Azərbaycan voleybolu son illərdə həm regionda, həm də beynəlxalq arenada qazandığı uğurlarla ölkənin idman imicində mühüm yer tutmağa davam edir. Milli komandaların çıxışları, klubların Avropa miqyaslı yarışlarda iştirakı və gənc idmançıların yetişdirilməsi bu sahədə həyata keçirilən sistemli işlərin nəticəsi kimi dəyərləndirilir. Bu istiqamətdə görülən işlər, Azərbaycan Voleybol Federasiyasının strategiyası, yerli yarışların inkişafı, beynəlxalq turnirlərin ölkədə təşkili və gənclər üçün yaradılan imkanlar voleybolun kütləviliyinə və peşəkarlıq səviyyəsinin yüksəlməsinə mühüm töhfə verir.
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinin rəhbəri Şəfəq Kərimova “İki sahil”ə müsahibəsində ölkə voleybolunun inkişaf hədəfləri, gələcək prioritetlər və strateji planlar barədə suallarımızı cavablandırıb.

-Son illərdə Azərbaycan voleybolçularının beynəlxalq arenada əldə etdiyi uğurlar ölkəmizin idman səhnəsində necə qiymətləndirilir? Bu nailiyyətlərin qazanılmasında federasiyanın hansı strategiyaları və layihələri xüsusi rol oynayıb?
-2025–2026-cı illər mövsümündə həm klublarımızın, həm də milli komandalarımızın beynəlxalq yarışlarda iştirakı bizim üçün çox önəmlidir. Azərbaycan Voleybol Federasiyasının inkişaf strategiyasında əsas məqsədlərdən biri məhz klub və milli səviyyədə beynəlxalq arenada davamlı təmsil olunmaqdır. Bu baxımdan cari mövsümü ümumilikdə müsbət qiymətləndiririk. Aşağı yaş qrupları üzrə milli komandalarımız — yeniyetmə və gənclər — artıq Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) yarışlarında və Avropa Çempionatının təsnifat mərhələlərində iştirak ediblər. Bu çıxışlar onların inkişafı baxımından çox əhəmiyyətlidir. Eyni zamanda, qadın və kişi milli komandalarımızın Avropa Liqasında iştirakı da qarşıdakı dövr üçün ciddi təcrübə vəd edir. Təbii ki, əsas məqsədimiz iştirak etdiyimiz yarışlarda uğurlu nəticələr əldə etmək və ölkəmizi layiqincə təmsil etməkdir. Lakin onu da qeyd etmək lazımdır ki, yüksək nəticələrin əldə olunması üçün beynəlxalq təcrübə həlledici rol oynayır. Bu baxımdan hər bir yarış idmançılarımız üçün vacib bir inkişaf mərhələsidir.
-Ölkə daxili çempionatlar, liqalar və gənc voleybolçular üçün təşkil olunan yarışlar milli komandaya seçkilərdə hansı əhəmiyyətə malikdir və gənc idmançıların inkişafına necə töhfə verir?
-Artıq ikinci mövsümdür ki, aşağı yaş qrupları üzrə (U-14, U-16, U-18) Azərbaycan birinciliyi təşkil olunur. Bildiyiniz kimi, bu yarışlarda paytaxtdan və bölgələrdən olan qız və oğlan komandaları çempionluq uğrunda mübarizə aparıblar. Ümumilikdə 170 komanda iştirak edib. Oyunlar həm bölgələrdə, həm də Bakıda təşkil olunub. Yarımfinal və final qarşılaşmaları isə Bakıda keçirilib. Qarşılaşmalar olduqca maraqlı və gərgin mübarizə şəraitində keçib. Bu oyunları federasiya rəhbərliyi və milli komandaların baş məşqçiləri izləyiblər. Baş məşqçilər perspektivli gənc oyunçuları müəyyən edərək onların milli komandaya cəlb olunmasını planlaşdırırlar.
Bu il Yüksək Liqa yarışları da kifayət qədər maraqlı və gərgin keçib. İştirakçı komandalar demək olar ki, eyni səviyyədə olub və hər biri çempionluğa iddialı çıxış edib. Federasiyanın əsas məqsədlərindən biri də məhz güclü və rəqabətli çempionatın təşkilidir. Çünki oyunçular mövsüm ərzində nə qədər çox oyun təcrübəsi qazanar və yüksək səviyyəli çempionatda iştirak edərsə, bir o qədər peşəkar və güclü idmançıya çevrilər.

-Azərbaycan tərəfindən ev sahibliyi edilən beynəlxalq voleybol turnirləri ölkənin idman nüfuzunun artırılmasına və voleybolun ölkə daxilində populyarlığının yüksəlməsinə hansı şəkildə təsir göstərir?
-Azərbaycan Voleybol Federasiyası olaraq bildiririk ki, ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq voleybol turnirləri Azərbaycanın idman nüfuzunun möhkəmlənməsində və voleybolun ölkə daxilində daha geniş yayılmasında mühüm rol oynayır.
Belə yarışların təşkili ilk növbədə Azərbaycanın beynəlxalq idman ictimaiyyətində etibarlı tərəfdaş və yüksək təşkilatçılıq təcrübəsinə malik ölkə kimi tanınmasına xidmət edir. Eyni zamanda, dünya səviyyəli komandaların ölkəmizdə çıxış etməsi idman infrastrukturunun inkişafını və müasir standartlara uyğunluğunu bir daha nümayiş etdirir.
Bununla yanaşı, beynəlxalq turnirlər voleybolun kütləviliyinin artmasına ciddi təsir göstərir. Yarışların geniş ictimaiyyətə təqdim olunması, media vasitəsilə yayımlanması və canlı izlənilməsi uşaqlar və gənclər arasında bu idman növünə marağı artırır, yeni idmançıların yetişməsinə stimul verir.
Eyni zamanda, yerli idmançıların güclü rəqiblərlə qarşılaşması onların təcrübə və bacarıqlarının yüksəlməsinə şərait yaradır ki, bu da milli və klub komandalarının ümumi səviyyəsinin artmasına töhfə verir.
Qeyd edirik ki, 2026-cı ilin avqust ayında Azərbaycanda qadınlar arasında keçiriləcək Avropa çempionatının C qrup oyunları təşkil olunacaq. Bu mühüm yarışın ölkəmizdə keçirilməsi həm Azərbaycanın idman nüfuzunun daha da yüksəlməsinə, həm də voleybolun inkişafına əlavə təkan verəcək.
Ümumilikdə, beynəlxalq voleybol turnirlərinin Azərbaycanda keçirilməsi həm ölkəmizin idman nüfuzunun güclənməsinə, həm də voleybolun inkişafına və geniş kütlə arasında populyarlaşmasına xidmət edən strateji əhəmiyyətli amildir.
-Milli komandaların Avropa və dünya çempionatları kimi yüksək səviyyəli yarışlara hazırlıq prosesi necə təşkil olunur? Federasiya bu hazırlıqda idmançıların performansını artırmaq və uğurlu nəticələr əldə etmək üçün hansı addımlar atır?
-May ayından etibarən qadın və kişi milli komandalarımız Avropa Liqası yarışlarına hazırlığa start verəcək. Komandalarımız hazırlıq çərçivəsində təlim-məşq toplanışları ilə yanaşı, yoxlama oyunları da keçirəcək. Hazırlıq prosesi məşqçi heyəti ilə yanaşı həkimlərin nəzarəti altında həyata keçirilir. Fiziki, texniki və taktiki məşqlər təşkil olunur. Həm məşqçilər, həm də oyunçular ciddi hazırlıq prosesi keçirlər ki, oyunlarda ən yaxşı formada olsunlar.
-Gənclərin voleybola cəlb olunması və perspektivli idmançıların beynəlxalq səviyyəyə hazırlanması üçün federasiya tərəfindən həyata keçirilən xüsusi proqramlar, akademiyalar və təşəbbüslər hansılardır?
-Bu gün Azərbaycan Voleybol Federasiyası tərəfindən yaradılan Regional Voleybol Klublarında yüzlərlə qız və oğlan məşq edir. Onlar üçün həm bölgələrdə, həm də paytaxtda lazımi şərait yaradılıb. Mütəmadi olaraq seçimlər aparılır, seçilən perspektivli idmançılar milli komandalara cəlb olunurlar.
Bununla yanaşı, həmin idmançılarla çalışan məşqçilərin təcrübələrinin artırılması məqsədilə xüsusi seminarlar təşkil olunur. Ən əsası isə bu komandalar Azərbaycan birinciliklərində iştirak edirlər. Bu gün birinciliklərdə qalib olan komandaların əksəriyyəti region təmsilçiləridir.
-Azərbaycan voleybolunun beynəlxalq arenada mövqeyini gücləndirmək və gələcək illərdə yeni uğurlara imza atmaq üçün federasiya hansı strateji hədəfləri, inkişaf planlarını və uzunmüddətli prioritetləri müəyyən edib?
-Azərbaycan Voleybol Federasiyası olaraq bildiririk ki, beynəlxalq arenada ölkə voleybolunun mövqeyinin gücləndirilməsi və davamlı uğurların əldə olunması məqsədilə kompleks inkişaf strategiyası həyata keçirilir. Əsas prioritetlərdən biri uşaq və gənclər voleybolunun genişləndirilməsi, bölgələrdə seleksiya işlərinin sistemli şəkildə aparılması və istedadlı idmançıların erkən yaşlardan milli komandaların hazırlıq prosesinə cəlb olunmasıdır. Bununla yanaşı, milli komandaların beynəlxalq yarışlara daha yüksək səviyyədə hazırlanması üçün təlim-məşq toplanışlarının, yoxlama oyunlarının və elmi-metodik dəstəyin gücləndirilməsi əsas istiqamətlərdəndir. Eyni zamanda, klublarımızın inkişafı, regionlarda infrastrukturun təkmilləşdirilməsi və yarış sisteminin daha da genişləndirilməsi federasiyanın uzunmüddətli hədəfləri sırasındadır.
Yaqut Ağaşahqızı, “İki sahil”