AZ

Qlobal güclərin Yaxın Şərq rəqabəti və regional təhlükəsizlik: hüququn səsi, gücün dili və Azərbaycanın uğurlu strateji mövqeyi

Yaxın Şərq haqqında danışanda çox vaxt xəritəyə baxırıq. Amma əslində Yaxın Şərq sadəcə xəritədə bir region deyil. O, dünya siyasətinin sinir sistemidir. Burada baş verən hadisə neftin qiymətinə, dolların sabitliyinə, Avropanın enerji təhlükəsizliyinə, Çinin ticarət yollarına, Rusiyanın geopolitik manevr imkanlarına, ABŞ-ın qlobal liderlik iddiasına, Türkiyənin regional roluna, Azərbaycanın isə təhlükəsizlik və kommunikasiya strategiyasına təsir edir.
 
Bu günkü mənzərəni bir cümlə ilə ifadə etsək, belə demək olar: Yaxın Şərqdə güclər yalnız ərazi uğrunda deyil, gələcəyin qaydalarını kimin yazacağı uğrunda rəqabət aparırlar.
 
Son dövrlərdə ABŞ-İsrail-İran xəttində baş verən gərginlik bunu açıq göstərdi. 2025-ci ildə İsrail və ABŞ-ın İranın müdafiə və nüvə infrastrukturuna yönəlmiş zərbələri İranın hərbi imkanlarına və nüvə proqramına ciddi təsir göstərdi, 2026-cı ildə isə qarşıdurmanın daha geniş regional nəticələr doğurduğu müşahidə olunur.
 
Burada belə bir sual yaranır: beynəlxalq hüquq haradadır? BMT Nizamnaməsinin gücdən istifadəni qadağan edən prinsipi, dövlətlərin suverenliyi, ərazi bütövlüyü, mülki əhalinin qorunması, proporsionallıq və zərurət prinsipləri nəzəriyyədə beynəlxalq münasibətlərin əsas dayağıdır. Lakin real siyasətdə bəzən belə bir mənzərə yaranır: hüquq qaydanı müəyyən edir, amma güc həmin qaydanın tətbiq olunub-olunmayacağını həll edir.
 
Bu, beynəlxalq hüququn öldüyü anlamına gəlmir. Əksinə, beynəlxalq hüquq bu gün daha vacibdir. Sadəcə onun böhranı ondadır ki, böyük dövlətlər hüququ çox zaman universal prinsip kimi deyil, strateji alət kimi təqdim edirlər. Başqa sözlə, eyni davranış müttəfiq tərəfindən ediləndə “özünümüdafiə”, rəqib tərəfindən ediləndə “təcavüz” adlandırıla bilir. 
 
Buradan çıxarılan dərs isə budur: beynəlxalq hüquq sadəcə beynəlxalq müqavilələrin və beynəlxalq hüququn prinsiplərinin sadəcə bəyanı demək deyil, beynəlxalq hüquq güc münasibətləri içində hüququn necə işlədiyini anlamaqdır.
 
Beynəlxalq münasibətlər müstəvisində məsələyə yanaşdıqda qeyd edək ki, Yaxın Şərqdə rəqabət artıq təkcə ABŞ-İran və ya İsrail-İran qarşıdurması deyil. Burada ABŞ, Rusiya, Çin, Avropa İttifaqı, Türkiyə, Körfəz ölkələri və regional aktorlar eyni masada deyil, amma eyni şahmat taxtasındadırlar. Hər biri öz gedişini edir.
 
ABŞ üçün Yaxın Şərq üç əsas məsələdir: İsrailin təhlükəsizliyi, İranın nüvə və raket imkanlarının məhdudlaşdırılması, enerji və dəniz yollarına nəzarət. İran üçün isə məsələ rejimin təhlükəsizliyi, regional təsir şəbəkəsinin qorunması və çəkindirmə qabiliyyətidir.
 
İsrail üçün əsas prioritet İranın nüvə imkanlarının və onun regiondakı proksi qüvvələrinin neytrallaşdırılmasıdır.
 
Bu qarşıdurmada müasir silahların rolu xüsusilə diqqətəlayiqdir. Artıq müharibənin dili dəyişib. Əvvəl tank, top, canlı qüvvə əsas idi. İndi isə dronlar, hipersəs raketləri, süni intellektlə idarə olunan hədəf sistemləri, peyk kəşfiyyatı, elektron müharibə vasitələri və kibertəhlükələr ön plana çıxıb. Müharibə artıq təkcə səngərdə deyil, serverlərdə, peyklərdə, enerji sistemlərində və informasiya məkanında aparılır.
 
Bu isə bir həqiqəti göstərir: XXI əsrin müharibəsində ucuz texnologiya bahalı orduları sınağa çəkir. Bir neçə min dollarlıq dron milyonlarla dollarlıq hərbi texnikanı sıradan çıxara bilir. Amma eyni zamanda, müasir müharibələrin ümumi xərci də dəhşətli dərəcədə artır. 2026-cı ilin son statistik rəqəmləri acınacaqlı bir mənzərəni gözlər önünə sərir: Belə ki, 2025-ci ildə Yaxın Şərqdə hərbi xərclər təxminən 218 milyard ABŞ dolları olub, qlobal hərbi yük isə dünya ÜDM-nin 2,5 faizinə yüksəlib.
 
Bu rəqəmin təkcə hərbi statistika olmadığını hər halda izah etməyə ehtiyac yoxdur. Bu rəqəmlər həm də yarımçıq qalan məktəblərdən, tikilməyən xəstəxanalardan, gecikən sosial layihələrdən, yoxsullaşan ailələrdən, dağılan şəhərlərdən xəbər verir.
 
Təəssüf ki, məlum müharibənin xərci yalnız büdcə sənədində görünmür, o, insan talelərində görünür. Burada Rusiyanın son dövrlərdəki mövqeyi də ayrıca diqqətə layiqdir. Əvvəllər Yaxın Şərqdə Rusiya daha aktiv görünürdü: Suriya və İranla əməkdaşlıq, enerji diplomatiyası, silah satışı və Qərbə qarşı balans siyasəti. Amma son proseslərdə Rusiyanın sanki daha ehtiyatlı və passiv davrandığı görünür. Bunun bir neçə səbəbi var:
 
Birincisi, Ukrayna müharibəsi Rusiyanın hərbi, iqtisadi və diplomatik resurslarını ciddi şəkildə məşğul edib. İkincisi, Rusiya İranla yaxın münasibətlərə malik olsa da, İsraillə də tam qarşıdurmaya getmək istəmir. Üçüncüsü, Moskva bəzən birbaşa müdaxilə etmədən böhrandan faydalanmağa çalışır: enerji qiymətlərinin qalxması, Qərbin diqqətinin Ukraynadan Yaxın Şərqə yayınması və özünü vasitəçi kimi təqdim etmək imkanı. Bəzi təhlillərdə də qeyd olunur ki, 2025-ci ilin İsrail-İran qarşıdurması zamanı Rusiya Tehranı müdafiə etmək üçün ciddi əməli addımlar atmadı, bu isə təbii ki, onun regional təsir imkanlarının məhdudlaşdığını göstərdi.
 
Lakin Rusiyanı tam “oyundan çıxmış” hesab etmək də doğru olmaz. Rusiya bəzən səssiz qalmaqla da oynayır. Yəni passivlik bəzən zəiflikdir, bəzən isə başqa masada daha böyük sövdələşməyə hazırlaşmaqdır.
 
Azərbaycanın bu geosiyasi müstəvidə roluna necə qiymət vermək olar? Bəri başdan qeyd edək ki, ölkəmizin bu geosiyasi müstəvidə rolu getdikcə artır. Çünki Azərbaycan üç istiqamətin kəsişməsində yerləşir: Şimal-Cənub, Şərq-Qərb və Xəzər-Qara dəniz xətti. Bu, sadəcə coğrafi üstünlük deyil, siyasi kapitaldır. Azərbaycan həm enerji, həm nəqliyyat, həm də təhlükəsizlik baxımından böyük güclərin hesablamasında nəzərə alınan dövlətdir.
 
Son illərdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasətində əsas xətt balanslaşdırılmış, praqmatik və çoxvektorlu diplomatiyadır. Rəsmi açıqlamalarda da 2025-ci ildə Azərbaycanın nəqliyyat, enerji, rəqəmsal və ticarət qovşağı kimi mövqeyinin gücləndirilməsinin əsas istiqamətlərdən biri olduğu qeyd edilib.
 
Azərbaycanın əhəmiyyətini artıran birinci amil enerji təhlükəsizliyidir. Avropa enerji mənbələrini şaxələndirməyə çalışdıqca Azərbaycan qazı və Cənub Qaz Dəhlizi daha strateji rol oynayır. İkinci amil Orta Dəhlizdir. Rusiya üzərindən keçən ənənəvi marşrutların riskli görünməsi, İran və Yaxın Şərq istiqamətində gərginliklər, Qərb-Çin ticarətində alternativ yolların axtarışı Azərbaycanı tranzit mərkəzinə çevirir. 2025-ci ildə Azərbaycan-Ermənistan sülh prosesində Vaşinqtonda imzalanan sənədlər və TRIPP təşəbbüsü də Cənubi Qafqazı daha geniş geosiyasi nəqliyyat gündəminin mərkəzinə gətirdi. Təsadüfi deyil ki, nüfuzlu “Reuters” Agentliyinin məlumatına görə, həmin təşəbbüs enerji, texnologiya, sərhəd təhlükəsizliyi, infrastruktur və ticarət komponentlərini əhatə edən daha geniş regional sabitlik planı kimi təqdim olunmuşdu. Bu, o deməkdir ki, Azərbaycan artıq yalnız “münaqişədən çıxmış dövlət” kimi deyil, sülh sonrası regional arxitekturanı quran dövlət kimi görünür.
 
Amma burada incə bir nüansa da diqqət etmək lazımdır. Böyük güclərin Azərbaycana yaxınlaşması yalnız dostluq niyyəti ilə izah olunmamalıdır. Beynəlxalq münasibətlərdə dövlətlər bir-birinə simpatiyaya görə deyil, maraqlara görə yaxınlaşır. ABŞ Azərbaycanı enerji və nəqliyyat təhlükəsizliyi, İranın şimalında balans, Cənubi Qafqazda yeni düzən baxımından nəzərə alır. Avropa Azərbaycanı enerji və Orta Dəhliz baxımından önəmli tərəfdaş görür. Çin üçün Azərbaycan “Bir kəmər, bir yol” məntiqində Xəzər üzərindən Avropaya açılan qapıdır. Türkiyə üçün Azərbaycan həm qardaş dövlət, həm də Türk dünyasının coğrafi bağlantısının əsas sütunudur. Rusiya üçün Azərbaycan Cənubi Qafqazda təsirini tam itirməmək baxımından vacib tərəfdaşdır. İran üçün isə Azərbaycan həm qonşu, həm də daxili etnik-siyasi həssaslıqlar baxımından diqqətlə izlənilən dövlətdir.
 
Bu mənzərədə Azərbaycanın əsas uğuru ondan ibarət olmalıdır ki, o, böyük güclərin rəqabət obyektinə deyil, regional gündəmin subyektinə çevrilsin. Yəni başqalarının planında “keçid ərazisi” yox, öz planını həyata keçirən dövlət olsun. Bu uzaqgörən strategiyanı isə söz yox ki, Azərbacan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla gerçəkləşdirməkdədir.
 
Təbii ki, heç də asanlıqla qazanılmayan bu nailiyyətin davamlı olması regional təhlükəsizliyin təmin olunmasından asılıdır. Sabit regional təhlükəsizliyə isə bir neçə yolla çatmaq olar:
 
Birinci yol sülh müqavilələrinin və sərhəd razılaşmalarının tamamlanmasıdır. Şübhəsiz ki, Ermənistanla davamlı sülh Cənubi Qafqazı müharibə coğrafiyasından əməkdaşlıq coğrafiyasına çevirəcəkdir.
 
İkinci yol kommunikasiya xətlərinin açılmasıdır. Bağlı sərhədlər və blokadalar regionu zəiflədir, açıq yollar isə dövlətləri qarşılıqlı asılılığa gətirir. Qəribə səslənsə də, etiraf etmək lazımdır ki, qarşılıqlı asılılıq həmişə tam sülh yaratmasa da, müharibənin qiymətini artırır.
 
Üçüncü yol texnoloji təhlükəsizlikdir. Azərbaycan yalnız klassik ordu quruculuğu ilə kifayətlənmir. Ölkəmizdə son dövrlərin yenilikləri və islahatları onu deməyə əsas verir ki, kibertəhlükəsizlik, dron texnologiyaları, süni intellekt əsaslı müdafiə sistemləri, peyk müşahidəsi, kritik infrastrukturun qorunması, enerji obyektlərinin təhlükəsizliyi regional sabitliyin ayrılmaz hissəsinə çevrilir.
 
Dördüncü yol hüququn bərpasıdır. Bu gün dünyada çoxları deyir ki, hüquq arxa plana keçib. Mən isə belə demək istərdim: hüquq arxa plana keçəndə səhnəyə xaos çıxır. Hüquq zəifləyəndə güc danışır, güc danışanda isə kiçik və orta dövlətlərin təhlükəsizlik zəmanəti azalır. Ona görə ölkəmiz üçün beynəlxalq hüquq yalnız idealist şüar deyil, o, həm də milli təhlükəsizlik aləti olmalıdır.
 
Siyasi proseslərin gedişatı Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdikdən sonra beynəlxalq hüququn prinsiplərinə – suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və daxili işlərə qarışmama prinsipinə daha çox istinad etdiyini göstərir. Çünki bu prinsiplər yalnız keçmiş münaqişənin deyil, gələcək təhlükəsizliyin də hüquqi təməlidir.
 
Beləliklə, deyə bilərik ki, Yaxın Şərqdə baş verən hadisələr bizə üç böyük dərs verir:
 
Birinci dərs: coğrafiya taledir, amma diplomatiya həmin taleyi idarə etmək sənətidir.
 
İkinci dərs: texnologiya müharibəni daha dəqiq edə bilər, amma onu daha ədalətli etmir. Süni intellekt hədəfi daha tez seçə bilər, amma müharibənin mənəvi məsuliyyətini insanın üzərindən götürə bilməz.
 
Üçüncü dərs: regional təhlükəsizlik yalnız silahla qorunmur, hüquq, iqtisadiyyat, kommunikasiya, diplomatiya və ictimai etimad birlikdə təhlükəsizlik yaradır.
 
Bugünkü dünyada dövlətlər yalnız ordusunun gücü ilə deyil, həm də diplomatiyasının çevikliyi, hüquqi mövqeyinin əsaslılığı, texnoloji hazırlığı və iqtisadi bağlantıları ilə ayaqda qalır.
 
Ölkə başçısı cənab İlham Əliyevin genis diapazonlu və incə hesablanmış siyasi strategiyası prizmasından baxdıqda Azərbaycan üçün əsas strateji xətti isə belə ifadə edə bilərik: Heç bir blokun kor alətinə çevrilmədən, bütün tərəflərlə danışa bilən, öz milli maraqlarını hüquq və güc balansı içində qoruyan, regionda sülhün və bağlantıların mərkəzinə çevrilən dövlətə çevrilə bilmişik.
 
Yaxın Şərqdə baş verənlər bizə göstərir ki, dünya nizamı dəyişir. Amma dəyişən nizamda ən təhlükəli mövqe passiv müşahidəçi olmaqdır. Azərbaycan isə artıq müşahidəçi deyil. Azərbaycan enerji xəritəsində, nəqliyyat xəritəsində, təhlükəsizlik xəritəsində və diplomatik hesablamalarda nəzərə alınan aktora çevrilib.
 
Yunis Xəlilov
tədqiqatçı-hüquqşünas
Seçilən
49
moderator.az

1Mənbələr