AZ

ICESCO “İslam dünyasında xətt və əlyazma” mövzusunda mühazirələrə start verib

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Qahirə, 30 aprel, AZƏRTAC

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) nəzdində fəaliyyət göstərən Xəttatlıq və Əlyazmalar Mərkəzi “İslam dünyasında xətt və əlyazma” mövzusunda mühazirələr silsiləsinə start verib.

AZƏRTAC xəbər verir ki, silsilənin ilk mühazirəsi “İslam sivilizasiyasında aşpazlığa aid əlyazmalar” mövzusuna həsr olunub.

Mühazirə Rabat şəhərində əyani və onlayn formatda keçirilib. Tədbirdə irs və İslam memarlığı üzrə mütəxəssis Xalid Azb məruzə ilə çıxış edib.

Tədbiri açan ICESCO-nun Baş direktorunun müavini Abdulilah Benarəfə İslam dünyasında mətbəx mədəniyyətinin zəngin və qədim irsə malik olduğunu vurğulayıb. O qeyd edib ki, bu irsin müasir mədəniyyətdə daha geniş şəkildə təqdim olunması, eləcə də yalnız mətnlərin nəşri ilə kifayətlənməyib, onların mənbələrinin araşdırılması və tarixi inkişafının izlənilməsi mühüm əhəmiyyət kəsb edir.

Daha sonra Xalid Azb çıxışında İslam sivilizasiyasında kulinariya irsinin mətn və kontekst baxımından öyrənilməsinin vacibliyinə toxunub. O bildirib ki, bu sahədə mətnşünaslıqla yanaşı, arxeoloji yanaşmaların tətbiqi keçmişin daha dolğun şəkildə bərpasına imkan yaradır.

Məruzəçi qeyd edib ki, kulinariya irsi kompleks bir prosesin nəticəsidir. Bu proses kənd təsərrüfatı ilə başlayır, məhsulların daşınması, mətbəx və süfrə qablarının hazırlanması, yeməyin bişirilməsi, təqdimatı və qəbulu mərhələlərini əhatə edir. Bu baxımdan, İslam dünyasında qida anlayışına dair ayrıca elmi yanaşmanın formalaşdırılmasının vacibliyi vurğulanıb.

Sonda mühazirəçi kulinariya mövzusunda yazılmış seçilmiş əlyazmaların siyahısını, eləcə də onlarla bağlı miniatürlər, alətlər və xətt nümunələrini təqdim edib.

Mühazirə çərçivəsində mütəxəssislər və iştirakçılarla açıq müzakirə aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
41
azertag.az

1Mənbələr