AZ

Niyə müsəlmanların bəxti heç yerdə gətirmir?

Hüseynbala Səlimov

Bu günlərdə qardaş Türkiyəylə bağlı kiçik sorğu-araşdırma oxudum. Bəri başdan deyim ki, heç də ürəkaçan olmadı bu və etiraf edim ki, xeyli məyus oldum.
Qərəz, məlum oldu ki, bəs qardaş ölkədə 2020-ci ildə 44717 nəfər, 2025-ci ildəsə 59780 adam dövlət institutlarını və prezidenti təhqir etdiyinə görə bu və ya digər dərəcədə hüquqi təzyiqə məruz qalıbdır.
Müqayisə üçün bu, da qeyd edilirdi ki, 2014-cü ildə bu ədəd cəmi 132 nəfər olub! Bəli, çox da ürək açmayan statistika təxminən beləydi, əgər səhv etmirəmsə...
Heç vaxt özümüzü Türkiyənin iç siyasəti üzrə xüsusi bir bilgili mütəxəssis saymamaşıq, amma nə qədər qonşu İranla və Rusiyayla maraqlanmışıqsa, bundan da bəlkə də on dəfə artıq qardaş Türkiyəni diqqətdə saxlamağa çalışmışıq, çünki Ankaranın bizim həyatımızda oynadığı rol bu iki ölkədən qat-qat çoxdur: nə gizlədək, Rusiyaya da, İrana da daha çox təhlükəsizlik aspektindən yanaşırıq, bu iki ölkə bizim üçün daha çox potensial təhlükə - təhdid mənbəyi kimi çıxış edir, Türkiyəsə həm bu iki təhlükənin qarşısında bizim üçün bir növ sipərdir, həm də bir dövlətçilik oriyentiridir: çox şeyi onlardan öyrənməyə cəhd etmişik və güman, bundan sonra da edəcəyik. Mən hələ onu demirəm ki, bu ölkə hələ ötən əsrin əvvələrindən təkcə bizim elmi-mədəni intellektuallarımızın yox, elə siyasi intellektuallarımızın da bir cazibə mərkəzi olub, çox siyasi yeniliklər-innovasiyalar məhz oradan başlayıb...
Odur, nəzərlərmiz daim Ankaradadır. Amma sanki qardaş ölkə hərdən missiyasını unudur, özü də gah geri, gah da irəli vurnuxmalar edir. Belə halda biz də-gənc türk dövlətlərinin cəmiyyətləri də çox çaşır, oriyentiri itiririk, nəyə, hara can atacağımızı bilmirik.
Səmimi deyirəm, bu ədədlərə az qala, təlaşla baxıram. Həm də ona görə ki, çox yox, otuzca il bundan əvvəl başqa Türkiyə də vardı axı! Bəli, 132 və az qala, 60 min! Qorxulu tendensiyadan xəbər vermirmi? Axı çox da uzaq olmayan keçmişdə bu ölkədə rəhmətlik Bülənt Ecevit kimi siyasətçi vardı, hansı ki, tam ali təhsil haqqında sənədi olmadığına görə prezident ola bilmədi və ona müvafiq qanunu dəyişməyi təklif edəndə qəti buna razılıq vermədi...
Amma Bülənt bəy kim idi? Az qala, Kipr türklərini qırılmaqdan xilas edən, faktiki olaraq Abdulla Öcalan kimi terrorçunun həbsinə nail olan, hətta ölkənin Avropa İttifaqı ilə münasibətlərinə böyük impuls verən adam! Onun haqqında bəziləri yazırdı ki, qərbçi və hətta solçu olan Ecevit hökumət başına keçəndə ən böyük millətçi olurdu! Əlbəttə, başqa necə ola bilərdi ki? Öz millətini sevməyən adam başqa millətləri, hətta bəşəriyyəti-insanlığı da sevə bilməz!
Sözsüz, tarixdə elə “millətçi”lər də olub ki, Tanrı özü millətləri onların “sevgi”sindən qorusun! Belələri də çox olub tarixdə: adam bəzən düşünür ki, almanları Adenauer daha çox sevirdi, yoxsa manyak Hitler? Adenauer siyasət adamı idi, amma az qala, bir psixoloq kimi almanların beynini bəzi “zəhərlər”dən təmizləməyə çalışırdı və məhz belə siyasətçilərin sayəsində görün, bir nə oldu?
Manyak Hitler almanları böyük fəlakətə gətirdi, onları 2-ci Dünya müharibəsində uduzdurdu, amma Adenauer kimilər etdilər? Belə bir zarafatyana deyim var ki, İkinci dünya müharibəsini uduzan almanlar sakitcə, səssiz - səmirsiz “üçüncü müharibəni” uddular! Bəli, Adenauer kimilərin sayəsində...
Predmetdən çox uzaqlaşdıq. Əlbəttə, qardaş Türkiyə həmişə bir az mürəkkəb ölkə olub: çoxsaylı hərbi çevrilişlər, çətin anlar, amma ölkə, sonuncu çevriliş cəhdini (gülənçiləri nəzərdə tuturuq!) nəzərə almasaq, 80-ci illərdən başlayaraq bir növ sabitlik zolağına çıxmışdı. 80-90-cı illərin siyasi nəsli xatırlayar, onda rəhmətlik Dəmirəl qardaş ölkənin ən “siyasətcil” adamlarından biri sayılırdı, hətta bəziləri onu ölkəni daim “qarışdıranlardan” biri hesab edirdi. Amma Dəmirəlin vaxtında məncə, Türkiyə daha demokratik idi...
Üstəgəl, bu adam məncə, heç bizim Azərbaycançün də az iş görmədi, nəinki Özaldan, hətta indiki prezident Ərdoğandan az diqqət yetirmirdi Azərbaycana - əlbəttə, bizimkilər arasında da ondan narazı olanlar da vardı və sözsüz, hər şeyin dürüstünü o dövrdə böyük siyasətin içində olan adamlar bilirlər.
Amma illər keçəndən sonra adam bir adicə siyasi təhlilçi kimi öz subyektiv təxminlərini çox çək-çevir edərək görür ki, bəzi məqamlarda Dəmirəl düz edirdi, Azərbaycanı stabil zolağa çıxarmaq üçnn müəyyən şeyləri etmək lazım idi, onda Azərbaycana ən çox stabillik lazım idi...
Bəli, Azərbaycan artıq nisbi də olsa, həmin stabil zolağa çıxıbdır və bundan sonrası artıq bizlikdir, azərbaycanlıların işidir. Özümüz addımlaya biləcəyikmi? Yoxsa yenidən dostlar üçün problem olacaq və heç cür valideynin himayəsindən çıxa bilməyən uşaqlar kimi qalmaqda davam edəcəyik?..
O ki qaldı prezident Ərdoğana, insanların çoxu onun haqqında kifayət qədər məlumatlıdır. Düzü, adam heç vaxt böyük demokrat olmayıb, üstəgəl, bu adam siyasətə gələndə bizim intellektual siyasət adamlarının da çoxu deyirdi ki, bizim üçün də ən optimal demokratiya modeli budur, ifrat Qərb demokratiyası bizə yaramaz. Yadıma gəlir, bizim savadlı siyasi analitikimiz vardı–rəhmətlik Zəfər Quliyev. Bir dəfə bu xüsusda onunla da xeyli söhbət etmişdik. Belə söhbətlərin bilirsiniz, önəmi, hətta gözəlliyi nədəydi? O vaxt insanlar sanki axtarışdaydılar. İndi elə bil bizə düşünməyi də yasaq ediblər, ya da özümüz tərgitmişik bunu! Bir səbəbi də budur ki, çoxu barışıb ki, bir xalq kimi bizə yaraşan elə indiki siyasi reallıqlar, indiki siyasi sistemdir. Yenə yadıma bir detal da düşür. Səhv etmirəmsə, rəhmətlik Zəfər Quliyev də bir dəfə öz yazılarında Şimali və Cənubi Koreydan misal çəkərək soruşmuşdu ki, indi deyin mənə, bu iki ölkənin, sistemin hansı daha çox koreyalılara uyğundur?
Bilirsiniz, bunu niyə yada saldım? Bu gün də hamı deyir ki, əşi, boynumuzdan yuxarı tullana bilmərik, özümüz nəyiksə, ərsəyə gətirdiymiz dövlətçilik modeli də budur!
Hələ onu demirəm ki, çoxu hələ də hətta düşünür ki, demokratiya-filan, ümumiyyətlə, müsəlmanlar üçün deyil. Belə fikirlərə həm də müasir dünyadakı reallıqlar sövq edir adamları: indi “qərbyönümlü”, “qərbçi”, “qərbpərəst” kimi anlayışlar əvvəlki məzmununu itirib. İnsanlar deyir ki: “Siz harada görürsünüz o Qərbi? Avropalılarla amerikalılar indi az qala, biri-birinə nifərt edir, hətta Avropa Çindən çox ABŞ-dan ehtiyat edir!”..
Nə demək olar? Müəyyən mənada haqlıdırlar. Amma demokratiyanı, insan haqlarını yalnız Qərblə bağlamaq lazım deyil, bütün bəşəriyyətin dəyərləridir bu! ABŞ-da vaxtilə ilk demokratiya (quldarlıq demokratiyası olsa da!) yarananda nə Avropa Şurası vardı, nə Avropa İttifaqı, nə BMT, nə ATƏT və nə də ki, qeyriləri!..
İnanın, insanlar yenə də hərlənib –fırlanıb buna qayıdacaqlar, çünki başqa yol yoxdur, hər şeydən imtina edə bilərik, amma insanlıqdan ki, durub imtina edə bilməyəcəyik! İndi neyləyək? Durub keçmişdəki, nə bilim, yüz–iki yüz il bundan əvvəl bəzi Afrika qəbilələrindəki kimi biri-birimizin ətini yeyək? Çox təəssüf, bahalı qalstuk taxmaq, dünyanın ən bahalı kostyumlarını geyinmək, nə bilim, kompüterdən girib ən müasir telefondan çıxmaq, hətta bir neçə dil də bilmək hələ müasir və mədəni adam olmaq demək deyil. Deyilənə görə, Mussolini kimi siyasi təlxək, demək olar ki, ilk faşistlərdən biri, düz yeddi xarici dil bilirmiş!..
Sovet vaxtı riyaziyyatçı akademik P.Aleksandrovun xatirələrindən oxumuşdum. Yazırdı ki, vaxtilə Almaniyada olanda konsertə, klassik musiqi dinləməyə getmişdim. Xatırlayırdı ki, qarşımda çox nimdaş bir pencəkdə bir nəfər oturmuşdu, həm də mənə çox tanış gəlirdi. Deyirdi ki, mənimlə konsertə gələn alman həmkarımın qulağına pıcıldadım ki, adam mənə çox tanış gəlir. Alman həmkarım pıcıldadı ki, Eynşteyndir...

Seçilən
11
musavat.com

1Mənbələr