Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev sel və daşqınların fəsadlarının aradan qaldırılması və gələcəkdə oxşar halların qarşısının alınması ilə bağlı Sərəncam imzalayıb. Sənədə əsasən, 2026-cı ilin dövlət büdcəsindən Prezidentin ehtiyat fondundan ümumilikdə 85,8 milyon manatdan çox vəsait ayrılıb. Bu vəsait zərər görmüş infrastrukturun bərpası, yaşayış evlərinin təmiri və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə yönəldiləcək.
Mövzu ilə bağlı fikirlərini Redaktor.az-la bölüşən deputat Fəzail İbrahimli bildirdi ki, İlham Əliyev hələ ilk seçkidə elan etdi ki, o, hər bir Azərbaycan vətəndaşının prezidentidir.
"Bu baxış, bu fikir axıra qədər yerinə yetirildi və keçilən bütün dövr ərzində hadisələrə nəzər salsaq, təkcə bunların tezisləri bir neçə səhifəni əhatə edər. Bu gün də təbii olaraq subasma prosesi baş verdi, daşqınlar oldu və kifayət qədər insan bu vəziyyətdən əziyyət çəkdi. Dövlət başçısı bu insanların əzab çəkdiyini çox yaxşı hiss etdi, duydu və bu məsələ ilə bağlı kifayət qədər ciddi addımlar atdı. Aidiyyəti qurumlarla görüşlər keçirdi və nəhayət, evlərini su basmış, kifayət qədər ağır durumda yaşayan insanları vəziyyətdən çıxarmaq üçün bu qədər yardım ayrıldı. Allah eləsin ki, bu yardım ünvanına çatdırılsın və əzab çəkən, sıxıntı içində yaşayan, evləri yararsız hala düşmüş, evlərindəki əşyaları tamamilə sıradan çıxmış insanlar öz həyatlarını rahat davam etdirə bilsinlər. Bu, təbii ki, hər bir Azərbaycan vətəndaşına bu sual verilsə, yalnız alqışa layiq görülər. Bu, humanizmdir, dövlət başçısının diqqətidir və ən əsası isə cənab prezidentin hər bir məsələdə qətiyyətli addımlarının növbəti nümunəsidir", - deyə millət vəkili vurğuladı.
NURİYYƏ