AZ

Keçmiş türmə rəisi: “Məhbuslar hələ də mənə zəng edir”

“Əsasən Bakıda yaşayıram. Amma arada Şuşaya gedib-gəlirəm. Orada iki mərtəbəli evim var. Onu hələ Şuşa işğal olunmamışdan əvvəl tikdirmişdim. Bir çoxunu isə öz əlimlə etmişdim. Türmənin yaxınlığında yerləşir”.

Bu sözləri Musavat.com-a açıqlamasında 1988–1992-ci illərdə Şuşa türməsinin rəisi olmuş polkovnik-leytenant Aydın Abbasov deyib. Onun sözlərinə görə, Şuşaya səfərləri zamanı bəzən öz evində, bəzən isə mehmanxanada qalır:

“Evim hadisələrdən sonra bir qədər yararsız hala düşüb. İki mərtəbəlidir. Hələlik yalnız yataq var, içini tam düzəltməmişəm. Nəvələrim də gedib, oranı gəziblər”.

Sabiq rəis bildirir ki, vaxtilə ermənilərin əsir saxladığı və işgəncələrə məruz qoyduğu keçmiş məhbuslar bu gün də onunla əlaqə saxlayır:

“Bəzən zəng edib türmənin indiki vəziyyətini soruşurlar. Qapısı hazırda bağlı saxlanılır, nəzarət gücləndirilib. Türmənin muzeyə çevrilməsi planlaşdırılır, amma hələ konkret iş görülməyib. Məndən tez-tez binanın əvvəlki vəziyyəti ilə bağlı məlumat istəyirlər”.

susa343.jpg

Qeyd edək ki, Şuşa türməsi XIX əsrin ortalarında Xan qızı Natəvanın vəsaiti hesabına inşa edilib. O dövrdə şuşalı məhkumlar Gəncədə saxlanılırdı və yaxınları onları ziyarət etmək üçün uzun yol qət edirdi. Bu çətinliyi aradan qaldırmaq məqsədilə Natəvan Şuşada həbsxananın tikintisinə dəstək verib.

Tarixi abidə sayılan həbsxana Şuşa qalasının şərq hissəsində yerləşir və qala divarlarının bir hissəsi onun tikintisində istifadə olunub. SSRİ dövründə qapalı tipli cəzaçəkmə müəssisəsi kimi fəaliyyət göstərən bu məkan ən ağır cinayətkarların saxlanıldığı yerlərdən biri olub.

1992-ci il mayın 8-də Şuşanın işğalından sonra həbsxana ermənilər tərəfindən də istifadə olunub. Bu müddətdə həm hərbçilər, həm də mülki azərbaycanlılar burada ağır işgəncələrə məruz qalıb.

İki əsrə yaxın yaşı olan Şuşa türməsi təkcə memarlıq abidəsi deyil, həm də Azərbaycanın yaxın tarixində baş verən faciələrin canlı şahidlərindən biri kimi qiymətləndirilir. Bu gün onun gələcək taleyi–muzeyə çevrilməsi məsələsi isə hələ də açıq qalır.

shush-1617610834.jpg


Şahanə Rəhimli
Musavat.com

Seçilən
44
musavat.com

1Mənbələr