AZ

Siyasi şərhçi: Okamponun fəaliyyəti sifarişli xarakter daşıyır və beynəlxalq hüquqa zidd yanaşmalar nümayiş etdirir

Bakı, 30 aprel, AZƏRTAC

Luis Moreno Okamponun fəaliyyəti siyasi sifarişlərin icrasını əhatə edir. Onun uzun illər boyunca müəyyən dairələrin maraqlarına uyğun şəkildə siyasi ssenarilər qurması faktları bu qənaətə gəlməyə əsas verir.

Bunu AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.

Onun sözlərinə görə, Okamponun fəaliyyəti açıq şəkildə sifarişli xarakter daşıyır və bu şəxsin hesabatları, açıqlamaları əvvəlcədən müəyyən edilmiş siyasi sifarişlərə uyğun hazırlanır: “Bu sənədlər konkret məqsədlərə çatmaq üçün istifadə olunur. Daha əvvəl də Okamponun qərəzli mövqeyi ilə bağlı kifayət qədər faktlar ortaya qoyulub. Onun ölkəmizlə bağlı çıxışlarında faktların selektiv təqdim olunması, kontekstin məqsədli şəkildə dəyişdirilməsi və birtərəfli yanaşma nümayiş etdirməsi artıq sistemli xarakter alıb. Bu isə sifarişli dairələr tərəfindən həyata keçirilən planlı və ardıcıl xəttin tərkib hissəsidir”.

Siyasi şərhçi bildirib ki, Azərbaycana qarşı qarayaxma kampaniyalarında fəal iştirak edən bu şəxsin maddi maraqlar qarşısında fəaliyyət göstərdiyini təsdiqləyən çoxsaylı faktlar mövcuddur. Onun adı ilə bağlı beynəlxalq mediada yayılan qalmaqallar – ofşor əlaqələr, lobbiçilik iddiaları və digər faktlar bu mənzərəni daha aydın göstərir.

Ü.Zülfiqar əlavə edib ki, mediada yer alan məlumatlara əsasən, Okampo keçmişdə mübahisəli şəxslərlə əməkdaşlıq edib və radikal lobbiçilik fəaliyyəti ilə əlaqələndirilib: “Məsələn, onun Liviya mənşəli biznes strukturları ilə işləməsi və müəyyən siyasi proseslərə təsir göstərməyə çalışması barədə məlumatlar ictimaiyyətə açıqlanıb. Eyni zamanda, onun fəaliyyəti ilə bağlı digər qalmaqallı məqamlar – iş yerində etik pozuntular, şəxsi maraqların toqquşması və məhkəmə daxilində mübahisəli qərarlar – beynəlxalq mediada geniş işıqlandırılıb. Bu isə onun peşəkar reputasiyasını şəxsi maraqlarına qurban verdiyini göstərir”.

Siyasi şərhçinin fikrincə, Okampo hüququn dili ilə deyil, siyasi sifarişlərin dili ilə danışır. O, müəyyən dairələrin sifarişləri əsasında hərəkət edir və bu baxımdan onun hüquqşünas deyil, siyasi sifarişləri icra edən bir alət olduğu açıq şəkildə görünür. Okampo faktiki olaraq fəaliyyəti boyunca dövlətlərin daxili məsələlərinə müdaxilə xarakteri daşıyan mövqelər səsləndirib. Bu isə artıq təkcə siyasi ritorika deyil, həm də hüquqi müstəvidə qiymətləndirilməli məsələdir. Çünki beynəlxalq hüququn prinsipləri məhz bu cür müdaxilələrin qarşısını almağa xidmət edir.

Müxbir - Səbinə Əlizadə

Seçilən
34
1
azertag.az

2Mənbələr