AZ

Londonda təhsil alan azərbaycanlı tələbə: Elektrik mühəndisliyi gələcəyin açarıdır MÜSAHİBƏ

London, 30 aprel,

İmperial Kollec Londonda elektrik və elektronika mühəndisliyi üzrə təhsil alan azərbaycanlı tələbə Sadiq Sadıxzadə bu sahəyə marağının formalaşmasından, Böyük Britaniyada qazandığı təcrübədən və gələcək planlarından danışıb. O bildirib ki, hazırda bakalavriat pilləsinin üçüncü, yəni son kursunda təhsil alır. 2023-cü ildə Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyindən məzun olan Sadiq məktəb illərində fizika olimpiadalarında fəal iştirak edib və Azərbaycanı bir sıra beynəlxalq yarışlarda təmsil edib.

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində təhsil alan tələbə bu imkanların ona qazandırdıqlarını AZƏRTAC-a müsahibəsində bölüşüb.

- İmperial Kollecdə elektrik və elektron mühəndisliyini seçməyinizin əsas səbəbi nə olub?

- İmperialda bu ixtisas üzrə fakültə professor heyətinin genişliyi ilə seçilir. Bu, bakalavr səviyyəsində çox önəmlidir, çünki tələbələr hələ hansı sahə üzrə ixtisaslaşacaqlarını dəqiq bilmirlər. Müxtəlif istiqamətlər üzrə çalışan professorların olması daha geniş və çoxşaxəli təhsil almağa imkan yaradır.

- Bu sahəyə marağınız necə yaranıb?

- 10-cu sinfə qədər fizika və ya riyaziyyat oxumağı düşünürdüm. Daha sonra praktikaya və real problemlərə daha yaxın sahə seçmək istədim və bu məni mühəndisliyə yönəltdi. Araşdırdıqca elektrik və elektronika mühəndisliyi mənə daha maraqlı gəldi.

- Təhsil proqramı sizə hansı bacarıqları qazandırır?

- Proqram güclü fundamental baza yaradır. İlk iki ildə əsasən məcburi fənlər tədris olunur və bu, tələbələrə möhkəm təməl qazandırır. Dərslərin laboratoriya hissələri nəzəri biliklərin praktik tətbiqini göstərir. Bundan əlavə, hər ilin sonunda həyata keçirilən qrup layihələri komanda işi, layihə idarəetməsi və sistem mühəndisliyi kimi vacib bacarıqları inkişaf etdirir.

- Dövlət Proqramı sizə hansı imkanları yaradıb?

- Bu proqram sayəsində dünyanın aparıcı universitetlərindən birində təhsil almaq imkanı qazandım. Fərqli ölkələrdən olan istedadlı tələbələrlə tanış oldum, sahəsinin aparıcı alimlərindən dərs aldım və bütün bunları maddi çətinlik çəkmədən Londonda yaşamaq imkanı ilə birləşdirdim.

- Hansı layihələrdə iştirak etmisiniz?

- Təhsil müddətində elektromaqnit siqnalları qəbul edib emal edən pultlu “rover” və iki təkər üzərində balans saxlayan avtonom robot kimi layihələrdə çalışmışam. Bundan əlavə, yay aylarında naqilsiz enerji ötürülməsi və ikiayaqlı robot platformalarının hazırlanması ilə bağlı tədqiqatlarda iştirak etmişəm.

- Bu sahənin qlobal əhəmiyyəti nədən ibarətdir?

- Elektrik və elektronika mühəndisliyi çox geniş tətbiq sahəsinə malikdir. Bu sahədə əldə olunan biliklər müxtəlif sektorlarda istifadə oluna bilər. Xüsusilə enerji məsələləri baxımından bu ixtisas həyati əhəmiyyət daşıyır. Təmiz enerjinin istehsalı və səmərəli paylanması mühəndislərin əsas vəzifələrindəndir.

- Londonda tələbə həyatı necədir?

- London elm və texnologiya baxımından çox zəngin mühitdir. Burada konfranslar, seminarlar və müxtəlif inkişaf imkanları genişdir. Eyni zamanda şəhər mədəni və sosial fəaliyyətlər üçün də çoxsaylı imkanlar təqdim edir.

- Xaricdə təhsilin çətin tərəfləri nələrdir?

- Mənim üçün əsas çətinlik təcrübə paylaşacaq azərbaycanlı mentorun olmaması idi. Bir çox şeyi özüm öyrənməli oldum. Lakin indi bu sahədə təhsil alan digər tələbələrin olması gələcəkdə bu boşluğu aradan qaldıracaq.

- Gələcək planlarınız nələrdir?

- Təhsilimi İsveçrədə ETH Zürich Universitetində magistratura səviyyəsində davam etdirəcəyəm. Məqsədim akademik karyera qurmaq və xüsusilə süni zəka və nəzəri neyroelm sahələrində araşdırmalar aparmaqdır.

- Azərbaycana qayıtmaq planınız varmı?

- Bəli. Gələcəkdə Azərbaycanda dünya səviyyəli araşdırma qrupu yaratmaq istəyirəm. Bu cür mərkəzlər ölkəyə həm elmi, həm də iqtisadi baxımdan böyük fayda verir.

- Gənclərə tövsiyəniz nədir?

- Təməl bilikləri dərindən öyrənmək çox vacibdir. Bu biliklər olmadan nə layihələri düzgün idarə etmək, nə də uğurlu karyera qurmaq mümkündür. Güclü baza sizə dəyişən dünyaya daha tez uyğunlaşmaq imkanı verir.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Seçilən
39
1
azertag.az

2Mənbələr