AZ

Lombard kreditlərinə tələbat niyə yüksəkdir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Lombard kreditlərinə tələbat kifayət qədərdir. Bu kreditlərin faizlərinin bank kreditlərindən daha yüksək olmasına baxmayaraq, əhali bankdan pul ala bilməyəndə lombarda üz tutur. Lombardların bu qədər geniş yayılmasının səbəbi nədir? 

İqtisadçı alim Vüsalə Əhmədova mövzu ilə bağlı açıqlamasında Banco.az-a bildirib ki, lombard kreditlərinə tələbatın yüksək olması daha çox ölkənin maliyyə sistemindəki struktur problemlərin göstəricisidir:

"Bank istehlak kreditlərinin aylıq faizi 1-2% olduğu halda, lombard kreditlərinin aylıq faizi 4%-ə yaxındır. Lakin, lombard kreditlərinin faizləri bank kreditlərindən yüksək olsa da, əhalinin əksəriyyəti lombard kreditlərinə üz tuturlar. Əgər bank sektoru əhalinin müəyyən hissəsinə kredit vermirsə, bazarda boşluq yaranır. Bu boşluğu da lombardlar doldurur. Çünki, banklar kredit verərkən rəsmi gəlir sənədi, iş yerindən arayış, varsa kredit tarixçəsi, girov və ya zamin tələb edir.

Bir çox insanın rəsmi maaşı yoxdur və ya kredit tarixçəsi zəifdir və ya bir çoxları girov və ya zamin tapmaqda çətinlik çəkir. Buna görə də, bankdan kredit ala bilmirlər və alternativ maliyyəyə üz tuturlar. Qısası, bank sektoru riskdən qaçır, bu zaman yüksək riskli seqment qeyri-bank sektoruna keçir. Həmçinin də, əgər iqtisadiyyatda qeyri-rəsmi məşğulluq böyükdürsə, insanlar gəlirini sənədləşdirə bilməyəcək. Gəliri qeyri-rəsmi olan bu şəxslər də, bank sistemində gəlir göstərə bilmədikləri üçün lombarda yönəlirlər. Eləcə də, ölkədə ciddi inflyasiya varsa, əhalinin alıcılıq qabiliyyəti zəifləyir".

İqtisadçının sözlərinə görə, nəticədə insanlar ay sonuna çatmaq üçün qısa müddətli borca ehtiyac duyurlar: "Təcili pula ehtiyacı olan insanların ümid yeri isə lombardlardır. Hansı ki, bankda proses günlərlə çəkə bilir. Ayrıca, banklar bəzən çox kiçik məbləğlər üçün kredit verməkdə maraqlı olmurlar və ya prosedur ağır olur. Lombard isə kiçik məbləğləri rahatlıqla verir. Ümumilikdə, əhali gəlirlərinin aylıq, sabit və yetərli olmaması lombard bazarını böyüdür.

Qısası, əksəriyyət insanların aktivi (qızıl və ya qiymətli əşyası) var, amma likvidi (nağd pulu) yoxdur. Lombard həmin aktivi qısa müddətə pula çevirir. Nəticə etibarilə, maaşların zəif artımı, inflyasiya, istehlak təzyiqi və bank kreditinə əlçatmazlıq lombardların artmasına səbəb olur. Yəni, lombardların çoxluğu və onlara yüksək tələbat, çox vaxt ölkənin iqtisadi sistemində dərin problemlərin əlamətidir".

Seçilən
44
1
banco.az

2Mənbələr