AZ

"Elektron sistemə keçid "şirinlik" kimi neqativ halların qarşısının alınması baxımından vacibdir" - Məzahir Məmmədli

Elm və Təhsil Nazirliyinin verdiyi qərara əsasən, bu ildən etibarən IX və XI sinif məzunlarına attestatlar elektron formada təqdim ediləcək. Bu yeniliyin təhsil sistemində şəffaflığın artırılması, sənədləşmə prosesinin sadələşdirilməsi və vaxt itkisinin azaldılması baxımından mühüm addım olduğu bildirilir.

Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli QHT.az-a açıqlama verib.

M.Məmmədlinin sözlərinə görə, sənədlərin elektron qaydada verilməsi ilə bağlı qərar bürokratik maneələrin aradan qaldırılmasına xidmət edir: "Bildiyiniz kimi, ötən ildən etibarən sənədlərin elektron qaydada verilməsi ilə bağlı qərar qəbul olunub. Bu addım indiyədək mövcud olan bürokratik əngəllərin aradan qaldırılması istiqamətində mühüm əhəmiyyət kəsb edir".

Məzahir Məmmədli bildirib ki, attestatların verilməsi zamanı qeyri-rəsmi ödənişlər narazılıq yaradırdı və elektron sistem bu halların qarşısını ala bilər: "Digər mühüm məsələ ümumtəhsil məktəblərində attestatların verilməsi zamanı yaranan narazılıq və gərginliklə bağlı idi. Hər il valideynlər arasında müəyyən problemlər müşahidə olunurdu. Bu hallar əsasən attestatların təqdim olunması prosesində qeyri-rəsmi ödənişlərin tələb edilməsi ilə əlaqədar idi. Bəzi hallarda bu ödənişlər “şirinlik” adı ilə əsaslandırılır, digər hallarda isə fərqli formalarda izah edilirdi. Elektron sistemə keçid bu kimi neqativ halların qarşısının alınması baxımından da mühüm rol oynayacaq".

Ekspert vurğulayıb ki, ali təhsil məzunlarının diplom alma prosesində gecikmələr ciddi çətinliklər yaradırdı: "Ali təhsil müəssisələrinin məzunları ilə bağlı da müəyyən çətinliklər mövcud idi. Belə ki, məzunlar diplomlarını əldə etmək üçün bəzən 4-5 ay gözləməli olurdular. Bu isə xüsusilə magistraturaya müraciət edənlər və ya əmək bazarına daxil olmaq istəyənlər üçün ciddi maneələr yaradırdı".

Ekspert qeyd edib ki, elektron sistem sənədlərin daha sürətli və rahat əldə olunmasını təmin edəcək: "Elektron sistemin tətbiqi ilə bu proses xeyli sadələşəcək. Artıq məzun olan şəxs diplomunu, ümumi orta göstəricisini və apostil sənədini daha operativ şəkildə əldə edə biləcək. Həmçinin bu sənədlərin elektron qaydada müvafiq qurumlara təqdim edilməsi də mümkün olacaq".

M.Məmmədli hesab edir ki, bu yenilik təhsil sahəsində inkişafı və beynəlxalq standartlara uyğunlaşmanı sürətləndirəcək: "Bu baxımdan hesab edirəm ki, qeyd olunan yenilik təhsil sahəsi üçün faydalı olmaqla yanaşı, ölkənin beynəlxalq standartlara uyğunlaşması istiqamətində də mühüm addımdır".

Fatimə Nəbiyeva

Seçilən
51
qht.az

1Mənbələr