AZ

Azərbaycanın qlobal strateji mövqeyi: Körpü dövlətdən güc mərkəzinə doğru

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycanın xarici siyasət strategiyası son illərdə yalnız regional deyil, eyni zamanda qlobal miqyasda mühüm aktorlardan birinə çevrilməsi üzərində formalaşır. Ölkə Şərq və Qərb arasında strateji körpü rolunu oynayaraq, həm region dövlətləri, həm də dünya gücləri ilə qarşılıqlı maraqlara və suverenliyə hörmət prinsiplərinə əsaslanan bərabərhüquqlu inteqrasiya siyasətini ardıcıl şəkildə davam etdirir. Bu yanaşma Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyini daha da möhkəmləndirir. Xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində hərbi-siyasi və iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, ölkənin regional təsir imkanlarını genişləndirir. Eyni zamanda “Orta Dəhliz” (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) kimi strateji layihələr Azərbaycanın Avrasiyanın əsas nəqliyyat və enerji qovşaqlarından birinə çevrilməsində mühüm rol oynayır. Bu marşrut yalnız yükdaşımaların sürətini artırmır, həm də qitələrarası ticarətdə Azərbaycanın etibarlı və vazkeçilməz tərəfdaş statusunu gücləndirir. Hərbi-strateji müstəvidə isə Azərbaycan Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi əsasında “bir ordu, iki dövlət” prinsipi istiqamətində əməkdaşlığı inkişaf etdirir. Bu sənəd regionda təhlükəsizlik arxitekturasının formalaşmasında mühüm rol oynayır və sabitliyin əsas dayaqlarından biri kimi çıxış edir.

Milli Məclisin deputatı Elçin Mirzəbəyli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanın həyata keçirdiyi çoxvektorlu xarici siyasət kursu ölkəmizi bütövlükdə Avrasiya miqyasında strateji əlaqələndirici gücə çevirib və bu siyasətin əsas sütunlarını türk dünyası ilə inteqrasiyanın dərinləşdirilməsi, nəqliyyat-logistika layihələrinin genişləndirilməsi, həmçinin enerji diplomatiyasının institusionallaşdırılması təşkil edir.

Deputat vurğulayıb ki, Azərbaycan ilə Türkiyənin ortaq siyasi, hərbi və iqtisadi təşəbbüsləri sonradan Türk Dövlətləri Təşkilatı çərçivəsində institusional formaya düşərək bu qurumun formalaşmasında baza rolunu oynayıb: “Bu proses sadəcə ideoloji yaxınlıq deyil, real geosiyasi maraqların uzlaşdırılması və koordinasiyalı fəaliyyətin nəticəsi kimi meydana çıxıb. Azərbaycanın “bir millət, iki dövlət” prinsipindən “bir ordu, iki dövlət” modelinə doğru irəliləməsi regionda mövcud geosiyasi balanslara birbaşa təsir göstərir. Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi, birgə hərbi təlimlər və təhlükəsizlik sahəsində dərinləşən əməkdaşlıq Cənubi Qafqazda yeni güc konfiqurasiyası yaradıb. Bu model təkcə ikitərəfli münasibətlərin inkişafı ilə məhdudlaşmır, eyni zamanda digər türk dövlətləri üçün də inteqrasiya nümunəsi rolunu oynayır. Nəticə etibarilə, türk dünyasında kollektiv təhlükəsizlik konsepsiyasının ilkin konturları formalaşır və bu, regionda xarici təsir imkanlarını məhdudlaşdırmaqla yanaşı, daxili sabitliyi də gücləndirir. Azərbaycanın bu prosesdə aparıcı rol oynaması onun geosiyasi çəkisini daha da artırır”-deyən deputat bildirib ki, Azərbaycanın təşəbbüsü ilə inkişaf etdirilən Orta Dəhliz Avropa ilə Asiyanı birləşdirən alternativ və etibarlı logistika xətti kimi qlobal əhəmiyyət qazanıb.

Qlobal tədarük zəncirlərində baş verən qırılmalar, xüsusilə geosiyasi gərginliklər fonunda bu marşrutun aktuallığını daha da artırıb. Azərbaycan Orta dəhliz üzərində yerləşən əsas tranzit ölkə olmaqla yanaşı, infrastruktur layihələrinə yatırımlar və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi vasitəsilə regional logistik mərkəzə çevrilib və bu mövqeyini getdikcə daha da gücləndirir. Bakı limanı, dəmir yolu şəbəkəsi və azad iqtisadi zonalar bu strategiyanın praktiki dayaqlarıdır”.

“Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və mənbələrin şaxələndirilməsi siyasətinə real töhfə verir. Bu xüsusda Avropa İttifaqı ilə əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə yüksəlir. Münasibətlər artıq yalnız karbohidrogen ixracı ilə məhdudlaşmır, bərpa olunan enerji, xüsusilə Xəzər hövzəsində külək və günəş enerjisinin Avropaya ötürülməsi, həmçinin rəqəmsal kommunikasiya xətlərinin inkişafı kimi yeni istiqamətlər formalaşır. Bu isə qarşılıqlı asılılığı artırmaqla siyasi dialoqun daha praqmatik və dayanıqlı əsaslar üzərində qurulmasına şərait yaradır”-deyən deputat əlavə edib ki, Azərbaycanın həm türk dünyasında hərbi-siyasi inteqrasiyanı dərinləşdirən, həm də Avrasiya məkanında nəqliyyat və enerji marşrutlarının kəsişməsində yerləşən strateji mərkəz rolunu məharətlə yerinə yetirdiyini deyə bilərik.

Elçin Mirzəbəyli bildirib ki, “bir ordu, iki dövlət” modelinin yaratdığı təhlükəsizlik sinerjisi ilə “Orta Dəhliz” və enerji layihələrinin təmin etdiyi iqtisadi üstünlüklər bir-birini tamamlayaraq ölkənin beynəlxalq sistemdə rolunu əhəmiyyətli dərəcədə gücləndirir: “Bu reallıq Azərbaycanın həm regional sabitliyin təmin edilməsində, həm də qlobal əməkdaşlıq platformalarında etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir”.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
bizimyol.info

1Mənbələr