Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Astara, 30 aprel, AZƏRTAC
Bir zamanlar Astara rayonunda geniş yayılmış və kəndlilərin əsas gəlir mənbələrindən biri olan dəfnə yarpağı bu gün daha çox dekorativ bitki kimi diqqət çəkir. Vaxtilə bölgənin iqtisadi həyatında mühüm rol oynayan bu ağac indi əsasən həyət və hasar kənarlarında qalan bir xatirə kimi yaşayır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ötən əsrin 30-cu illərindən etibarən Azərbaycana gətirilən dəfnə ağacı iqlim baxımından ən çox Astara rayonuna uyğunlaşdığı üçün məhz burada geniş şəkildə becərilməyə başlanıb. Həmin dövrdə rayonun bir sıra kəndlərini əhatə edən dəfnə bağları salınıb. Məlumata görə, təkcə Pensər kəndində 20 hektara yaxın dəfnə bağı mövcud olub. Kənd sakini və bioloq Yunis Qulamovun sözlərinə görə, əvvəllər kənddə hasarlar indiki kimi daşdan deyil, əsasən bitkilərdən - dəfnə ağaclarından hazırlanırdı. Bütün həyətlərin ətrafı yaşıl rəngli dəfnə kolları ilə əhatələnirdi, həm qonşular arasında, həm də küçə boyunca bu tip “yaşıl hasarlar” geniş yayılmışdı.
Dəfnə bitkisinin əkilməsi yalnız estetik xarakter daşımır, həm də kənddə yaşıllıq zolaqlarının genişlənməsinə xidmət edirdi. Eyni zamanda, bu sahə sakinlər üçün mühüm qazanc yeri idi, belə ki, toplanan dəfnə yarpaqları qurudularaq təhvil verilir və ailə təsərrüfatlarına əlavə iqtisadi səmərə gətirirdi.
Bu bitki yüksək məhsuldarlığı ilə seçilir və ilboyu ondan yarpaq əldə etmək mümkündür. Bundan əlavə, dəfnə ağacı az qulluq tələb edir və şaxtaya qarşı davamlılığı ilə diqqət çəkir. Bu xüsusiyyətlər onu həm təsərrüfat, həm də yaşıllaşdırma baxımından əlverişli edir.
Kənd sakini Zəbiəli Əliyev bildirir ki, əvvəllər insanlar dəfnə yarpaqlarını yığıb qurudur, daha sonra 1 kiloqramını 80 qəpik -1 manat arası qiymətə satırdılar.
Zəbiəli Əliyev qeyd edir ki, hazırda da kənddə dəfnə əkini davam edir, lakin məhsulun satışı ilə bağlı problemlər yaranıb. “Camaat yenə əkir, amma onu kimə təhvil verəcəyimiz sual altındadır”, – deyə o vurğulayıb.
“Keçmişdə qurudulmuş dəfnə yarpaqları Astaranın Kijəbə qəsəbəsində yerləşən anbarlarda toplanaraq ittifaq ölkələrinə göndərilirdi. Həmin dövrdə dəfnə yarpağı xüsusilə konserv sənayesində geniş istifadə olunurdu. İlin bütün vaxtlarında ondan yarpaq götürmək olur. Üstəlik, çox qulluq istəmir, şaxtaya da davamlıdır. Ona görə də həm becərmək rahatdır, həm də sərfəlidir”, - deyə Zəbiəli Əliyev əlavə edir.
Hazırda vaxtilə geniş əraziləri əhatə edən dəfnə bağları demək olar ki, yoxa çıxıb. Halbuki dəfnə yarpağı dünya bazarında hələ də dəyərli məhsul sayılır və yalnız qida sənayesində deyil, eyni zamanda, tibbi və kosmetik məhsulların hazırlanmasında da geniş tətbiq edilir.
Biologiya üzrə fəlsəfə doktoru Sevinc Hüseynova da dəfnə yarpağının müalicəvi əhəmiyyətə malik olduğunu bildirib. Onun sözlərinə görə, bitkinin tərkibindəki flavonoidlər və digər bioloji aktiv maddələr orqanizmi toksinlərdən təmizləyərək, xüsusilə qaraciyərin sağlamlığını bərpa edir.
Dəfnə yarpağı, eyni zamanda, böyrək funksiyalarını dəstəkləyir və onların təmizlənməsinə kömək edir. S.Hüseynova vurğulayıb ki, bu bitkidən hazırlanan dəmləmənin gündə 2-3 dəfə qəbulu qanda şəkərin səviyyəsini tənzimləməyə kömək edir ki, bu da xüsusilə diabetdən əziyyət çəkən şəxslər üçün olduqca faydalıdır.
Yerli sakinlər bu sahənin yenidən inkişaf etdirilməsi üçün aidiyyəti qurumlara müraciətlər ünvanlayıblar. Onların fikrincə, dəfnəçiliyin bərpası həm yeni iş yerlərinin yaradılmasına, həm də kənd təsərrüfatının inkişafına ciddi töhfə verə bilər.
Müxbir - İlkin Adıyev












Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.