AZ

İranın neft sanksiyalarından yayınma sxemi ifşa olundu – 800 milyon dollarlıq gizli şəbəkə



İrana qarşı beynəlxalq sanksiyalardan yayınmaq üçün istifadə olunduğu iddia edilən iri neft qaçaqmalçılığı sxemi barədə yeni məlumatlar ortaya çıxıb.

“Fox News”un yaydığı məlumata görə, Tehran təxminən 800 milyon dollar dəyərində neftin daşınması üçün dənizdə mürəkkəb gizlətmə və saxtalaşdırma sistemindən istifadə edir. Bildirilir ki, bəzi tankerlər özlərini İraq limanlarına məxsus kimi göstərərək real hərəkət istiqamətlərini gizlədir.

Dəniz süni intellekt monitorinqi üzrə ixtisaslaşmış “Windward AI” şirkətinin məlumatına əsasən, bu gəmilər AIS (avtomatik identifikasiya sistemi) siqnallarını saxtalaşdıraraq İraq sularında olduqları görüntüsünü yaradır, əslində isə İran limanlarında yükləmə əməliyyatları həyata keçirir.

Kəşfiyyat orqanlarının diqqətini çəkən əsas fakt isə dörd iri VLCC tankeridir. Bu gəmilərin müxtəlif saxta reyestrlərdən istifadə etdiyi və identifikasiyalarını dəyişdirdiyi bildirilir. Məlumata görə, söhbət milyonlarla barel neftin qeyri-rəsmi şəkildə daşınmasından gedir.

Analitiklər bu mexanizmi sanksiyalardan yayınmaq üçün yaradılmış geniş şəbəkənin tərkib hissəsi kimi qiymətləndirirlər. Hazırda beynəlxalq qurumlar məsələni araşdırır və dəniz daşımalarına nəzarətin gücləndirilməsi müzakirə olunur.



Seçilən
37
aia.az

1Mənbələr