayonlarında ingilis dili müəllimləri ilə işləmək, onlarla təcrübə mübadiləsi aparmaq mənim üçün çox dəyərli olub. Pedaqoji fəaliyyətim 3 yaşından 63 yaşına qədər müxtəlif yaş qruplarını əhatə edir. Bu isə mənə fərqli yaş kateqoriyalarının öyrənmə xüsusiyyətlərini yaxından anlamaq imkanı verib.
2010–2012-ci illərdə İctimai Televiziyada yayımlanan “A-dan Z-yə” ingilis dili proqramının aparıcılarından biri olmuşam. Bu layihə vasitəsilə daha geniş auditoriyaya ingilis dilini sevdirmək və öyrətmək imkanı qazanmışam.
Uğurlarıma gəldikdə isə, 2010 və 2015-ci illərdə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qaliblərindən biri olmuşam. 2019-cu ildə isə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşəm. Bu nailiyyətlərin hər biri sənətimə olan sevgimin, peşəmə sədaqətimin və uzun illərin gərgin əməyinin nəticəsidir.
Eyni zamanda, insanın uğur qazanmasında onun ətrafındakı xoşniyyətli, məramlı və dəstək olan insanların rolu danılmazdır. Uğurlarına sevinən, səni ruhlandıran və yanında olan insanların varlığı həqiqətən də çox böyük motivasiya mənbəyidir.
Əlbəttə ki, mənim üçün ən böyük uğur şagirdləriminç tələbələrimin və müdavimlərimin nailiyyətləri, onların özlərinə inam qazanması və ingilis dilini həyatlarının ayrılmaz hissəsinə çevirmələridir. İllər ərzində yüzlərlə şagirdin uğur yoluna şahid olmaq mənim üçün ən dəyərli mükafatdır.
-İngilis dilinə marağınız necə yarandı və bu sahəni seçməyinizə nə təsir etdi?
-İngilis dilinə marağım məktəb illərindən başlayıb. Açığını desəm, mən riyaziyyat və ya kimya müəllimi də ola bilərdim və yaxud da başqa bir peşə seçə bilərdim. Lakin həyat yolumu məhz ingilis dili ilə bağlamağımda müəllimimin – Vaqif Şəfiyevin böyük rolu olub.
Mən Sumqayıt şəhəri 21 nömrəli orta məktəbin məzunuyam.1975–1981-ci illərdə bizim məktəbdə, o dövr üçün olduqca müasir sayılan bir ingilis dili linqafon kabineti var idi. Bu, məhz Vaqif müəllimin təşəbbüsü və zəhməti sayəsində mümkün olmuşdu. O, bizə yalnız ingilis dilini öyrətmirdi; eyni zamanda fəal və interaktiv təlim metodlarından istifadə edərək dərsləri maraqlı və yaddaqalan edirdi.
Vaqif müəllimin başqa bir özəlliyi isə milli-mənəvi dəyərlərimizi bizə sevdirməsi idi. O, hər dərsin əvvəlində Üzeyir Hacıbəyov və digər böyük bəstəkarlarımızın musiqilərindən birini səsləndirər, onun haqqında qısa məlumat verərdi. Beləliklə, o, bizə həm xarici dili, həm də öz milli mədəniyyətimizi sevdirirdi. Bir sözlə, o, əsl müəllim nümunəsi idi.
Bundan əlavə, ingilis dili bizim üçün dünyaya açılan bir pəncərə idi. Bu dilin beynəlxalq ünsiyyət vasitəsi olması, müxtəlif mədəniyyətlərə, elmi yeniliklərə və zəngin bilik mənbələrinə çıxış yaratması məni həmişə cəlb edib. Zaman keçdikcə bu maraq daha da dərinləşdi və nəhayət, peşə seçimimə çevrildi.

-Müxtəlif peşələr arasında niyə məhz müəllimlik ixtisasını seçdiniz?
-Uşaq olarkən gələcəkdə müxtəlif peşələrin sahibi olmağı arzulamışam – həkim, musiqiçi, müəllim və daha neçə-neçə sahə mənə maraqlı görünürdü. Lakin son nəticədə seçimimə ən böyük təsiri məhz müəllimim Vaqif Şəfiyev göstərdi.
Onun şəxsiyyətində və fəaliyyətində müəllimlik peşəsinin əsl mahiyyətini gördüm. Mən anladım ki, müəllimlik sadəcə bir peşə deyil; bu, cəmiyyətə töhfə vermək, insan həyatına işıq tutmaq və gələcəyin formalaşmasında iştirak etmək missiyasıdır.
İnsanların inkişafına, onların düşüncə tərzinə və gələcəyinə təsir göstərmək, həyatlarında iz qoymaq müəllimlik peşəsini mənim üçün son dərəcə dəyərli və xüsusi edir. Məhz buna görə də mən bu şərəfli və məsuliyyətli yolu seçdim.
-Sizin üçün müəllimlik, xüsusilə ingilis dili müəllimliyi nə ifadə edir?
-Mənim üçün müəllimlik sadəcə bilik ötürmək deyil, insan həyatına toxunmaq, ilham vermək və gələcəyin formalaşmasına töhfə verməkdir. Bu peşə böyük məsuliyyət, eyni zamanda böyük mənəvi zənginlik tələb edir. Müəllim şagirdin yalnız akademik inkişafında deyil, həm də şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır.
Xüsusilə ingilis dili müəllimliyi mənim üçün daha geniş məna daşıyır. İngilis dili sadəcə bir fənn deyil; bu, dünyaya açılan bir pəncərədir. Bu dili öyrətməklə mən şagirdlərimə müxtəlif mədəniyyətləri tanımaq, qlobal düşünmək, beynəlxalq ünsiyyət qurmaq və sonsuz bilik mənbələrinə çıxış əldə etmək imkanı yaradıram.
Eyni zamanda, ingilis dili müəllimi olmaq şagirdlərdə özünəinam yaratmaq, onları sərbəst düşünməyə və fikirlərini ifadə etməyə təşviq etmək deməkdir. Mənim üçün ən böyük sevinc, şagirdlərimin bu dili həyatlarının ayrılmaz hissəsinə çevirməsi, onun vasitəsilə yeni uğurlar qazanması və dünyada öz yerlərini tapmasıdır.
Bir sözlə, müəllimlik mənim həyat missiyamdır, ingilis dili müəllimliyi isə bu missiyanı qlobal ölçüdə həyata keçirmək imkanıdır.

-Sizcə, uğurlu ingilis dili müəllimi olmaq üçün ən vacib keyfiyyətlər hansılardır?
-Təkcə ingilis dili müəllimi deyil, ümumiyyətlə müəllim olmaq üçün səbir, peşəkarlıq, empatiya, yaradıcılıq və daim öyrənməyə açıq olmaq əsas keyfiyyətləridir. Bundan əlavə, şagirdləri motivasiya etmək və onlarda özünəinam yaratmaq çox vacibdir. İndiki şagirdləri təəccübləndirmək çox çətindir. Öz ixtisasında peşəkar olmaq üçün biz müəllimlər şagirdlərimizdən də çox şeylər öyrənməliyik.
-İlk dərs gününüzü necə xatırlayırsınız? Şagirdlərlə ilk təcrübəniz necə keçmişdi?
-Müəllimlik fəaliyyətimə uşaq bağçasında başlamışam. O dövrdə uşaq bağçalarında xarici dilin tədrisi hələ geniş yayılmamışdı. Buna görə də dərs proqramını və fəaliyyətləri əsasən özümüz hazırlayırdıq.
Dərslərimizi uşaqların yaş xüsusiyyətlərinə uyğun şəkildə qururduq. Oyunlar, əyani vəsaitlər, oyuncaqlar, rollu oyunlar və simulyasiya fəaliyyətləri tədris prosesinin əsasını təşkil edirdi. Məqsədimiz uşaqlarda ingilis dilinə qarşı maraq yaratmaq, öyrənmə prosesini əyləncəli, canlı və yaddaqalan etmək idi.
Zaman keçdikcə və uşaqlar böyüdükcə, dərslərimizin məzmunu və metodları da mərhələli şəkildə inkişaf edirdi. Onların yaşına, maraqlarına və öyrənmə səviyyələrinə uyğun olaraq fəaliyyətləri daha da təkmilləşdirirdik. Bu yanaşma həm onların dil bacarıqlarının inkişafına, həm də öyrənməyə olan həvəsinin artmasına kömək edirdi.
Bu ilk təcrübə mənə öyrətdi ki, öyrənmə nə qədər maraqlı, interaktiv və şagirdyönümlü olarsa, bir o qədər uğurlu nəticələr əldə etmək mümkündür. Məhz həmin illər müəllimlik fəaliyyətimin möhkəm təməlini qoydu.

-Təhsil aldığınız dövrdə sizə dərs deyən müəllimlərdən yadda qalan və sizi formalaşdıran hansı məqamlar olub?
-Təhsil aldığım illərdə mənə dərs deyən müəllimlər arasında Azərbaycanda ingilis dili təhsilinin inkişafında böyük rolu olan görkəmli şəxsiyyətlər də olub. Onlardan ikisi – Oruc Musayev və İsmixan Rəhimov – mənim formalaşmağımda xüsusi yer tuturlar.
Hər biri ilə bağlı çox dəyərli və xoş xatirələrim var. Onların peşələrinə böyük sevgi və məsuliyyətlə yanaşmaları, tələbələrinə fərdi münasibət göstərmələri və hər birimizin potensialını üzə çıxarmağa çalışmaları mənə dərin təsir edib.
Ən əsası isə, onlar bizə yalnız bilik vermirdilər, eyni zamanda, daim öyrənməyə, öz üzərimizdə çalışmağa və inkişaf etməyə həvəsləndirirdilər. Bu yanaşma mənim sonrakı pedaqoji fəaliyyətimdə də əsas prinsiplərimdən birinə çevrilib.
Bu gün müəllim kimi fəaliyyət göstərərkən, onların peşəkarlığından, insanpərvərliyindən və pedaqoji ustalığından öyrəndiklərimi öz işimdə tətbiq etməyə çalışıram.

-İllər ərzində şagirdlərdə müşahidə etdiyiniz ən böyük dəyişikliklər nələrdir?
-İllər ərzində şagirdlərdə ciddi və diqqətəlayiq dəyişikliklər müşahidə etmişəm. Müasir şagirdlər daha məlumatlı, texnologiyaya daha yaxın, daha sərbəst və müstəqil düşünmə qabiliyyətinə malikdirlər. Onların maraqları və öyrənmə tərzləri əvvəlki illərlə müqayisədə xeyli dəyişmişdir.
Bu dəyişikliklər təbii olaraq müəllimdən də daha çevik, innovativ və şagirdyönümlü yanaşma tələb edir. Dərs prosesini effektiv etmək üçün ilk növbədə şagirdlərin ehtiyaclarını, maraqlarını və öyrənmə üslublarını düzgün müəyyənləşdirmək vacibdir.
Sadəcə məlumat ötürmək artıq kifayət etmir. Şagirdləri informasiya ilə yükləmək əks nəticə verə bilər. Əsas məqsəd onların maraqlarını düzgün istiqamətləndirmək, öyrənməni mənalı və tətbiqyönümlü etməkdir.
- Müasir dövrdə şagirdlərin ingilis dilinə marağını necə qiymətləndirirsiniz?
- Dərs dediyim müddət ərzində şagirdlərin ingilis dilinə marağının ildən-ilə artdığını müşahidə edirəm. Artıq məktəbə gələndə uşaq müəyyən səviyyədə ingilis dili bacarığına malik olur. Bunlar müxtəlif video oyunlar oynamaq, ingiliscə cizgi filmlərinə baxmaq sayəsində olur. Müasir dövrün şagirdləri texnologiya vasitəsilə daha sürətlə dünyaya inteqrasiya olublar və ingilis dili bu prosesdə əsas vasitələrdən birinə çevrilib.
Ən vacib məqamlardan biri odur ki, şagirdlər artıq ingilis dilinin gələcək təhsil və karyera imkanları üçün nə qədər əhəmiyyətli olduğunu daha yaxşı dərk edirlər. Bu da onların motivasiyasını artırır və dili öyrənməyə daha şüurlu yanaşmalarına səbəb olur.

- Dərslərinizdə hansı metod və yanaşmalardan daha çox istifadə edirsiniz?
- Dərslərimdə əsasən şagirdyönümlü və interaktiv tədris yanaşmalarından istifadə edirəm. Mənim üçün ən vacib məqsəd şagirdlərin dərs prosesində fəal iştirakını təmin etmək və onları düşünməyə, analiz etməyə və tətbiq etməyə yönləndirməkdir.
Bu məqsədlə müxtəlif metodlardan istifadə edirəm. Kommunikativ yanaşma (communicative approach) mənim dərslərimin əsasını təşkil edir, çünki dilin real ünsiyyət vasitəsi kimi öyrədilməsi çox vacibdir. Şagirdlərin marağını artırmaq və dərsi daha cəlbedici etmək üçün fəal təlim üsullarından istifadə edirəm. Dərslərdə müzakirələr, problem həll etmə tapşırıqları və interaktiv fəaliyyətlər şagirdlərin daha aktiv olmasına kömək edir.
Bundan əlavə, tapşırıq əsaslı öyrənmə (task-based learning), qrup işi, rol oyunları və simulyasiyalar da geniş istifadə etdiyim üsullardandır.
Bütün bunlar şagirdləri real həyatda ingilis dilinin tətbiqinə yönəldir və öyrənilən biliklərin praktik bacarıqlara çevrilməsinə şərait yaradır.
Eyni zamanda, texnologiyadan da aktiv istifadə edirəm. Şagirdlər də interaktiv platformalar, onlayn resurslar və müxtəlif rəqəmsal alətlərdən istifadə edərək kiçik layihı işləri hazırlayırlar ki, bu da öyrənmə prosesini daha effektiv və müasir edir.
Ümumilikdə, mənim yanaşmam şagirdlərin həm dil bacarıqlarını, həm də tənqidi düşünmə və əməkdaşlıq bacarıqlarını inkişaf etdirməyə yönəlib.
- Şagirdlərə ingilis dilini daha effektiv öyrənmək üçün hansı tövsiyələri verirsiniz?
- Şagirdlərimə hər zaman tövsiyə edirəm ki, ingilis dilini yalnız dərs fənni kimi deyil, gündəlik həyatlarının ayrılmaz bir hissəsi kimi qəbul etsinlər. Xarici dili öyrənməyin ən təsirli yolu onu müntəzəm şəkildə həyatımıza daxil etməkdir. Bunun üçün hər gün ingilis dilində nəsə oxumaq, dinləmək, film və ya videolar izləmək çox faydalıdır.
Lakin dil öyrənməyin ən vacib mərhələsi onu praktikada istifadə etməkdir. Buna görə də şagirdlər mümkün qədər çox danışmağa çalışmalıdırlar. Səhv etməkdən qorxmamaq vacibdir, çünki səhvlər öyrənmə prosesinin təbii və ayrılmaz hissəsidir. Dil yalnız istifadə edildikcə inkişaf edir.
Eyni zamanda, davamlılıq uğurun əsas şərtidir. Kiçik, lakin müntəzəm addımlar uzunmüddətli nəticələr verir. Müəllim də öz növbəsində sinifdə zəngin və dəstəkləyici dil mühiti yaratmalı, şagirdlərə dili real ünsiyyət vasitəsi kimi istifadə etmək imkanı verməlidir. Belə olduqda öyrənmə prosesi həm daha effektiv, həm də daha maraqlı olur.
- İngilis dili müəllimi olmaq istəyən gənclərə hansı məsləhətləri verərdiniz?
- İngilis dili müəllimi olmaq istəyən gənclərə ilk növbədə bu peşəni sevərək seçməyi tövsiyə edərdim. Müəllimlik sadəcə bir ixtisas deyil; bu, böyük məsuliyyət, fədakarlıq və insan həyatına təsir göstərmək imkanı verən şərəfli bir missiyadır. Bu sahədə uğur qazanmaq üçün peşənizi həqiqətən sevmək çox vacibdir. Eyni zamanda, müəllim daim öz üzərində işləməli, yeniliklərə açıq olmalı və öyrənməyi heç vaxt dayandırmamalıdır. Təhsil sahəsi daim inkişaf edir və müəllim bu dəyişikliklərlə ayaqlaşmalıdır. Mən özüm də peşəkar inkişafıma hər zaman böyük önəm vermişəm. Bu yaxınlarda fəal öyrənməyə həsr olunmuş sayca beşinci beynəlxalq onlayn kursumu uğurla başa vurmuşam. Bundan əlavə, həm ölkəmizdə, həm də xaricdə çoxsaylı beynəlxalq təlim və kurslarda iştirak etmişəm.
Mən inanıram ki, müəllim özü öyrənmədən başqalarına öyrədə bilməz. Ona görə də gənc müəllimlərə tövsiyəm budur: daim araşdırın, yenilikləri izləyin, öz bilik və bacarıqlarınızı inkişaf etdirin. Unutmayın ki, öyrənən müəllim, öyrədən müəllimdir.
-Tədris prosesində əldə etdiyiniz ən yaddaqalan uğur və ya hadisə hansıdır?
-Tədris fəaliyyətim boyunca mənim üçün ən böyük və ən yaddaqalan uğur, şübhəsiz ki, şagirdlərimin nailiyyətləridir. Onların beynəlxalq imtahanlarda yüksək nəticələr əldə etməsi, xaricdə nüfuzlu universitetlərdə təhsil almağa nail olması və sonradan qazandıqları uğurları mənimlə bölüşməsi mənə böyük qürur və sevinc hissi yaşadır. Müəllim üçün bundan dəyərli mükafat təsəvvür etmək çətindir.
Şagirdlərimin uğurlarını görmək, onların həyat yolunda müəyyən iz buraxa bildiyimi hiss etmək mənim üçün ən böyük motivasiya mənbəyidir. İllər sonra belə onların öz nailiyyətlərini sevinclə mənimlə paylaşmaları müəllim-şagird münasibətinin nə qədər dəyərli və davamlı olduğunu göstərir.
Digər tərəfdən, müəllimlik fəaliyyətimin dövlət tərəfindən yüksək qiymətləndirilməsi də mənim üçün xüsusi əhəmiyyət daşıyır. “İlin ən yaxşı müəllimi” müsabiqəsində qalib olmağım və “Əməkdar müəllim” fəxri adına layiq görülməyim peşəmə olan sevgimin, uzun illər ərzində göstərdiyim səylərin və əməyimin dəyərli bir təsdiqidir. Bu etimad mənə gələcək fəaliyyətimdə daha böyük məsuliyyət və ilham verir.
-Azərbaycan təhsil sistemində xarici dillərin tədrisini necə qiymətləndirirsiniz?
-Son illərdə xarici dillərin tədrisində mühüm irəliləyişlər var. Müəllimlərimiz ingilis dilinin təkmilləşdirilməsi və tədrisinin metodikası ilə bağlı müxtəlif kurslara qatılırlar.Hazırda gənc nəslin ingiliscə savadı əvvəlki nəslə nisbətən daha yüksəkdir. Bununla belə, daha çox praktik ünsiyyətə, danışıq bacarıqlarına və müasir metodlara üstünlük verilməlidir.
-Sosial şəbəkələrin və internetin geniş yayıldığı dövrdə şagirdlərin diqqətini dərsə yönəltmək üçün hansı üsullardan istifadə edirsiniz?
-Müasir dövrdə şagirdlərin diqqətini dərsə cəlb etmək müəllimdən daha yaradıcı və çevik yanaşma tələb edir. Əgər dərs yalnız müəllimmərkəzli, yəni sanki “bir aktyorun oyunu” formasında qurularsa, şagird təbii olaraq özü üçün daha maraqlı hesab etdiyi başqa fəaliyyətlərə yönələcək.
Buna görə də dərslərimi mümkün qədər interaktiv və şagirdyönümlü şəkildə təşkil etməyə çalışıram. İnteraktiv tapşırıqlar, rəqəmsal alətlər, oyun elementləri və real həyatla əlaqəli fəaliyyətlər şagirdlərin diqqətini cəlb etməkdə və onları dərs prosesinə fəal şəkildə cəlb etməkdə çox effektivdir.
Eyni zamanda, müəllim daim yenilənməli və dövrün tələblərinə uyğunlaşmalıdır. Mən hesab edirəm ki, müəllim şagirddən ən azı bir addım irəlidə olmalıdır. Bu, həm texnologiyadan istifadə bacarığında, həm də müasir tədris metodlarını tətbiq etməkdə özünü göstərməlidir.
Belə olduqda, dərs şagird üçün sadəcə öyrənmə prosesi deyil, həm də maraqlı və motivasiyaedici bir təcrübəyə çevrilir.

-Şagirdlərdə ingilis dilinə qarşı qorxu və ya çətinlik hissinin yaranmasının səbəbləri nədir və bunun qarşısını necə almaq olar?
-Şagirdlərdə ingilis dilinə qarşı qorxu və ya çətinlik hissi, əksər hallarda, səhv etməkdən çəkinməkdən qaynaqlanır. Xüsusilə danışıq zamanı onlar yanlış ifadə işlətməkdən və ya tənqid olunmaqdan narahat olurlar. Bu isə onların öz fikirlərini sərbəst ifadə etmələrinə mane ola bilər.
Mən dərslərimdə çalışıram ki, şagird danışarkən onun sözünü kəsməyim və səhvlərini dərhal düzəltməyim. Çünki bu, onun özünəinamını azalda bilər. Əvəzində, əlavə tapşırıqlar, fərdi geribildirim və uyğun fəaliyyətlər vasitəsilə səhvlərini fərq etməsinə və düzəltməsinə kömək edirəm.
İnanıram ki, dəstəkləyici, təhlükəsiz və motivasiyaedici öyrənmə mühiti yaradıldıqda şagird özünü daha rahat hiss edir. Belə bir mühitdə o, səhv etməkdən qorxmur, daha fəal iştirak edir və öz potensialını tam şəkildə ortaya qoya bilir. Dil öyrənməyin təbii bir proses olduğunu və səhvlərin bu prosesin ayrılmaz hissəsi olduğunu şagirdlərə hiss etdirmək çox vacibdir.
-Şagirdlərin danışıq bacarığını inkişaf etdirmək üçün hansı üsullardan istifadə edirsiniz?
-Dil, ilk növbədə, ünsiyyət vasitəsidir və məktəbdə ingilis dilinin tədrisinin əsas məqsədi şagirdlərə bu dildən real həyatda səmərəli şəkildə istifadə etməyi öyrətməkdir. Buna görə də şagirdlərin danışıq bacarığının inkişafı mənim üçün ingilis dili tədrisinin ən vacib istiqamətlərindən biridir.
Bu məqsədlə dərslərimdə müxtəlif interaktiv və kommunikativ fəaliyyətlərdən istifadə edirəm. Rol oyunları, debatlar, cütlük və qrup müzakirələri şagirdlərin sərbəst danışmasına, fikirlərini aydın ifadə etməsinə və ünsiyyət bacarıqlarını inkişaf etdirməsinə geniş imkan yaradır. Bu fəaliyyətlər onların həm dil bacarıqlarını, həm də tənqidi düşünmə və əməkdaşlıq vərdişlərini formalaşdırır.
Eyni zamanda, təqdimatlar və gündəlik ünsiyyət situasiyalarına əsaslanan tapşırıqlar da dərslərimdə mühüm yer tutur. Real həyat kontekstinə uyğun fəaliyyətlər şagirdlərə dili təbii şəkildə tətbiq etməyə kömək edir, onların özünəinamını artırır və dili öyrənməyə maraqlarını gücləndirir.
Mənim əsas məqsədim şagirdlər üçün elə bir öyrənmə mühiti yaratmaqdır ki, onlar ingilis dilində danışarkən özlərini rahat, sərbəst və inamlı hiss etsinlər.
-Hazırda istifadə olunan ingilis dili dərsliklərini necə qiymətləndirirsiniz? Onlarda nələrin təkmilləşdirilməsinə ehtiyac var?
-İngilis dili dərslikləri ümumilikdə müasir tədris prinsiplərinə uyğun hazırlanıb və şagirdlərin dil bacarıqlarının inkişafına xidmət edir. Hazırda istifadə 5-ci və 6-cı siniflərdə “Cambridge University Press and Assessment”-in dərsliklərindən olan “Game Changer” dərsliyindən istifadə olunur. Yuxarı siniflərdə isə milli dərsliklərimizdir. Açığını desəm, mən “Game Changer”-dən əvvəlki nəşri daha çəx bəyənirəm, həm dizaynına, həm də məzmununa görə. Hər halda, dərsliklərdə kommunikativ yanaşma, inteqrasiya olunmuş bacarıqların inkişafı və müxtəlif mövzuların əhatə olunması müsbət cəhətlərdəndir.
Dərsliklərin daha da təkmilləşdirilməsinə həmişə ehtiyac var. Xüsusilə, materialların şagirdlərin yaş xüsusiyyətlərinə, maraq dairələrinə və real həyat təcrübələrinə daha uyğunlaşdırılması vacibdir. Mövzuların gündəlik həyatla, müasir texnologiyalarla və şagirdlərin aktual maraqları ilə daha sıx əlaqələndirilməsi onların motivasiyasını artırar.
Eyni zamanda, dərsliklərdə tənqidi düşünmə, problem həlli, yaradıcılıq və əməkdaşlıq kimi XXI əsr bacarıqlarını inkişaf etdirən tapşırıqların sayı daha çox ola bilər. Rəqəmsal resursların və interaktiv komponentlərin genişləndirilməsi də öyrənmə prosesini daha cəlbedici və effektiv edər.
Ən əsası isə, dərslik müəllim üçün bir vasitə olmalıdır, məqsəd deyil. Müəllim onu yaradıcı şəkildə zənginləşdirərək şagirdlərin ehtiyaclarına uyğunlaşdırmalıdır. İngilislər demişkən “The best teachers teach from the heart, not from the book.” – Ən yaxşı müəllimlər kitabdan deyil, ürəkdən öyrədirlər.
-İmtahan sisteminin şagirdlərin xarici dil biliklərini obyektiv qiymətləndirdiyini düşünürsünüzmü? Sizcə, hansı dəyişikliklər daha faydalı ola bilər?
-Mövcud imtahan sistemi şagirdlərin ingilis dili üzrə biliklərini müəyyən səviyyədə obyektiv şəkildə qiymətləndirməyə imkan verir. Xüsusilə qrammatika, oxu və dinləmə bacarıqlarının ölçülməsi baxımından bu sistem öz funksiyasını yerinə yetirir.
Lakin dilin mahiyyəti yalnız nəzəri biliklərlə məhdudlaşmır. Dil, ilk növbədə, ünsiyyət vasitəsidir. Buna görə də, şagirdlərin danışıq bacarıqlarının da qiymətləndirmə prosesinə daxil edilməsi olduqca vacibdir. Çünki bir dili həqiqətən bilmək, onu real həyat situasiyalarında sərbəst və effektiv şəkildə istifadə edə bilmək deməkdir.
Hesab edirəm ki, qiymətləndirmə sistemi daha balanslı olmalı və dilin bütün əsas bacarıqlarını — oxu, yazı, dinləmə və danışığı əhatə etməlidir. Xüsusilə şifahi ünsiyyət bacarıqlarının qiymətləndirilməsi şagirdləri dili praktik şəkildə öyrənməyə daha çox motivasiya edər və onların real kommunikativ kompetensiyalarını daha dolğun şəkildə üzə çıxarar.

-Gələcək planlarınız nələrdir? Tədris sahəsində hansı yenilikləri tətbiq etməyi düşünürsünüz?
-2003-cü ildən etibarən Elm və Təhsil Nazirliyi və Britaniya Şurasının dəstəyi ilə təlimçi kimi fəaliyyət göstərirəm. Bu illər ərzində Azərbaycanın müxtəlif rayonlarından olan ingilis dili müəllimləri ilə işləmək, bilik və təcrübəmi onlarla bölüşmək imkanı əldə etmişəm. Bu, mənim üçün həm peşəkar, həm də şəxsi baxımdan olduqca dəyərli bir təcrübədir.
Hazırda Kembric Universitetinin növbəti onlayn kursunu uğurla başa vurduqdan sonra əldə etdiyim yeni bilik və bacarıqları həmkarlarımla bölüşməyə davam edirəm. Mən inanıram ki, müəllimin peşəkar inkişafı davamlı olmalı və əldə olunan təcrübə paylaşılmalıdır.
Gələcək planlarım sırasında müasir texnologiyaların, xüsusilə süni intellekt əsaslı alətlərin tədris prosesinə daha geniş inteqrasiyası mühüm yer tutur. Bu vasitələr öyrənmə prosesini daha fərdiləşdirilmiş, interaktiv və effektiv etməyə imkan yaradır.
Eyni zamanda, innovativ tədris metodlarının tətbiqini genişləndirməyi, müəllimlərin peşəkar inkişafına dəstək göstərməyi və şagirdləri gələcəyin tələblərinə uyğun hazırlamağı qarşıma əsas məqsəd qoymuşam. Mənim üçün əsas hədəf öyrənməyi daha maraqlı, əlçatan və nəticəyönümlü etməkdir.
İllərin zəhməti, fədakarlığı və bu müqəddəs peşəyə həsr olunmuş bir ömür...
40 illik pedaqoji təcrübəyə malik Fatimə müəllimə ilə həm müsahibədən öncə, həm də müsahibə zamanı apardığımız söhbət mənim üçün olduqca təsirli və düşündürücü oldu. Onun simasında, baxışlarında və danışıq tərzində illərin zəhməti, fədakarlığı və bu müqəddəs peşəyə həsr olunmuş bir ömür aydın şəkildə hiss olunurdu. Sanki hər bir cizgi onun şagirdləri üçün sərf etdiyi illərin canlı yaddaşı idi. Söhbətimiz əsnasında Fatimə müəllimə arzularından da söz açdı. O, pedaqoji fəaliyyətini davam etdirdiyi məktəbin müasir standartlara uyğun şəkildə yenilənməsini, təmir olunmasını arzuladığını bildirdi. Onun fikrincə, həm müəllimlərin, həm də şagirdlərin daha yüksək akademik uğurlar əldə etməsi üçün təhsil mühiti mühüm rol oynayır. Çünki müasir və rahat təhsil şəraiti uğurların daha da artmasına, inkişafın isə daha sağlam şəkildə davam etməsinə imkan yaradır.
Onun bu düşüncələri bir daha göstərir ki, həqiqi müəllim yalnız bu günü deyil, gələcəyi düşünür. O, sadəcə dərs deməklə kifayətlənmir, eyni zamanda, təhsilin keyfiyyətinin yüksəlməsi üçün şəraitin və imkanların yaxşılaşdırılmasına ürəkdən yanaşır. Çünki onun üçün məktəb sadəcə bir təhsil binası deyil, gələcəyin formalaşdığı, uğurların doğulduğu müqəddəs bir məkandır.
Sonda isə Fatimə müəlliməyə bu səmimi müsahibə üçün dərin təşəkkürümü bildirir, ona gələcək pedaqoji fəaliyyətində uğurlar arzulayıram. Onun kimi müəllimlərin varlığı təhsilimizin ən böyük dəyəri, ən güclü dayağıdır.
Yaqut Ağaşahqızı, “İki sahil”