AZ

Məqsədim asan pul qazanmaq olub ABŞ yə getmək istəyən şəxsləri aldatdı

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Naxçıvan Muxtar Respublikasının Babək rayon sakini, 2006-cı il təvəllüdlü Polad sosial şəbəkə üzərindən tanıdığı Məhəmməd İsmayılova qarşı dələduzluq edib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, Polad özgənin əmlakını ələ keçirmək məqsədi ilə instaqram sosial şəbəkəsində istifadə etdiyi “75.polad” profilindən həmin sosial şəbəkədə “xaricdeheyat” səhifəsində paylaşılmış postun rəy bölməsinə “ABŞ-a viza dəstəyi göstərilir” rəyini yazdıqdan sonra onunla mesaj bölməsində əlaqə saxlayan “mehemmedismayilov” profilini işlədən Məhəmməd İsmayılovun etibarından sui-istifadə edib. Ona Amerika Birləşmiş Ştatlarına (ABŞ) getməsi üçün viza alacağına dair yalan vəd verib və aldatma yolu ilə ondan ümumilikdə 2705 manatını ələ keçirib. İş üzrə izahat verən Polad ona elan olunmuş Cinayət Məcəlləsinin 178.1-ci maddəsi üzrə ittihamı qəbul edib və özünü təqsirli bilib. Polad ifadəsində göstərib ki, onun barəsində şikayət edən Məhəmmədi şəxsən tanımır:“Mən “Instagram” sosial şəbəkəsində “75.polad” səhifəsini işlətmişəm. 2023-cü ildə “İnstagram” sosial şəbəkəsində “xaricdeheyat” səhifəsində paylaşılan bir postun rəy bölməsində “Xaricdə viza dəstəyi göstərilir” ifadəsini qeyd etmişəm. Həmin rəydən səhifəyə keçid edən Məhəmməd adlı istifadəçi mənimlə mesaj bölməsindən əlaqə saxladı. Özümü xarici ölkələrə viza dəstəyi göstərən şirkətin işçisi kimi təqdim etdim. Həmin şəxsə müxtəlif vədlər verərək, artıq bir neçə vətəndaşı xarici ölkəyə göndərdiyimi və onların uğurlarının olmasını bildirdim. Həmin şəxsdə işə həqiqi marağı yaratmaq və əməllərimi pərdələmək üçün internetdən götürdüyüm bir neçə şəxsin də şəxsiyyət vəsiqələrinin fotoşəkillərini ona göndərdim”. Təqsirləndirilən şəxs qeyd edib ki, Məhəmmədlə səmimi münasibət qurduqdan sonra ona “K1” adlı viza ilə onu xarici ölkəyə göndərə biləcəyini deyib: “Bundan sonra ona votsap sosial şəbəkəsində istifadə etdiyim mobil nömrəmi ona verdim. Məhəmmədlə votsapla danışmağa və onu daha da işin alınacağına inandırmağa çalışdım. Məqsədim ondan pul almaq və ələ keçirmək olub. Ona şəxsiyyət vəsiqəmin şəklini də göndərdim. Bir müddət onda inam yaratdıqdan sonra müxtəlif rüsumların ödəniləcəyi adı ilə pullar istədim. Məhəmmədə “M10” pul köçürmə sistemində qeydiyyatdan keçirdiyim mobil nömrəmi verdim. Əvvəlcə ondan 55 manat qeydiyyat rüsumu istədim. Məhəmməd həmin məbləği göndərdi. Sonra ondan əlavə rüsumların olmasını yalandan vəd verərək müxtəlif məbləğlərdə pullar istədim və həmin pulları ondan aldım. Məhəmməddən ümumilikdə 2705 manat almışam”. Poladın ifadəsinə görə, daha sonra Məhəmmədə işin alınmadığını, əlavə 5000 ABŞ dolları lazım olduğunu deyib: “Məhəmməd mənə pul göndərmədi və əvvəl verdiyi pulunu geri istəməyə başladı. Məhəmməddən dələduzluq yolu ilə aldığım pulları nağdlaşdıraraq öz tələbatlarıma xərcləmişəm. Məhəmmədə verdiyim vədin yalan olmasını qeyd etmişəm. Mən ABŞ-a viza düzəldilməsi fəaliyyəti ilə məşğul olan heç bir şirkətdə işləmirəm. Elə bir şirkət də tanımıram. Ümumiyyətlə orta təhsilliyəm, heç bir xarici ölkədə olmamışam. Məqsədim asan yolla pul qazanmaq olub”. Təqsirləndirilən şəxs ifadəsinin sonunda törətdiyi əməldən peşman olduğunu, cinayət əməli nəticəsində dəymiş ziyanı ödəyərək, zərərçəkmiş şəxslə barışıq əldə etməsini bildirib. O, barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının tətbiq olunmasını istəyib. Abşeron Rayon Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-cı bəndi tətbiq edilib, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.Təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib. Fariz Məlikli

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
37
demokrat.az

1Mənbələr